Əməkdaşlığa alternativ müharibə və Ermənistanın süqutudur
16-07-2021, 17:53
154

Əməkdaşlığa alternativ müharibə və Ermənistanın süqutudur

Son günlər Azərbaycanla Ermənistan arasında gərginliyin artması müşahidə olunur. Azərbaycan ordusunun mövqeləri hər gün həm Ermənistan ərazisindən, həm də Qarabağda olan erməni silahlı dəstələri atəşə tutulduğu bildirilir.
İyulun 14-də Prezident İlham Əliyev Xocasən qəsəbəsində şəhid ailələri və müharibə əlillərinə mənzillərin və avtomobillərin təqdim olunması mərasimində çıxışı zamanı bildirib ki, Ermənistan sülh müqaviləsini imzalamağa hazır deyil. «Mən bir neçə dəfə demişəm ki, biz Ermənistanla sülh müqaviləsini imzalamağa hazırıq. Ancaq Ermənistan tərəfindən buna reaksiya yoxdur, rəsmi reaksiya yoxdur. Qeyri-rəsmi kanallarla bizə çatan məlumat budur ki, Ermənistan buna hazır deyil. Hesab edirəm, bu çox böyük bir səhv olacaq. Necə ki, müharibə ərəfəsində və müharibə dövründə Ermənistan tərəfi böyük səhvlər buraxıb, hərbi cinayətlər törədib. Bu, növbəti böyük səhv ola bilər».
İyulun 15-də isə Nikol Paşinyan hökümətinin iclasında bildirib ki, Ermənistan Azərbaycanla sülh anlaşmasına hazırdır. «Lakin bunun yalnız bir yolu var, İlk öncə Dağlıq Qarabağın yekun statusu müəyyən edilməlidir. Bu olmadan sülh anlaşması sadəcə mümkün olmayacaq».
O, qeyd edib ki, Azərbaycan beynəlxalq arenada səsləndirdiyi sülh byanatlarına rəğmən regionda sülhün bərqərar olmasına əngəl törətmək üçün əlindən gələni edir.
Ermənistanla Azərbaycan niyə razılığa gələ bilmir? Baş verən proseslər nə ilə nəticələnə bilər?
Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin üzvü Elman Nəsirov Turana bildirib ki, son günlər Ermənistan silahlı qüvvələrinin müxtəlif istiqamətlərdə atəşkəs rejiminin pozması onu göstərir ki, Ermənistan tərəfi məqsədyönlü şəkildə vəziyyəti gərginləşdirir. «Niyyəti də ondan ibarətdir ki, Azərbaycanla sülh müqaviləsini imzalamağla bağlı təşəbbüsü reallaşmasın».
O, qeyd edib ki, vaxtilə danışıqlar prosesində irəliləyiş baş verərkən dərhal Ermənistan tərəfi hərbi təxribatlara əl atırdı ki, danışıqların nəticələri heçə ensin. «İndi isə sülh müqaviləsi ilə bağlı, söhbətlər aktuallaşıb, Zəngəzur dəhlizinin açılnası ilə bağlı  məsələlər gündəmdədir, bundan savayı sərhədin delimitasiya və demarkasiyası ilə bağlı məsələlər artıq beynəlxalq müzakirə məsələsinə çevirilməkdədir. Bütün bu reallıqların fonunda artıq regionda yeni tarixi şərait yaranır».
Komitə üzvü hesab edir ki, həmin şərait Ermənistan üçün də çox faydalıdır. «Kommunikasiyaların açılması Ermənistanın çökməkdə olan iqtisadiyyatı üçün bir nicat yoludur. Ancaq Ermənistan tərəfi buna getmir».
Deputatın fikrincə, buna səbəb Ermənistandakı revanşist qüvvələridir. «Onlar bu gün də bəhanə axtarırlar ki, Paşinyana qarşı etiraz dalğasını yaratsınlar və bundan maksimum faydalanmaq istəyirlər. Paşinyan da bu situasiyanın girovuna çevrilib. O, bu gün çox gözəl anlayır ki, əməkdaşlığın alternativi yoxdur. Alternativ - müharibə və Ermənistanın sonu deməkdir. Həm də bilir ki, Ermənistan xalqı seçkilərdə ona yox, sülhə səs verib».
E.Nəsirov qeyd edib ki, Nikol Paşinyanın bu gün sülh müqaviləsinin imzalaması yanğın effekti yarada bilər. «Ona görə də o çox ehtiyatlıdır və bir çox hallarda bu cür təxribatlara göz yumur, Azərbaycanı aqressiv hərəkətlərdə ittiham edir».
Onu fikrincə, bu zaman məsələsidir və bir müddət sonra hər şey öz yerini tapacaq. «Vaxtilə də Ermənistan danışıqlardan imtina etdi. Nəticəsi isə biabırçı məğlubiyyət oldu. İndi də Ermənistanın bu cür addımları ona gətirib çıxara bilər ki, Ermənistan çox böyük problemlərlə üz-üzə qala bilər».
Təhlükəsizlik məsələlər üzrə ekspert İlham İsmayıl bildirib ki, istər Azərbaycan-Ermənistan dövlət sərhədində, istərsə də Qarabağdakı təmas xəttində baş verən atışmalar intensivləşib. «Bu, bizim xeyrimizə deyil. Biz istəyirik sülh müqaviləsi imzalansın və ərazi bütövlüyümüz çərçivəsində bu məsələ bitsin, erməni əsilli olan Azərbaycan vətəndaşları yaşadıqları yerlərdə qalıb yaşasınlar. Qarşı tərəf isə bununla razı deyil. Onlar istəmir ki, statussuz Qarabağ olsun».
Ekspert deyir ki, Ermənistanı təhrik edənlər qlobal güclər var. «Bunlar Rusiya, Fransa və ABŞ-dır. Faktiki olaraq Minsk qrupunun həmsədrlərinin Şuşa səfərindən imtinası ilə da onların Ermənistan tərəfində dayanmasını sübut etmək istəyirlər. Üstəlik də Rusiya sülhməramları adı altında Qarabağda uzunmüddətli qalmaq istəyir».
O, qeyd edib ki, prosesin uzanması Ermənistana sərf edir. «Ona görə də onlar təxribatlar törədirlər. Ermənistan tərəfi fikirləşir ki, Azərbaycan nə qədər güzəşt etmirsə, ona beynəlxalq təzyiqini erməni diasporun vasitəsilə artıracaqlar. Buna isə əsas lazımdır. Əsas da həmsədrlərin onlara verdiyi ilhamlandırıcı mesajlardır».
İ.İsmayılın fikrincə bu vəziyyətdən çıxış yolları var. «Çıxış yolu Azərbaycanın 10 noyabr bəyanatının icrasını Rusiya dövlətindən tələb etməsidir. Bu bəyanatın bəndləri yerinə yetirilsə bu, artıq sülhün yarısının həll olunması deməkdir».

Oxşar xəbərlər