“Peyvənd olunmayan adamların toya buraxılmaması ədalətli qərar deyil“
13-07-2021, 13:53
144

“Peyvənd olunmayan adamların toya buraxılmaması ədalətli qərar deyil“

Ötən gün Milli Məclisin keçirilən iclasında deputat Nigar Arpadarai COVİD pasportu ilə bağlı ciddi müzakirələrə ehtiyacın olduğunu deyib. O qeyd edib ki, COVİD pasportlarının tətbiqinin müzakirələrdən kənar qalması təəssüf doğurur. Çünki bunun tətbiqi uzunmüddətli qərardır və vətəndaşların həyatına birbaşa təsiri var. N.Arpadarai həmçinin diqqətə çatdırıb ki, hazırda xroniki xəstəlikləri, allergiyası olan, yaxud şəxsi qərarı ilə peyvənd olunmayanlar sağlamlıq mərkəzlərinə girə bilmirlər. 
Mövzu ilə bağlı Jurnalist Araşdırmaları Mərkəzinin rəhbəri, Yenisabah.az saytının baş redaktoru Seymur Verdizadə "Şərq"ə fikirlərini bölüşüb. O, açıqlamasında diqqətə çatdırıb ki,  ilk növbədə insanların peyvənd olunmasının tərəfdarıdır:
"Bu, həmin insan üçün vacibdir. Həm də bizə lazımdır. Ətrafımızda olan hər kəsin peyvənd olunması yoluxma riskini minimuma endirir. Hazırda yoluxma sayının azalması bizdə arxayınçılıq yaratmamalıdır. Vaksinasiya prosesinə marağı artırmaq, təbliğat işini gücləndirmək lazımdır. Hələlik virusdan qorunmağın yeganə yolu vaksin vurdurmaqdır. Bir halda ki, tibb elmi başqa çıxış yolu tapmayıb, biz hamılıqla bunu etməliyik. Əlbəttə, səhhətinə görə vaksin vurdurmayan insanlar da var. Kiminsə peyvənd olunmaması onun cəmiyyətdən təcrid olunmasına gətirib çıxarmamalıdır. Bu, insan hüquqlarının kobud şəkildə pozulması deməkdir. Bəs nə etməli? Məncə, çıxış yolu tapılmalıdır". 
S.Verdizadə əlavə edib ki, səhhətindəki problemlə əlaqədar peyvənd olunmayan adamların toya buraxılmamsı ədalətli qərar deyil: "Hesab edirəm ki, həmin şəxslər ayda bir dəfə dövlət hesabına koronavirus testindən keçməlidirlər. Əgər vətəndaşın test cavabı onun yoluxmadığını təsdiq edirsə, bütün qapıları həmin şəxsin üzünə açmaq lazımdır.  Bəlkə də daha yaxşı variantlar var, amma mən bilmirəm. Bu işi bilməli, görməli olan adamlar mütləq çıxış yolu tapmalıdırlar. Biz cəngəllikdə yaşamırıq ki, güclülər, sağlamlar xəstələri, zəifləri sıradan çıxarsın".

Oxşar xəbərlər