14 iyul 1969-cu il: Müstəqil və qüdrətli Azərbaycan dövlətinin təməlinin qoyulduğu gün
14-07-2021, 11:03
279

14 iyul 1969-cu il: Müstəqil və qüdrətli Azərbaycan dövlətinin təməlinin qoyulduğu gün

Ulu öndər Heydər Əliyev şəxsi ləyaqət hissini paklıq zirvəsinə qaldırmağı bacaran və bu unikal keyfiyyəti titanik siyasi fəaliyyətinin məhək daşına çevirməyə nail olan böyük şəxsiyyətdir. Bu nadir xüsusiyyəti ilə dünya siyasətində onun rəqibi yoxdur. Yəqin ki, hələ uzun tarixi dövrdə də bu reallıq dəyişməz qalacaqdır. Necə deyərlər, dahilər ən azı 100 ildən bir doğulur. Ötən əsrin 70-ci illərinin əvvəllərində “Literaturnaya qazeta”ya verdiyi məşhur müsahibəsində “Qoy ədalət zəfər çalsın!” deyən Heydər Əliyev özünün milli intibah missiyasının 1969-1982-ci illər tarixi çərçivəsində, sözün həqiqqi mənasında, ədalətin zəfər çalmasına nail oldu. Ölkədə həmin illərdə 213 yeni sənaye müəssisəsi istismara verildi. Bakı məişət kondisionerləri, Salyan plastmas emalı, Sumqayıtda kompressor zavodları, Bakıda tikiş, ayaqqabı hissələri fabrikləri, Şampan şərabı zavodu, Cəncədə ət kombinatı, Qənnadı fabriki, Əlvan metallar emalı zavodu, Lənkəranda konserv zavodu, çay fabriki, Naxçıvanda şüşə qablar zavodu, Kəlbəcərdə “İstisu” mineral su zavodu, Yevlaxda Yunun ilkin emalı fabriki və s. böyük iqtisadi potensialı olan müəssisələr məhz həmin illərdə tikildi. Qeyd edilən 13 il ərzində istehsal olunan sənaye məhsulu öz həcminə görə əvvəlki 50 ildəkinə bərabər idi.
 
Ümummilli lider Heydər Əliyevin titanik fəaliyyətinin nəticəsi olaraq 1981-ci ildə respublika tarixində ilk dəfə olaraq 402 min ton taxıl, 1 mil­yon 151 min ton pambıq, 1milyon 616 min ton üzüm, 644 min ton tərəvəz, 41 min ton bostan məhsulları, 26 min ton yaşıl çay yarpağı, 125 min ton mal-qara və quş əti, 340 min ton süd, 294 milyon ədəd yumurta və 12 min ton yun tədarük edildi.
Ümumən, həmin illərdə kənd təsərrüfatı məhsuldarlığı 2,6 dəfə artdı. “Xalq həmişə öz ziyalıları, öz mədəniyyəti, öz elmi ilə tanınır”,- deyən möhtərəm Heydər Əliyevin sovet Azərbaycanına rəhbərlik etdiyi dövrdə təhsil, səhiyyə, mədəniyyət, incəsənət və milli-mənəvi dəyərlərimizin qorunması və inkişafı sahəsində də ciddi və əhəmiyyətli addımlar atıldı.
Xüsusilə, 1970-1980-ci illərdə ümummilli lider Heydər Əliyevin şəxsi təşəbbüsü və qayğısı sayəsində Azərbaycandan kənarda, keç­miş SSRİ-nin 50-dən artıq böyük şəhərinin 170-dən çox nüfuzlu ali məktəbində respublikamızın xalq təsərrüfatı, elm, təhsil və mədəniyyətinin 80-dən artıq sahəsini əhatə edən və xüsusi ehtiyac du­yulan 250-dən çox ixtisas üzrə 15 mindən artıq azərbaycanlı gəncin ali təhsil almasına, yüksək ixtisaslı mütəxəssislər kimi hazırlanmasına imkan və şəraitin yaradılması təkcə elmi deyil, həm də böyük siyasi əhəmiyyəti olan hadisə idi. Onu da qeyd edək ki, Azərbaycandan kənarda təhsil alanların milli tərkibində azərbaycanlıların sayı 1970-ci ilədək 40 faiz təşkil edirdisə, ümummilli lider Heydər Əliyevin apar­dığı uzaqgörən siyasət nəticəsində 1976-cı ildə müvafiq göstərici 85 faizə, 1977-ci ildə 92 faizə, 1980-ci illərin əvvəllərində isə 97, 6 faizə yüksəlmiş oldu. Bu addımlar öz xarakteri etibarilə strateji məzmun kəsb edirdi. Daha dəqiq desək, bir tərəfdən Azərbaycanın yüksək ixtisas­lı kadrlara olan ehtiyacı təmin edilir, digər tərəfdən potensial Azərbaycan diasporunun formalaşması prosesinin konturları cızılırdı. Təsadüfi deyildir ki, bu gün MDB məkanında Azərbaycan diasporunun sosial tərkibinin böyük bir hissəsini məhz həmin illərdə ulu öndərin xeyir-duası ilə təhsil almış insanlar təşkil edir və onlar müstəqil dövlətimizin maraqlarını təmsil olun­duqları ölkələrdə şərəflə qoruyurlar.
