Tanınmış həkimdən sensasion “Delta“ açıqlaması: “Panika yaradırlar“
14-07-2021, 17:00
378

Tanınmış həkimdən sensasion “Delta“ açıqlaması: “Panika yaradırlar“

COVID-19-un “Delta” ştammı qonşu ölkələrdə aşkarlansa da, dünənədək ölkəmizə ayaq açmamışdı. Lakin ötən gün Azərbaycanda 31 nəfərin virusun bu variantının daşıyıcısı olduğu müəyyənləşib. Karantin qaydalarının böyük bir hissəsinin ləğv edildiyi və uzun müddət sonra toyların keçirilməsinə icazə verildiyi bir vaxtda “Delta”nın ölkəmizə də yol tapması cəmiyyətdə müəyyən qədər narahatlıq doğurub. Çünki müxtəlif mənbələrdə ilk dəfə Hindistanda aşkarlanan bu mutasiyanın digərləri ilə müqayisədə daha öldürücü olması barədə fikirlər mövcuddur.
Məsələ ilə bağlı Yenisabah.az-a açıqlama verən Azərbaycan Tibb Universitetinin (ATU) Tədris Terapevtik Klinikasının Şüa diaqnostikası şöbəsinin müdiri Aydın Əliyev ilk olaraq situasiyaya uyğun davranmağın vacibliyini vurğulayıb:
“Düzdür, 31 nəfərdə “Delta” ştammı aşkar edilib, ancaq əvvəlcə bu 31 nəfərin vəziyyətinin necə olmasına baxmaq lazımdır. Əgər xəstəliyi adi qrip kimi keçirirlərsə, onda heç bir panika yaratmaq lazım deyil, normal həyata davam edilməlidir. Həmçinin həmin şəxslərin peyvənd olunub-olunmadığı, reanimasiyaya yerləşdirilib-yerləşdirilmədiyi araşdırılmalıdır. Bu ştamma təzə yoluxanların vəziyyətinin yüngül, yoxsa ağır olduğunu bilmək lazımdır. Ondan sonra uyğun qərar verilməlidir. Virusa tapmaca tapmaq kimi yanaşmaq lazım deyil. Rəsmi qurum açıqlama verir ki, 31 nəfərdə “Delta” ştammı aşkarlanıb, bu isə özlüyündə insanda bir panika yaradır. Bunu detallı açıqlamaq lazımdır, yəni dediyim kimi, 31 nəfərin vəziyyətinin nə yerdə olduğu barədə ətraflı məlumat verilməlidir”.
Həkim “Delta” ştammının digər mutasiyalarla müqayisədə daha təhlükəli olması haqqında səsləndirilən fikirlərin həqiqətə uyğun olmadığını da diqqətə çatdırıb:
“Ümumiyyətlə, “Delta” ştammının digər mutasiyalarla müqayisədə daha təhlükəli olduğunu kim deyir? Bunu hansı elmi məqaləyə əsasən deyirlər? Hindistandakı ölümün səbəbi məhz yoluxmanın çox olmasıydı, bu ştammın öldürücülüyü heç də digərlərindən çox deyil, boş söhbətdir, panika yaradılır. Bəzi media vasitələri insanları alətə çevirir. Yoluxanların hazırkı vəziyyətinə uyğun qərar verilməlidir. Ona görə də hazırda proqnoz vermək bir az qeyri-ciddi məsələdir. Lakin onu deyə bilərəm ki, bugünkü gündə heç bir sərt karantinə ehtiyac yoxdur, bizdə nə olub ki, bir sərt karantin də tətbiq edilsin?!”.

Oxşar xəbərlər