Qurban kəsmək üçün maddi gücə sahib olmaq...
5-07-2021, 16:04
237

Qurban kəsmək üçün maddi gücə sahib olmaq...

Ötən yazılarda qurban kəsmək üçün lazım olan şərtlərdən (müsəlman olmaq, ağıl sahibi və yetkinlik yaşına çatmış olmaq, səfərdə olmamaq) bəhs etmişdik. Bu yazıda 4-cü şərt olan qurban kəsmək üçün maddi gücə sahib olmaqdan bəhs edəcəyik.
İslama görə bir şəxs üçün qurban kəsməyin vacib və ya sünnə hökmündə mükəlləfiyyət olması üçün lazımi şərtlərdən biri maddi gücə sahib olmaqdır. Düzdür, günümüzdə maddi imkanı olanlar, misal üçün, kosmik səyahətə çıxa, hətta ay ətrafında bir neçə dövrə vurub yenidən Yer kürəsinə qayıda bilirlər. Məlum olduğu kimi bununla bağlı planlar, layihələr belə var. Ya da maddi imkanı olanlar daha bir çox bu və ya başqa maddi imkan tələb edən işlərə imza ata bilərlər. Ancaq maddi imkana sahib olmaq öz-özlüyündə qurban bayramı günlərində qurban kəsmək üçün kifayət eləmir. Çünki bu yazının əvvəlki bölümlərində də qeyd edildiyi kimi, qurban kəsmək üçün elə birinci şərt müsəlman olmaq və Uca Yaradana (c.c) iman etməkdir. Düzdür, ümumi mənada cömərdlik, başqa insanlara əl tutmaq, yardım əli uzatmaq həm insani  keyfiyyət, həm də insanı saflaşdıran, imana doğru aparan bir xüsusiyyətdir. Məşhur ərəb şairi Fərəzdakın babası Sasaa ibn Naciyə İslamdan əvvəlki cahiliyyə dövründə və hələ müsəlman deyilkən diri-diri torpağa basdırılacaq olan qızların həyatını qurtarmaq üçün bütün maddi sərvətini xərcləmişdi. Həzrət Muhammədə (s.ə.s) peyğəmbərlik veriləndən sonra Sasaa bir gün Onun (s.ə.s) hüzuruna gələrək İslamı qəbul edir. Bu zaman Allah Rəsulundan (s.ə.s) cahiliyyə dövründə etdiyi bu xeyirxah işlərinə görə də bir savab əldə edib-etməyəcəyini soruşur, diri-diri torpağa basdırılmaq üzrə olan 360 qızın həyatını xilas etdiyini, onlardan hər birinin həyatına qarşılıq olaraq iki boğaz və bir minik dəvə verdiyini deyir. Həzrət Peyğəmbərimiz (s.ə.s) də belə buyurur: “Sənə bunlar üçün əcr və mükafat vardır. Etdiyin bu gözəl və xeyirxah əməllərin qarşılığında Cənab Allah (c.c) sənə nemət olaraq İslamı vermişdir (Təbərani, Mucəmul-Kəbir, VIII, 76-77).
Bəzi İslam alimlərinə görə, bir müsəlmana qurban kəsmənin vacib olması üçün zəkat və fitr sədəqəsində tələb olunan maddi gücə sahib olmalıdır. Zəkat və fitr sədəqəsini vermək üçün bir müsəlmanın sahib olmalı olduğu miqdar isə borcları və ailəsinin gündəlik minimum məişət ehtiyaclarından başqa 85 qıram qızıl, ya da buna bərabər olan pula sahib olmaqdır. İslama görə bu qədər maddi gücə sahib olan müsəlmanın Qurban bayramı günlərində qurban kəsməsi lazımdır.
Burada bir sual ortaya çıxa bilər... Müəyyən bir maaşa bağlı olan, digər bir ifadə ilə, yalnız sabit gəlirə sahib olan şəxslər üçün “maddi imkana sahib olmaq” şərti necə hesablanır? Yəni bu kateqoriyada olan şəxslər sahib olduqları büdcə imkanları ilə dara düşmədən və sıxıntı çəkmədən hansı formada qurban kəsə bilərlər? Burada ölçü necə qoyulmalıdır? İslam alimləri bu məsələyə belə bir həll yolu gətirirlər... Aylıq müəyyən bir maaşa, ya da sabit gəlirə bağlı yaşayan insanlar gündəlik minimum məişət ehtiyaclarını çıxdıqdan sonra artıq qalan illik gəlirləri 85 qıram qızıl, ya da bu ekvivalentdəki pula bərabər gəlirsə, qurban kəsmələri lazımdır.
