İsrail Səudiyyə Ərəbistanının nüvə obyekti tikməsindən narahat olub
21-08-2020, 22:52
287

İsrail Səudiyyə Ərəbistanının nüvə obyekti tikməsindən narahat olub

İsrail Səudiyyə Ərəbistanının nüvə obyekti tikməsindən narahat olub və bunu xüsusi qaydada Tramp administrasiyasının diqqətinə çatdırıb.
Musavat.com xarici agentliklərə istinadən xəbər verir ki, bu barədə “The New York Times” və “The Wall Street Journal” qəzetləri məlumat yayıblar.
Verilən informasiyaya əsasən, İsrailin müdafiə və kəşfiyyat nazirlikləri Səudiyyə Ərəbistanının Çinlə birlikdə paytaxt Ər-Riyaddan bir qədər aralıda xüsusi çalışmalara başladığını təsbit edib. Həmin obyektdə uranın zənginləşdirilməsi üçün əsas material rolunu oynayan “sarı keks” adlandırılan maddənin (uran fluoridi) istehsal olunacağı gözlənilir.
“Mossad”ın yüksək rütbəli bir rəsmisi adı çəkilən mətbu orqanlara hazırkı anda səudiyyəlilərin niyyətini anlamadıqlarını söyləyib. Baş nazir Benyamin Netanyahu isə bu məsələdə ehtiyatlı davranış sərgiləyir. Çünki Səudiyyə Ərəbistanı İsrailin İrana qarşı gizli mütəfiqlərindən biri hesab olunur və israillilər rəsmi Ər-Riyadın bir gün Birləşmiş Ərəb Əmirlikləri kimi onlarla münasibətlərini normallaşdıracaqlarına ümid bəsləyirlər.
İsrail tərəfi Səudiyyə Ərəbistanının atom energetikası sahəsində Çini seçməsindən də qayğılanıblar. Çünki başqa ölkələrdən fərqli olaraq Çin əməkdaşlıq etdiyi ölkələrin üzərinə nüvə texnologiyalarından mütləq dinc məqsədlərlə istifadə etmək öhdəliyini qoymur.

Oxşar xəbərlər