Əlacsız ata övladı üçün kömək istəyir - VİDEO
30-06-2021, 19:44
203

Əlacsız ata övladı üçün kömək istəyir - VİDEO

“Adım Əbülfəzdir. Şabran rayonundanam. Sinif yoldaşlarımla birgə məktəbə getmək istəyirəm. Yaxşı müəllimlərim olub. Yaxşı dostlarım var məktəbdə. Çətinlik çəkirəm deyə, məktəbə gedə bilmirəm. İstəyirəm ki, dostlarım kimi mən də məktəbə gedim. İstəyirəm ki, məni müalicəyə aparsınlar. Bu mənim ən böyük arzumdur – müalicə olunum, məktəbə gedim”,-bunu redaksiyamıza 11 yaşlı Əbülfəz Hacızadə göndərib.
Əbülfəz Hacızadəyə həkimlər “əzələ distrofiyası” diaqnozu qoyublar. 2-ci sinfə qədər çətinliklə də olsa yeriyə bilən uşağın xəstəliyi günü-gündən inkişaf edib, onu taqətdən salıb. Hazırda Əbülfəz Hacızadə yeriyə bilmir. Nitqi, əqli inkişafı yaşıdlarından geri qalmır. Ev şəraitində müəllimlər ona dərs keçir. Xəstəlik isə inkişafdadır.
Şabranın Şahnəzərli kəndində ailəsi ilə birgə yaşayan Əbülfəz Hacızadənin atası Əlisadiq Hacızadə deyir ki, oğlunun müalicəsi üçün ailə əllərindən gələni edib. Üz tutduqları ünvanlarda 11 yaşlı Əbülfəzin müalicəsinin Azərbaycanda olmadığını deyiblər.
Hacızadələrin övladlarını xaricdə müalicə etdirmək imkanları yoxdur: “Azərbaycanda elə bir həkim qalmayıb ki, onun qəbuluna getməyək. Hər çətinliyə dözüb əlimizdən gələni əsirgəmədik ki, uşaq yerisin, öz dostları ilə məktəbə getsin, uşaqlığını yaşasın. Əbülfəzdə xəstəlik hər gün daha da inkişaf edir. Allahdan ümidimizi üzməmişik. Azərbaycan xalqından kömək istəyirəm. Mənə kömək edin. Övladım “əzələ distrofiyası, miopatiya” diaqnozundan əziyyət çəkir. Xəstəlik proqressivləşib. Araşdırmışam, oğlumun müalicəsi Türkiyənin Ankara şəhərində, Hacəttəpə Universitetində Haluk Topaloğlu tərəfindən aparıla bilər”.

Əlisadiq Hacızadə deyib ki, oğluna 3 dəfə kök hüceyrə köçürülməlidir:
“Ölkə başçısına, Mehriban xanıma dəfələrlə müraciət etmişəm. Başa düşürəm ki, ölkə müharibədən çıxıb, qazilərimiz var, onların müalicəsi aparılır. Xahiş edirəm ki, övladıma kömək edilsin. Bir valideyn kimi xahiş edirəm, övladımın gözümün qarşısında şam kimi əriyib getməsinə imkan verməsinlər. Çox xahiş edirəm”.

Oxşar xəbərlər