Hər səfərində Putin Paşinyanı qəbul edərkən... – İlginc detallar
23-07-2021, 10:24
159

Hər səfərində Putin Paşinyanı qəbul edərkən... – İlginc detallar

Prezident İlham Əliyevin Rusiya Federasiyasına işguzar səfərinə ilk növbədə o prizmadan yanaşmaq lazımdır ki, müharibə bitib və yeni bir reallıq yaranıb. Artıq yeni reallıqlar fonunda həllini gözləyən məsələlər var. Həllini gözləyən məsələlərdən ilk növbədə olanı sülh müqaviləsinin imzalanmasıdır. Digər tərəfdən, kommunikasiyaların bərpası və bu kontekstdə Zəngəzur dəhlizinin işə salınması, eyni zamanda Ermənistanın minalanmış ərazilərin xəritələrini Azərbaycana təhvil verilməsi məsələləri həll olunmalıdır. Baxmayaraq ki, bu istiqamətdə iki dəfə addım atılıb, amma bunlar natamam addımlardır.
Bu fikirləri Teleqraf.com-a Milli Məclisin deputatı Elman Nəsirov deyib.
Onun sözlərinə görə, regionda davamlı sülh və təhlükəsizlik mühitinin formalaşması ilə bağlı birgə addımların atılması prioritetdir: “Bu məsələlərin həlli olduqca vacib və əhəmiyyətlidir. Bunu vacib edən cəhət onunla bağlı idi ki, regionda əməkdaşlıq mühiti üçün təhlükələr yaranmışdı. Ermənistanın atəşkəs rejimini yenidən pozması, sərhədboyu hərbi təxribatlara əl atması şübhəsiz ki, sülh müqaviləsinin imzalanmasına təhlükələr yaradır. Bununla kommunikasiyaların bərpasına da əngəl törədilir. Bu nöqteyi-nəzərdən Rusiya prezidenti ilə aparılan danışıqlarda belə məsələlərin çox ciddi müzakirə predmeti olması da bəllidir”.
Deputat bildirib ki, Prezident İlham Əliyevin Moskva səfəri çox yüksək səviyyədə baş tutub: “Bu, iki ölkə rəhbəri arasında çox sıx, səmimi münasibətlərin olması faktını bir daha təsdiqləyir. Dövlət rəhbərləri bir-birilərini Qurban bayramı münasibətilə təbrik etdilər. Hətta rusiyalı ekspertlər çox haqlı olaraq yazırlar ki, “Putin Paşinyanı qəbul edərkən ona bir müftəxor kimi baxır. Hesab edir ki, o hər səfərində Rusiyadan nəsə qoparmaq istəyir. Amma Azərbaycan Prezidentinə bərabərhüquqlu tərəfdaş kimi münasibət sərgiləyir”. Gözlənilən odur ki, iki ölkə liderinin bu görüşündən sonra region üçün əhəmiyyətli addımların atılsın. Azərbaycanın buna töhvə vermək üçün imkan və potensialı da böyükdür”.
Elman Nəsirov hesab edir ki, artıq Moskva görüşündə müzakirə olunan məsələlərin nəticələri hiss olunmaqdadır: “Bu danışıqların və görüşün ardınca Nikol Paşinyanın nazirlər kabinetinin iclasını keçirərək regionda sülh və əməkdaşlığın alternativinin olmaması ilə bağlı bəyanat verməsi əslində sülh müqaviləsinə Ermənistanın hazır olması kimi yozula bilər.
Bu onu göstərir ki, Azərbaycan və Rusiya prezidentlərinin görüşü Ermənistana və onun rəhbərinə təsiri var. Paşinyan da çox gözəl dərk edir ki, əməkdaşlığın alternativi müharibədir. O müharibə ki, Ermənistanın sonunun başlanğıcı ola bilər. Ona görə də, əməkdaşlıq yolu ilə münasibətlərin inkişafına nail olmaq mümkündür. Rusiya bu əməkdaşlıq yolunu dəstəkləyir”.

Oxşar xəbərlər