QAT son erməni terror aktı ilə bağlı sərt bəyanat verdi
4-06-2021, 18:25
335

QAT son erməni terror aktı ilə bağlı sərt bəyanat verdi

Qarabağ Azadlıq Təşkilatı (QAT) son erməni terroru ilə bağlı bəyanat verərək sərt tələblər irəli sürüb: “Azərbaycanın Kəlbəcər rayonu ərazisində ermənilərin yenidən dəhşətli terror aktı törətməsini şiddətlə qınayırıq. Bu dəhşətli cinayət nəticəsində iki jurnalist Məhərrəm İbrahimov və Sirac Abışov, icra nümayəndəsi Arif Əliyev faciəli şəkildə həlak olub, digər şəxslər isə yaralanıb. Növbəti qanlı hadisə ermənilərin terrorçu xarakterini, həmçinin onlarla normal təmas qurmağın, danışıq aparmağın mümkünsüz olduğunu bir daha nümayiş etdirdi. 
 
Biz baş vermiş qanlı hadisədə Ermənistan rəhbərliyini, Dağlıq Qarabağda hələ də sərbəst gəzən hərbi cani, quldurbaşı Araik Arutunyanı, onun ətrafında olan Balasanyan kimi digər quldurları ittiham edirik. Bu hadisəyə görə həmçinin Rusiya rəhbərliyi, regiona yerləşdirilmiş rus sülhməramlılarının təmsilçiləri məsuliyyət daşıyır. Biz onu da qeyd edirik ki, bu cinayətə görə hələ də terrorçu, işğalçı Ermənistan rejimini, Dağlıq Qarabağdakı quldur dəstələrini müdafiə edən, “hərbi əsir” oyunları oynayan, Azərbaycanın haqlı hərəkətlərinə qərəzli münasibət bəsləyən bəzi beynəlxalq təşkilatlar, ayrı-ayrı dövlətlər öz məsuliyyətlərini etiraf etməlidirlər.
Bütün bunları nəzərə alaraq hesab edirik: 
 
1. Rusiya sülhməramlıları erməni terrorçuları, təxribatçıları, quldur dəstələri ilə həddindən artıq loyal davrandıqlarına, onların cinayət əməllərinin qarşısını ala bilmədiklərinə görə dərhal regionu tərk etməlidir.
 
2. Azərbaycan hakimiyyəti və Silahlı Qüvvələri işğaldan azad olunmuş ərazilərə nəzarəti tam ələ götürməli, 10 noyabr 2020-ci il və 11 yanvar 2021-ci il üçtərəfli bəyanatlarına uyğun olaraq bütün ərazilərdə, o cümlədən Xankəndi, Xocalı, Ağdərə bölgələrində suveren hüquqlarını tam bərpa etməli, düşmənin bütün silahlı dəstələrini zərərsizləşdirməli, bütün təxribat, terror cəhdlərinin qarşısını almalıdır.
 
3. Türkiyə Silahlı Qüvvələri beynəlxalq hüquq normalarına, Azərbaycanla ikitərəfli sazişlərə uyğun olaraq dərhal regiona hərbi qüvvə yeritməli, regionda quldur dəstələrinin, terror qruplarının zərərsizləşdirilməsi, sülh, sabitlik və təhlükəsizliyin təmin olunması üçün bütün imkanlarından istifadə etməlidir.
 
4. BMT, ATƏT, Avropa İttifaqı, Avropa Şurası və digər qurumlar, həmçinin ayrı-ayrı dövlətlər Ermənistanın işğalçı, terrorçu, təxribatçı hərəkətlərini qınamalı, ona qarşı sanksiyaların tətbiq olunmasına təşəbbüs etməli, işğalçı, terrorçu, təxribatçı tərəfi müdafiə etmək praktikasına son qoymalı, Azərbaycana qarşı qərəzli mövqeyindən əl çəkməlidir. 
 
Biz bir daha bildiririk ki, Azərbaycan hakimiyyəti İkinci Qarabağ müharibəsində olduğu kimi qətiyyətli, sərt addımlar atmalı və bütün xalq hakimiyyətin ətrafında daha sıx birləşməlidir. Xalq və dövlət birlikdə hərəkət etməli, heç nədən, heç kimdən çəkinməməlidir. Tam Qələbə hökmən bizim olacaqdır!”

Oxşar xəbərlər