Heydər Əliyev 1969-1982-ci illərdə Sovet İttifaqı çərçivəsində perspektiv müstəqil Azərbaycan dövləti üçün xidmət edə biləcək bütün zəruri addımları atmağa nail oldu. 1991-ci ildə dövlət müstəqilliyini bəyan edən Azərbaycan Respublika­sı, əslində, real suverenliyinə 1993-cü ildə nail oldu. Həmin il xalqın israrlı tələb və xahişindən sonra Heydər Əliyevin hakimiyyətə qayıdışı baş verdi və bununla da Azərbaycanda milli intibah dövrünün ikinci mərhələsi (1993-2003-cü illər) başlandı. Bu dövr ulu öndərin təbirincə desək, “müstəqilliyin əldə edilməsindən daha çətin olan onun qorunması və möhkəmləndirilməsi” ilə xarakterizə olunurdu. Müstəqilliyimiz üçün ən böyük təhdid mənbəyi Ermənistanın təcavüzkar siyasəti ilə bağlı idi.
Yeri gəlmişkən, burada bir həqiqəti də xüsusi olaraq qeyd edək ki, Azərbaycan xalqının ən ağır dərdi olan Dağlıq Qarabağ problemi ilə bağlı ulu öndər Heydər Əliyevin 1969-1982-ci illərdə həyata keçirdiyi siyasətin nəticəsində bu dövrdə erməni millətçiləri bir dəfə də olsun ölkəmizə qarşı ərazi iddiaları ürəklərində qaldı və niyyətlərinin reallaşmasına imkan verilmədi. Prezident İlham Əliyevin Sumqayı­tın 70 illiyinə həsr olunmuş tədbirdə qeyd etdiyi kimi, “1987-ci ildə Heydər Əliyev vəzifədən gedəndən sonra iki həftə keçməmiş erməni millətçiləri Dağlıq Qarabağı Azərbaycandan ayırıb Ermənistana vermək haqqın­da beynəlxalq mətbuatda və sovet mətbuatında məsələ qaldırmışlar. Artıq Dağlıq Qarabağda separatçı meyillərə elə bil ki, yaşıl işıq yan­dırıldı. Heydər Əliyev vəzifədən gedəndən 3 ay sonra Sumqayıt hadisələri baş vermişdir. Sumqayıt hadisələri də məkrli planın tərkib hissəsi idi. Plan ondan ibarət idi ki, Heydər Əliyev hakimiyyətdən getsin. Çünki onun Siyasi Büronun üzvü kimi fəaliyyəti erməni millətçilərə imkan vermirdi ki, məsələ qaldırsınlar”..
Bu şəraitdə dövlətçiliyimiz üçün ən təhlükəli proses separatizm və onun nəticəsində ərazi bütövlüyümüz növbəti dəfə pozulması təhlükəsi ilə bağlı idi. Erməni işğalçılarının aram­sız hücumları, cənubda “Talış Muğan Respublikası”nın elan edilməsi, şimalda “Sadval” təşkilatının ərazi iddiaları və Gəncədə Surət Hüseyno­vun komandir olduğu hərbi hissənin özbaşınalıqları etməsi həmin dövrdə ölkəmizin dəhşətli siyasi kataklizmlər mərhələsində olduğunu bir daha təsdiqləyir. Əslində, respublikamız real vətəndaş müharibəsi astana­sında idi. Ölkədə hakimiyyətsizlik və xaos hökm sürürdü. İnfilyasiya 1992-ci ildə 1174, 1993-cü ildə isə 1080 faiz idi. Qeyd etdiyimiz kimi, yal­nız ümummilli lider Heydər Əliyevin 1993-cü ildə xalqın tələbi və xahişi ilə hakimiyyətə qayıdışından sonra bu ağır problemlər öz həllini tapmağa başladı.
