Malidəki hərbi çevrilişin arxasında kimlər dayanır?..
25-08-2020, 19:11
331

Malidəki hərbi çevrilişin arxasında kimlər dayanır?..

Ali Rza Taşdelen
“Aydınlık” qəzeti, Türkiyə, 25 avqust 2020-ci il
Avqustun 18-də Fransanın keçmiş koloniyalarından olan Malidə daha bir hərbi çevriliş baş verib. Prezident İbrahim Bubaka Ketaya qarşı edilən hərbi çevrilişdən sonra Keta istefa verdiyini və Parlamentlə Hökuməti ləğv etdiyini elan edib. Keta: “Hakimiyyətdə qalmaq üçün qan tökülməsini istəmirəm. Mən də vəzifəmdən istefa etmək qərarına gəldim”, deyib.
Paytaxt Bamakoda üsyançılar Ketanı, ölkənin baş nazirini və bir çox yüksək səviyyəli dövlət məmurlarını həbs etməyə davam edirlər. “Xalq Qurtuluşu Milli Komitəsi” adı ilə çevrilişi həyata keçirən əsgərlər seçkilərin ən qısa müddətdə keçiriləcəyini elan ediblər.
Bəs çevrilişin arxasında kimlər dayanır?
ABŞ, AB və Fransa verdiyi açıqlamada prezident Ketanın və həbsdə olan digər dövlət rəsmilərinin sərbəst buraxılması və əsgərlərin kazarmalarına geri qayıtması üçün çağırış edib. Təbii olaraq, çevrilişi dəstəklədiklərini deyə bilməzdilər.
Təcrübə ilə müəyyən edilən bir həqiqət var ki, Fransanın keçmiş Afrika koloniyalarında bir çevriliş olubsa, bu çevrilişlərin arxasında həmişə Paris durub. Lakin bu dəfəki çevrilişdə Fransanın rolu mübahisəlidir. Aylardır hökumətə qarşı aparılan nümayişlərin davam etdiyi Malidə Fransaya qarşı açıq bir münasibət var. Buna qarşı olaraq nümayişçilər Rusiyanı müdafiə edir və yalnız Rusiyanın Maliyə kömək edə biləcəyini dilə gətirirlər. Bir neçə aydır ki, Ketanın istefasını tələb edən müxalifət paytaxt Bamakoda çevrilişi dəstəkləyən şənliklər keçirib. Lakin çevrilişin arxasında kimlərin olduğu hələ bəlli deyil.
2013-cü ildən bəri ölkədə 5100 əsgər və baza olan və Mali ordusu daxilində lider mövqe tutan Fransanın çevrilişdən xəbəri olmadığını düşünə bilərikmi?
Hətta AA-nın xəbərinə görə, çevrilişdən əvvəl ABŞ səfirliyi ABŞ vətəndaşlarını diqqətli olmağa çağırıb və bir neçə gün əvvəl bəzi ofislərini boşaldıb.
Mali və çevrilişlər
Daha əvvəl edilən hər üç çevrilişin arxasında Fransa dururdu. 1960-cı ildə Mali Fransadan azad olaraq müstəqilliyini qazanmışdı. Hakimiyyətdə sonuncu çevrilişdə istefa verən İbrahim Bubaka Ketanın atası Modibo Keta var idi.
Ata Keta 1968-ci ildə keçmiş Fransa xarici legioneri olan leytenant Musa Traorinin başçılıq etdiyi hərbi çevriliş nəticəsində devrilmişdi. Musa Traori isə 1991-ci ildə Amadu Tumeni Turi tərəfindən devrildi. Turi isə Amadu Haya Sanoqo tərəfindən 2012-ci ildə devrildi. Qısa müddət sonra da Sanoqo hakimiyyətini Dionkunda Traoriyə təhvil verdi.

İşğalçı Fransa
Ölkənin şimalında güclənən cihadçı terror təşkilatları paytaxt Bamakonu ələ keçirmək üçün cənuba doğru enməyə başladıqda, Traori hökuməti o dövrün prezidenti, Sosial Demokrat Fransua Hollanddan kömək istədi. Fransa ordusu da bu çağırışı bəhanə edərək Malini cihadçı terrorçulardan qurtarmaq üçün 2013-cü il yanvarın əvvəlində Malini işğal etdi.
O dövrün Xarici işlər naziri Luron Fabius jurnalistlərə verdiyi açıqlamada demişdi: “Mali prezidenti bizə zəng edərək “kömək edin, terrorçular paytaxt Bamakoya girməyə hazırlaşırlar” dedi və biz də getdik”. Jurnalistin “Fransa Afrikada jandarm rolunu oynayır?” sualına Fabius: “Xeyr, biz dost ölkəyə terrorçulardan yaxa qurtarmağa kömək edirik”, deyə cavab vermişdi.
Bu işğala qarşı çıxanlar da olmuşdu: “Fransanın Malidəki əməliyyatı yeni müstəmləkəçilikdir. Mali 1960-cı ildən bəri müstəqil bir dövlətdir”. Bu sözlər bir fransız solçunun ağzından çıxmayıb. Bunları Fransanın keçmiş prezidentlərindən biri olan Valeri Jiskar Distan deyib.
Fransua Holland isə:
“Malidəki əməliyyat bir neçə həftə çəkəcək və qısa müddət ərzində qoşunlarımızı geri çəkəcəyik”, demişdi. Lakin 7 ildir ki, onların hərbi bazaları, ağır silahları, döyüş təyyarələri və 5100 əsgəri hələ də Malidədir.
Əl-Qaidə və İŞİD-ə bağlı terror təşkilatları imperialist mərkəzlərdən asılı olmayaraq düşünə bilmirik. Liviyadan Malinin şimalına gətirilən terror təşkilatlarının arxasında kimlər dayanmışdı? Liviyadakı bu terror təşkilatlarına kim dəstək verir və ya nəzarət edirdi? Bu sualların cavabı Fransanın Malini işğal etməsi bəhanəsini də ortaya çıxarır.
Fransa artıq bu “gözlənilməz” zərbəni öz xeyrinə çevirməyin yollarını axtarır. Fransanın dərdi Malini terrorçulardan xilas etmək deyil, əksinə ölkədəki və bölgədəki maraqlarını qorumaqdır.

Oxşar xəbərlər