Buradan aydın olur ki, İslamda zəkat, fitq sədəqəsi və qurban kəsmək kimi maddi yönü olan ibadətlərin yerinə yetirilməsi üçün minimum zənginlik ölçüsü şərt qoşulmuş, müəyyən bir maddi imkana sahib olmaq vacib hesab edilmişdir. Bu mənada İslamda minimum zənginlik ölçüsü olaraq müəyyən edilən miqdara nisab miqdarı deyilir. Zəkat və fitr sədəqəsi vermək, həmçinin qurban kəsmək üçün tələb olan minimum zənginlik ölçüsü eynidir. Ancaq burada zəkatla bağlı bəzi fərqli cəhətlər var. Bir müsəlmanın zəkat verməsi üçün lazım olan nisab miqdarı mal (minimum 85 qıram qızıl və ya bu dəyərdəki pul) bir il boyunca həmin şəxsin mülkiyyətində olmalıdır. Yəni yalnız bir il keçdikdən sonra həmin nisab miqdarı maldan müəyyən ölçüdə zəkat verilə bilər. Bir müsəlmanın sahib olduğu nisab miqdarı malın üzərindən bir illik müddət keçmə şərtinin qoyulması və yalnız bir il keçdikdən sonra bu malın zəkatının verilməsinin bəzi səbəbləri vardır. Burada əsas məqsəd qazanılmış bu minimum zənginlik səviyyəsinin nə qədər davam edib-etməyəcəyini müəyyən etmək və yalnız artıq stabilləşən və kövrək olmayan maddi imkan sahiblərindən zəkat almaqdır.
Zəkat ibadətindən fərqli olaraq fitr sədəqəsi və qurban ibadətində bir şəxsin sahib olduğu maddi imkanın bir il boyunca stabil şəkildə davam etmə şərti yoxdur. Yəni Qurban bayramı günlərində bir müsəlmanın qurban kəsməsi, bunun üçün maddi vəsait xərcləməsi üçün zəkat ibadətində olduğu kimi davamlı və stabil bir maddi gəlir sahibi olma şərti axtarılmır. Bir müsəlmanın qurban kəsməklə mükəlləf olması üçün yalnız Qurban bayramı günlərindəki zənginliyi və maddi gücü əsas alınır.
Qurban kəsmənin hökmünün vacib deyil, sünnə olduğunu deyən İslam alimlərinə görə, qurban kəsmək üçün hər hansı bir minimal zənginlik şərti yoxdur. İstəyən maddi imkanı əl verdiyi ölçüdə qurbanını kəsə və sünnə savabı əldə edə bilər.
İslam alimlərinə görə, qurban kəsməyə imkanı olmayanların qurban kəsmək üçün özlərini çətinə salmaları məsləhətli bir davranış deyil. Həmçinin maddi imkanı olmadığı halda sosial təzyiq səbəbilə, ya da bu ibadətdən hasil olacaq savabı itirməmək üçün özünü çətinə salaraq qurban kəsmək doğru əməl hesab edilməmişdir. Bir ailə üçün yalnız bir qurbanın kəsilməsi kifayətdir. Yəni ailədən bir şəxsin qurban kəsməsi ilə ailədə digər fərdlərin qurban kəsmə məsuliyyəti düşmüş olur. Əslində belə bir görüş və fətva minimal nisab miqdarı maddi imkanlarla qurban kəsən ailələr üçün daha uyğun yanaşmadır. Ancaq ailədə maddi güc və imkanları İslamın müəyyən etdiyi minimal nisab miqdarı maldan dəfələrlə çox olan şəxslərin hər birinin ayrı-ayrılıqda qurban kəsmələri də mümkündür və təqdir edilən davranışdır.

Qeyd: Yazının hazırlanmasında “Diyanet İslam İlmihali” əsərindən istifadə edilmişdir.

Oxşar xəbərlər