Tanınmış yazar Xudayarın anasından üzr istədi
30-04-2021, 15:48
182

Tanınmış yazar Xudayarın anasından üzr istədi

...Bəli Xudayar, sən bir xeymə qurdun, amma dağların başında deyil, Azərbaycan xalqının ürəyində qurdun - dünyanın özü boyda olan xeyməni. Sən qədim-qayım bir xalqın köksünə, ruhuna hopub əbədi oxunacaq bir dastana döndün Xudayar..
Mənim Radə anam, dillərimizin əzbəri olan Xudayarı min bir əziyyətlər bahasına yetişdirib cəmiyyətimizə təqdim etdiyiniz üçün qabarlı əllərinizdən öpürəm. Sizin fəxarət dolu söhbətlərinizə, müsahibələrinizə dəfələrlə qulaq asıb, qürurunuza, alicənablığınıza heyran qalmışam..
Doğru deyilib - Vətən yaxşıdır - amma nə etməli ki, Xudayarların uf demədən canlarından keçdiyi bu vətən torpağı bəzən....qara tikanlar da bitirir.
Mənim gözəl anam, siz təkcə Xudayarın deyil, minlərlə şəhidimizin anasısınız. Sizin yaşadığınız acı hissləri sizin qədər mümkün olmasa da  mən də yaşayır, bu sətirləri göz yaşlarımın müşahiəti ilə yazıram. Sizdən müqəddəs analığınız xatirinə rica edirəm - səviyyəsizlərə, milli və insani dəyərlərdən uzaqlara ciddi önəm verməyin. Razı olmayın ki, bu mövzu uzun müddət gündəmdə qalmaqla Xudayarlarımızın ruhunu incitsin. O hərəkət sahibini vicdanının və hüququn məhkəməsinə buraxın.
Şəxsən mən Fuad Rəsulzadəni tanımıram, amma şəhidlərimizin qanı ilə müqəddəstləşən bu torpağı, eyni vətəndaşlığı bölüşürüksə deməli onun məsuliyyətsizliyindən mənə də pay düşür. Əgər bu günə qədər Fuad özündə cəsarət tapıb Sizdən və Azərbaycan xalqından üzr istəməyibsə, onda mən sizə səslənirəm:
- Hörmətli Radə xanım, mən bir ölkə vətəndaşı olaraq varlığınız qarşısında baş əyir, incidilmiş ürəyinizdən, ağ saçlarınızdan, Şəhid Anası kimi uca məqamınızdan üzr istəyirəm. Əgər mənə bu şərəfi real şəkildə yaşamağa şans tanıtsanız, sözümə dərhal hüzurunuzda əməl etməyə hazıram.

Oxşar xəbərlər