Lakin bu prosesin özü də ha­mar yol ilə getmədi. 1994-cü ilin oktyabr və 1995-ci ilin mart ayla­rında Azərbaycanın müstəqilliyini istəməyən xarici qüvvələrin himayəsi ilə respublikamızda dövlət çevrilişlərinə cəhdlər edildi. Prezident Heydər Əliyevlə xalqın sarsılmaz birliyi bu sınaqlardan da uğurlu çıxışı təmin etdi. Zəmanəmizin dühası olan Heydər Əliyev xalqımızın və dövlətçiliyimizin tarixində xilaskar mis­siyasını yerinə yetirdi.
Ümummilli lider Azərbaycanda demokratik inkişaf proseslərinin də əsasını qoydu. Ölkəmizdə şəxsiyyətin azadlığı və toxunulmazlığı, habelə onların hüquqi müdafiəsi təmin edildi, çoxpartiyalı sistem üçün əsaslar yaradıldı, siyasi plüralizm, vicdan və etiqad azadlığı, azlıqların hüquqları, qanun qarşısında bərabərlik təmin edildi. Azərbaycan Respublikası­nın qanunvericilik aktlarında əks olunan, onun ayrılmaz komponenti olan təqsirsizlik prezumpsiyası təmin edildi. Bundan savayı, Konstitusiya Məhkəməsi, üçpilləli məhkəmə sis­temi, yeni məhkəmə korpusu yara­dıldı, məhkəmələrin müstəqilliyi və prosedur qaydalarının şəffaflaşması təmin edildi, on minlərlə insan amnis­tiya edildi və böyük sayda məhkum bağışlandı, senzura ləğv edildi, KİV-in azadlığı və QHT-lərin sərbəst fəaliyyəti təmin edildi.
Bu prosesdə-demokratik dövlət quruculuğu istiqamətində ümummilli liderin zəngin irsinin öyrənilməsi, təbliği və tətbiqində Azərbaycan Respublikasının Birinci vitse-prezi­denti, UNESCO – nun və ISESCO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondunun xidmətləri müstəsna əhəmiyyət kəsb edir. Başqa sözlə, ulu öndərin irsinin öyrənilməsi istiqamətində irimiqyaslı proqramların həyata keçirilməsini dəstəkləmək, Azərbaycan xalqının rifahının yüksəldilməsinə yönəldilmiş təşəbbüsləri himayə etmək, ölkədə elm, təhsil, mədəniyyət, səhiyyə və idmanın inkişafını təmin edən layihələrə yardımçı olmaq, milli-mənəvi dəyərlərə sadiq gənclərin yetişdirilməsinə və digər mühüm vəzifələrin yerinə yetirilməsinə nail olmaq ölkənin birinci xanı­mının rəhbərlik etdiyi təşkilatın genişmiqyaslı fəaliyyətinin prio­ritet istiqamətlərini təşkil edir və ictimaiyyət tərəfindən olduqca yüksək dəyərləndirilir. Hörmətli Mehriban xa­nımın qazandığı ümumxalq sevgisinin kökündə dayanan əsas amil insanla­rın inamının qazanılması ilə bağlıdır.
Mehriban xanım Əliyeva 2018-ci il fevralın 28 – də Rusiyanın “Rossi­ya-24” kanalına müsahibəsində bu xüsusda haqlı olaraq vurğulayır ki, “ Üzərimə düşən məsuliyyət olduqca böyükdür. Mən Prezidentin etimadını doğrultmalıyam və ən başlıcası isə inamı, ümidi olan insanların etimadını doğrultmalıyam.”
