DYP “Toyota Prius”ları kütləvi cərimələyir: katalizator əməliyyatı...
14-05-2021, 11:13
248

DYP “Toyota Prius”ları kütləvi cərimələyir: katalizator əməliyyatı...

Son həftələr Dövlət Yol Polisi tərəfindən “Toyota Prius” markalı avtomobillərdə katalizatorlarin yoxlanılması reydlərinə başlanıb. Anaxeber.info-nun əldə etdiyi məlumata görə, bu yoxlamalar qeyri-adi formada həyata keçirilir. Sürücülərin dediyinə görə, şəhərin bir neçə yerində xüsusi postlar qurulub və maşınlar kütləvi şəkildə cərimə meydançasına aparılır. DYP əməkdaşları “Toyota Prius” avtomobillərinin sahiblərini katalizatorun olmamasına görə 150 manat cərimələyirlər. Bu isə pandemiya dövründə, əhalinin sosial şəraitinin çətin vaxtında vətəndaşları dövlətdən narazı salmaqdır. Üstəlik, nəzərə alsaq ki, bu model maşınların sürücülərinin əksəriyyəti taksi şoferləridir, onlar gündəlik dolanışıq, bir tikə çörək üçün gecə-gündüz çalışırlar, indi hərəsini 150 manat cərimələməklə onların qazancı da əlindən çıxır. Məlumata görə, yüksək tələbat olduğu üçün “dublikat” katalizatorun qiyməti 500-600 manata qaldırılıb. Maşınlara qoyulan qeyri-original katalizator isə maksimum 3-4 aydan sonra yenə öz funksiyasını itirir. Onu da demək lazımdır ki, həmin avtomobillər hibrid olduğu və yanacaq sərfiyyatı az olduğu üçün taksi fəaliyyəti daha münasibdir. Amma DYP əməkdaşlarının bu yoxlamaları sürücülərdə kütləvi narazılıq yaratmağa başlayıb. Bu, işsizlərin artmasına gətirib çıxara bilər. Sürücülərin sözlərinə görə, bütün günahı onların boynuna biçmək olmaz, çünki avtomobillərin əksəriyyətinin yürüşü 150 min km-dən artıqdır. Bu isə o deməkdir ki, elə həmin maşınların da katalizatoru öz funksiyasını itirib. İkincisi, ölkəyə daxil olan avtomobillərin, əsasən də “Toyota Prius”ların böyük əksəriyyəti katalizatorsuz gəlir. O zaman sürücünün günahı nədir? Nə üçün bu maşınlar idxal olunanda, texniki baxış zamanı katalizatorların olmadığı əvvəlcədən müəyyən edilməyib? Ən mühüm məsələ isə DYP-nin texniki baxışından necə keçib? Əgər avtomobil texniki baxışdan keçibsə belə, təkrar yoxlanışa cəlb etməkdə məqsəd nədir? Yeri gəlmişkən, “Toyota Prius” avtomobilləri qət etdiyi məsafənin yalnız yarı hissəsində mühərrik işlədir. Yəni ekologiyaya daha az ziyan vururlar, nəinki 4000-5000 kub sm mühərriki olan avtomobillər... Sürücülər bildirirlər ki, onlar Prezidentə və Daxili İşlər naziri Vilayət Eyvazova güvənirlər, bu məsələ ilə bağlı müvafiq tapşırıq olacağına ümid edirlər. Sürücülər deyirlər ki, DİN rəhbərliyi tərəfindən pandemiya dövrü olduğu və maşınlarda katalizatorun yoxluğunun onlardan asılı səbəb olmadığı nəzərə alınaraq, müsbət addım atılacaq.

Oxşar xəbərlər