Yeddi Qoşulmama ölkəsi BMT TŞ-nin Azərbaycan əleyhinə qətnaməsini necə neytrallaşdırdı...
15-07-2021, 10:57
181

Yeddi Qoşulmama ölkəsi BMT TŞ-nin Azərbaycan əleyhinə qətnaməsini necə neytrallaşdırdı...

Elman Nəsirov: “Bütün bunlar onu göstərir ki, Prezidentimiz nə qədər müdrük və düşünülmüş sıyasət həyata keçirir”

“Təhlükəsizlik Şurasının bəzi üzvləri 1993-cü ildə qəbul edilmiş BMT TŞ-nin qətnamələrini nəzərə almadan, qərəzli bəyanat qəbul etdirmək cəhdləri göstərdilər”.
 
Bunu Prezident İlham Əliyev Qoşulmama Hərəkatının Xarici işlər nazirlərinin aralıq konfransında çıxışı zamanı deyib.
Ölkə başçısının sözlərinə görə, 2020-ci ilin iyulunda Qoşulmama Hərəkatı Ermənistan silahlı qüvvələrinin dövlət sərhədində törətdiyi hərbi təxribatla bağlı kommünike qəbul edib: “Bundan əlavə, Vətən müharibəsi zamanı - 2020-ci ilin oktyabrında nazirlər səviyyəsində keçirilən onlayn iclas çərçivəsində xüsusi bəyanat qəbul olunub. Bu sənədlərdə Qoşulmama Hərəkatı ölkələri Azərbaycanın ədalətli mövqeyini dəstəkləyib və ərazi bütövlüyünün bərpasına yönəlmiş səylərinə dair Azərbaycanla həmrəyliyini ifadə edib. Bu məqamda mən Vətən müharibəsi zamanı baş vermiş konkret bir hadisəni vurğulamaq istərdim. BMT Təhlükəsizlik Şurasının bəzi üzvləri 1993-cü ildə qəbul edilmiş BMT Təhlükəsizlik Şurasının qətnamələrini nəzərə almadan, qərəzli bəyanat qəbul etdirmək cəhdləri göstərdilər. Lakin Təhlükəsizlik Şurasındakı müzakirələr zamanı Azərbaycanın mövqeyini dəstəkləyən Qoşulmama Hərəkatının yeddi üzvü təkid etdi ki, müzakirə edilən mətnə Təhlükəsizlik Şurasının yuxarıda qeyd olunan qətnamələrinə istinad əlavə edilsin. Qoşulmama Hərəkatı ölkələrinin belə qətiyyətli mövqeyi onların “Bandunq prinsipləri”nə və Hərəkatın dəyərlərinə sadiqliyini nümayiş etdirdi. Biz onların bu mövqeyini ikitərəfli münasibətlərimizdə tarixi dostluq jesti kimi qəbul etdik”.
Məlumat üçün qeyd edək ki, ötən il döyüşlərin getdiyi vaxt BMT TŞ-də Ermənistan-Azərbaycan münaqişəsi ilə bağlı keçirilmiş müzakirələrdə Qoşulmama Hərəkatının və eyni zamanda Təhlükəsizlik Şurasının üzvü olan ölkələr - İndoneziya, Tunis, Niger, Dominikan Respublikası, Vyetnam, Cənubi Afrika Respublikası və Sent-Vinsent və Qrenadin təklif edilən sənəd layihəsinə Təhlükəsizlik Şurasının 1993-cü ildə qəbul edilmiş 822, 853, 874, 884 saylı qətnamələrinə istinadın da daxil edilməsinə dair israrlı mövqe nümayiş etdirdilər. Nəticədə TŞ-nin daimi üzvləri olan ATƏT-in Minsk Qrupunun həmsədr ölkələri hazırladıqları bəyanat layihəsini geri götürməyə məcbur oldular.
Bütün bu deyilənlərin fonunda, hərəkat üzvləri Azərbaycana yönəlik qətnaməni necə neytrallaşdırdılar? Ekspertlər bunu necə dəyərləndirir?
Məsələyə münasibət bildirən millət vəkili, politoloq Elman Nəsirovun sözlərinə görə, ötən müddət ərzində ATƏT-in Minsk Qrupunun fəaliyyəti sıfıra bərabər olub: “Bir çox hallarda isə bu fəaliyyət münaqişənin dondurulmasına yönəlib. Biz bunu Vətən müharibəsi dönəmində bir daha gördük. Xüsusən də Fransa bütün normaları pozaraq prezident, parlament, XİN səviyyəsində Ermənistana açıq-aşkar dəstək verirdi. Bu isə Fransanın həmsədr kimi üzərinə götürdüyü öhtəliklərə zidd idi. Bu azmış kimi, BMT TŞ səviyyəsində Azərbaycana qarşı qətnamə qəbul etmək istəyirdilər. Lakin onların bu cəhdinin qarşısı alındı. Bunu həyata keçirən isə Azərbaycanın sədrlik etdiyi Qoşulmama Hərakatı oldu. Belə ki, QH-də təmsil olunan və BMT TŞ-nin üzvü olan ölkələr qətnamənin əleyhinə səs verdilər. Bununla da qətnamənin qəbul olunması baş tutmadı. Bütün bunlar onu göstərir ki, Azərbaycanın dövlət başçısı nə qədər müdrük və düşünülmüş sıyasət həyata keçirir. Bu bir daha QH-də təmsil olunmağımızın bizim üçün nə qədər əhəmiyyətli olduğunu göstərir. QH-də təmsil olunan dövlətlərin Azərbaycana göstərdiyi bu cür böyük diqqət təsadüfi deyil. Çünki dövlətimiz sədrliyə başlayandan sonra QH-nin qarşısına qoyduğu hədəflərin reallaşması istiqamətində ciddi addımlar atır. Hərəkatda birliyin və həmrəyliyin möhkəmlənməsinə ciddi səy göstərir. Pandemiya dövründə bu istiqamətdə çoxsaylı işlər görüldü. Məhz Prezident İlham Əliyevin təşəbbüsü ilə pandemiyaya qarşı beynəlxalq səyləri birləşdirmək üçün QH adından BMT Baş Məclisinə müraciət olundu. Nəticədə 2020-ci ilin dekabrında BMT Baş Məclisinin pandemiyaya qarşı mübarizə ilə bağlı xüsusi sessiyası keçirildi. Bu, məhz Prezident İlham Əliyevin təşəbbüsü ilə oldu və QH adından reallaşdı. Azərbaycan pandemiya ilə bağlı 30-dan artıq ölkəyə yardım edib”.
Millət vəkilinin fikrincə, bütün bu görülən işlərin nəticəsidir ki, Azərbaycan QH-yə üzv ölkələr arasında bu cür nüfuz qazanıb.

Oxşar xəbərlər