“Azərbaycanın inkişafı, beynəlxalq nüfuzu Soros şəbəkəsini narahat edir” - Deputat
6-07-2021, 22:42
203

“Azərbaycanın inkişafı, beynəlxalq nüfuzu Soros şəbəkəsini narahat edir” - Deputat

"Almaniya Azərbaycana qarşı törədilən ekoloji terrorda işğalçı ilə tərəfdaş olub. Çünki sənaye tullantılarının Oxçuçaya axıldılmasından Almaniya şirkətinin xəbəri olsa da, ekoloji çirklənmənin qarşısını almaq üçün heç bir əməli addım atmayıb".
 
Bunu Pravda.az-a açıqlamasında Azərbaycan-Almaniya Federativ Respublikası parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvü Elman Nəsirov deyib.
 
Deputat bildirib ki, Ermənistan 30 il müddətində Azərbaycana qarşı təkcə ərazi təcavüzü siyasətini deyil, həmçinin terror və onun xüsusi növü olan ekoloji terroru həyata keçirib: "Azərbaycanın meşə ərazisinin yandırılması, taxıl zəmilərinin məhvi, o cümlədən Metsamor Atom Elektrik Stansiyasının tullantılarının bizim ərazilərdə basdırılması və nəhayət, mənbəyi Ermənistanda olub Azərbaycan ərazisindən axan çayların çirkləndirilməsi Ermənistanın Azərbaycana qarşı ekoloji terror törətdiyini sübut edir. Oxçuçay da bu məsələdə istisna deyil. Bildiyimiz kimi, tərkibi çox ağır metallarla çirkləndirilən bu çay Araz çayı ilə qovuşur və deməli, Oxçuçay vasitəsilə ermənilər Araz çayının da ekoloji mühitini korlayırlar. Oxçuçaya mədən-emal sənayesi tullantıları da axıdılır. Araz çayının suyundan həm təsərrüfat, həm də məişətdə istifadə olunduğu nəzərə alsaq, məsələnin nə qədər ciddi olduğunu anlayarıq. Bu, bir daha sübut edir ki, Ermənistan hələ də ölkəmizə qarşı ekoloji terroru davam etdirir. Burada diqqətdən yayınmayan məsələlərdən biri də, Almaniya şirkətlərinin həmin mədən emal sənayesinin səhmdarlarından olmasıdır. Yəni, sənayenin tullantılarının Oxçuçaya axıdılması Almaniya şirkətinin gözünün önündə baş verib. Lakin buna baxmayaraq, ekoloji çirklənmənin qarşısının alınması üçün heç bir əməli addım atılmayıb”.
 
E.Nəsirov həmçinin Azərbaycanın mövzu ilə bağlı Almaniya səfirliyi qarşısında məsələ qaldırması barədə də danışıb: "Beləliklə səfirliyin məlumatı da müəmmalı olub. Onlar qeyd ediblər ki, Almaniya bu prosesin iştirakçısı olsa da, şirkətin səhmləri 2019-cu ildə ermənilərə təhvil verilib. Belə çıxır ki, Almaniya ölkəmizin ekoloji mühitinin çirkləndirilməsi posesində 2019-cu ilə qədər iştirak etdiyini etiraf edib. Son 2 ildə iştirak etməmək onları məsuliyyətdən yayındırmır. Bu, müasir beynəlxalq norma və prinsiplərə ziddir və beynəlxalq konvensiyaların pozulması deməkdir. Həmçinin hüquqi məsuliyyət yaradır. Almaniya tərəfi yaxşı bilir ki, anoloji vəziyyətlər yarandığı halda, beynəlxalq məhkəmələrdə ciddi çəkişmələrlə üz-üzə qala bilər. Burada həmçinin təzminat məsələsi də gündəmə gətirilməsi mümkündür. Odur ki, fikrimcə, Almaniya şirkəti vəziyyəti düzgün şərh edərək üzr istəməli və eyni zamanda, hüquqi müstəvidə üzərinə düşən öhdəlikləri yerinə yetirməlidir. Bu, Azərbaycana qarşı törədilən ekoloji terrorda işğalçı ilə tərəfdaş olmaqdır".
 
Parlamentin üzvü Almaniya mətbuatının Soros şəbəkəsi vasitəsilə Azərbaycana qarşı daim qarayaxma kampaniyası aparması barədə də münasibət bildirib: "Cənab Prezident İlham Əliyevin müəyyən etdiyi xarici siyasət kursu Azərbaycanın mövqelərini beynəlxalq aləmdə gücləndirib. Lakin təəssüflər olsun ki, bizim dostlarımızla yanaşı, bədxahlarımız da var. Onlar gecə-gündüz Azərbaycana qarşı qarayaxma kampaniyasını davam etdirirlər. Belə çirkli kampaniyalarının təşkilatçısı kimi bir çox hallarda Soros şəbəkəsinin adı hallanır. Sorosun adı məhz postsovet məkanında rəngli inqilabları həyata keçirən bir şəxs kimi məşhurdur. Sorosun ayırdığı vəsaitlər hesabına ayrı-ayrı dövlətlərin suveren hüquqlarına müdaxilə edilir, hakimiyyət çevrilişləri reallaşdırılır. Bununla da daha böyük siyasi dairələrin maraqları təmin edilir. Azərbaycanın inkişafı, beynəlxalq nüfuzu anti-azərbaycan siyasi dairələrinin yuxusuna haram qatır. Burada Soros şəbəkəsi aktiv iştirak edir. Bu şəbəkə qarayaxma kampaniyasına ayrı-ayrı ölkələrin media orqanlarından da istifadə edir. Təbii, Almaniya mediası da bu mənada istisna deyil. Məhz Soros şəbəkəsinin vasitəçiliyi ilə Almaniya mətbuatı zaman-zaman Azərbaycan əleyhinə kampaniyaları həyata keçirir və dövlətimizin haqq işini beynəlxalq aləmdə fərqli ampulada nümayiş etdirməyə çalışır. Həmçinin bir çox hallarda 30 ilə yaxın torpaqlarımızı işğal altında saxlayan Ermənistana dəstək verirlər. Lakin Azərbaycanla bu cür təzyiq üsulu ilə danışmaq onlara fayda verməyəcək. Azərbaycan güclü dövlətdir və dövlətimizin güclü lideri var. Xalq da birmənalı olaraq öz Prezidentini müdafiə edir və dəstəkləyir. Yəni, belə olan vəziyyətdə Azərbaycanla diktə yolu ilə danışmaq mənasızdır".

Oxşar xəbərlər