Azərbaycan xalqı qəlbində əbədi heykəlini qoyduğu ulu öndər Heydər Əliyevin siyasi hakimiyyətə ilk gəlişinin 52-ci ildönümünü onun siyasi xətti ətrafında daha sıx və monolit birlik nümayiş etdirərək qeyd edir. Eyni zamanda, xalqımız Heydər Əliyevin fiziki itkisindən nə qədər çox kədərlənsə də, təskinliyini onda tapır ki, bu gün ulu öndərin şah əsəri olan müstəqil Azərbaycan etibarlı əllərdədir, davamlı və di­namik inkişaf tempinə malikdir. Zəmanəmizin dühasından “Ona özüm qədər inanıram və gələcəyinə böyük ümidlər bəsləyirəm”, – qiymətini alan Prezident İlham Əliyev Azərbaycanın bugünkü və gələcək inkişafının təminatçısıdır. O, Azərbaycanın çağdaş tarixinə yeni missiya ilə daxil olmuşdur. Cənab İlham Əliyevin rəhbərliyi altında Azərbaycan özünün milli dövlət quru­culuğu və idarəçiliyinin növbəti şərəfli mərhələsini yaşayır.
Sabitlik, təhlükəsizlik və inkişaf bu mərhələni tam xarakterizə edən ifadələrdir. Sözün həqiqi mənasında, son 18 il ərzində ölkəmizdə sabitlik və əmin-amanlıq hökm sürmüşdür. Azərbaycan bu gün müsəlman dün­yasında bir sabitlik adası kimi tanınır. Təkcə sabitliyin olmaması kifayətdir ki, dövlət xaos və anarxiyaya yuvar­lansın. Qonşu regionlarda və dün­yada baş verən qanlı münaqişələr, toqquşmalar, müharibələr və təhdidlər fonunda ökləmizdə həyat tərzinə çevrilmiş sabitlik mühiti bizim tarixi nailiyyətimiz və sərvətimizdir. Sabit­liyimiz təhlükəsizliymizi şərtləndirir. Sabitlik və təhlükəsizliyimizin təminatçısı Azərbaycan və onun hakimiyyətlə olan monolit birliyi­dir. Səfərbər olunmuş cəmiyyət və vətəndaş həmrəyliyidir. Bu birliyin kökündə dayanan əsas amil xalqın öz Prezidentinə olan inamı, etimadı və etibarı ilə bağlıdır.
Prezidentin xalqının sevgisi­ni qazanmasını şərtləndirən əsas amil isə onun hər hansı beynəlxalq siyasi dairənin və ya dövlətin diktəsi altında deyil, məhz öz xalqının mənafeyindən irəli gələn siyasəti həyata keçirməsidir.
Bəli, Azərbaycan Prezidenti İlham Əliyev bütün dünyada müstəqil siyasət həyata keçirən lider kimi tanınmış və nüfuz sahibi olmuşdur. Müstəqil siyasət həyata keçirmək çətin, mürəkkəb, lakin şərəfli fəaliyyətdir. Dövlət başçısının özünün qeyd etdiyi kim, bu məsələ ən asan olan hər hansı bir böyük dövlətin qanadları altına sığınıb öz siyasətini həyata keçirməkdir. Lakin bu siyasət heç bir halda hakimiyyətin mənbəyi olan xalqın milli mənafeyni nəzərə ala bilməz. Prezident İlham Əliyev üçün hər şeydən ümdə olan məhz milli maraqlardır. Elə bu səbəbdən dövlətimizin rəhbəri İlham Əliyev çətin, lakin şərəfli yolu seçmişdir. Bu yol ardıcıl, sistemli, davamlı və dərinləşən islahatlar yoludur. Bu yol bizə ulu öndər Heydər Əliyevdən mi­ras qalmışdır. Məhz bu yolla getdikdə xalq öz taleyinin sahibi olmuşdur. Məhz bu yolla Prezident İlham Əliyev Azərbaycanı uca zirvələrə aparır. Həmin siyasətin sayəsində müzəffər Azərbaycan Ordusu Ali Baş Koman­dan İlham Əliyevin rəhbərliyi altında torpaqlarımızı Ermənistanın işğalçı silahlı qüvvələrindən azad etmək kimi müqəddəs vəzifəni şərəflə yerinə yetirmişdir.
Elman NƏSİROV,
Milli Məclisin deputatı, Dövlət İdarəçilik Akademiyasının Siyasi Araşdırmalar İnstitutunun direktoru,
siyasi elmlər doktoru, professor

Oxşar xəbərlər