Daha bir qazi işlə təmin edilib
2-06-2021, 23:24
177

Daha bir qazi işlə təmin edilib

Bir müddət əvvəl Vətən Müharibəsi qazisi Rüstəm Süleymanov Kəlbəcər Rayon İcra Hakimiyyəti başçısının onun işlə təmin edilməsinə maneə yaratması barədə videoçarx yayımlamışdı. O, Kəlbəcər Rayon Mərkəzi Xəstəxanasında daha əvvəllər işlədiyi yerin boş olduğunu bildirərək, işlə təmin edilməməsindən narazılıq edib.
“Qafqazinfo” xəbər verir ki, jurnalist Azər Qismət sözügedən qazi ilə bağlı status paylaşıb.
O bildirib ki, artıq Rüstəm Süleymanov adlı döyüşçü işlə təmin edilib:
“O, bir müddət əvvəl Kəlbəcər Rayon İcra hakimiyyətindən şikayət etmişdi. Əvvəl işlədiyi Kəlbəcər Rayon Mərkəzi Xəstəxanasına işə bərpa olunmasını xahiş edirdi. İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi tərəfindən Kəlbəcər Rayon Mərkəzi Xəstəxanası ilə telefon əlaqəsi yaratdım. Oradan məlumat verdilər ki, adını çəkdiyiniz vətəndaş hazırda Murovdağ qəsəbəsi ASM-də mühafizəçi vəzifəsində işləyir”.
Jurnalist eyni zamanda bildirib ki, qazinin atası Süleymanov Fazil Şahmar oğlu Kəlbəcər Rayon Mərkəzi Xəstəxanası Publiki Hüquqi şəxsin Təxirəsalınmaz Tibbi Yardım şöbəsində sürücü, anası Süleymanova Rəna Mədət qızı Kəlbəcər Rayon Mərkəzi Xəstəxanasında xadimə işləyir.
A.Qismət, həmçinin, Qarabağ döyüşlərində iştirak etmiş hər bir şəxsə individual qaydada yanaşmağı da təklif edir:
“Bəzi qazilərimiz var ki, döyüşə getməzdən əvvəl orta məktəb bitirmişdi, heç bir peşənin sahibi deyildi. İndi onların işlə təminatı üçün özləri ilə müzakirə aparılır. Peşə sahibi olmayan şəxslərə zavod-fabrikdə iş verilməsi heç cür alınmır. Çünki avadanlıq arxasında dayanıb idarə etmək üçün kurslara yazılmalıdır. Yaxud, yaşıllaşdırma idarəsində də işləməyə razılaşmır ki, bizə ayıbdır”.

Oxşar xəbərlər