Bərdə sakinləri yolu bağlamaq istəyir - Baba Rzayevə müraciət
30-06-2021, 15:54
312

Bərdə sakinləri yolu bağlamaq istəyir - Baba Rzayevə müraciət

Bərdə rayonu Şatırlı sovetliyinin Hacılı kəndində sovetdənqalma transformator partlayaraq yanıb.  
HİT.Az xəbər verir ki, bundan sonra sakinlər "Azərenerji"nin prezidenti Baba Rzayevə müraciət edib, şikayət ünvanlayıblar. Şikayətdə bildirilir ki, transformatorun 2 ay ərzində növbəti dəfə partlaması kənd sakinlərini ciddi etirazına səbəb olub.  
Həmin məktubda həmçinin deyilir: "Hörmətli Baba Rzayev, biz sovetdənqalma transformatorun ümidinə qalmışıq. Çırağımız tez-tez sönür. Bizim şikayətimizə baxan yoxdur. Biz məcburuq ki, Bakı-Bərdə yolunu bağlayaq. Xahiş edirik ki, tədbir görəsiniz”.
Kənd sakinləri deyir ki, illərdir transformatorun dəyişdiriləcəyi ilə bağlı onlara vəd verirlər.
"Rayondakılar deyirlər ki, imkan yoxdur, transformatoru dəyişməyəcəyik. Şikayət edirik, gəlib transformatoru rəngləyib gedirlər. Şikayət edirik, gəlib transformatorun ətrafındakı ot-ələfi təmizləyib, işlərini bitmiş sayırlar. Boğaza yığılmışıq, kənddə elə bir ev yoxdur ki, orada elektrik cihazı sıradan çıxmamış olsun. Nə qədər televizor, soyuducu təmir etdirmək olar?” – deyə kənd sakinləri etirazlarını bildirmişdilər. 
Şikayətə "Azərenerji"dən operativ reaksiya verilib və kəndə transformator gətirilib, lakin quraşdırılmayıb. Sakinlərə deyiblər ki, gedin transformatorun alt hissəsini tikin, elektrik xəttlərinin keçdiyi əraziləri təmizləyin. Bu tapşırıq işıq böhranından boğaza yığılan kənd sakinləri tərəfindən 2 gün ərzində yerinə yetirilib. Bu haqda "Azərenerji"yə məlumat verilib və transformatorun, nəhayət ki, quraşdırılması istənilib. Bundan sonra isə sakinlərə deyiblər ki, gedin şalbanların yerini metr yarım dərinliyində qazıyın. Sakinlər də deyir ki, bunun üçün xüsusi texnika lazımdır, o da rayonda yoxdur:
"Transformatoru gətirib, kəndin yol ayrıcına atıb getdilər. Bizə nə tapşırıq verdilər, imkanlarımız daxilində etdik. Baba Rzayevə bir daha müraciət edirik, transformatorun quraşdırılması üçün təcili tapşırıq versin. Bizim Bakı-Bərdə yolunu bağlamaqdan başqa yolumuz qalmayıb".


Oxşar xəbərlər