
Cəmiyyət
30-07-2021, 16:25
169
Körpəsini Şəhidlər xiyabanına atan qadın danışdı: “Yoldaşım uşağın ondan olmağına inanmır” - FOTO
Bərdə rayon sakini Vüsalə Fərzəliyeva "Qafqazinfo”ya açıqlamasında övladını küçəyə atmasının səbəbini açıqlayıb. Onun sözlərinə görə, əri həmin uşağın ondan olduğuna inanmadığını deyib: "Valideynlərim də dedilər ki, uşağı özünlə gətirmə. Yoldaşım da bu uşağın ondan olduğuna inanmır. Mənim evdə bir şikəst övladım var, 8 aylıq olanda yanıb. Həmin gün uşağı götürüb yoldan keçən maşına mindim və aparıb atdım. Evdən dedilər ki, uşağı atmaq yerinə gərək öldürərdin. Dedim ki, niyə öldürürəm?! Dedilər ki, sənin ucbatından rüsvay olduq”.
Xatırladaq ki, iyulun 22-də Ağcabədi rayonu, Hindarx qəsəbəsinin ərazisində yerləşən "Şəhidlər xiyabanı”nın qarşısında sellofan torbada yeni doğulmuş körpə tapılıb. Ana yeni doğulmuş uşağı ilə birlikdə Bərdə Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.
Eyni zamanda, Baş Prokurorluğun Cinayət təqibindən kənar icraatlar idarəsi tərəfindən ana və övladı nəzarətdə saxlanılaraq, sosial təhlükə vəziyyətinin aydınlaşdırılması, valideynlik hüquqlarının məhdudlaşdırılması üçün əsasların olub-olmamasının müəyyən edilməsi məqsədi ilə ananın yaşadığı yer üzrə Bərdə Rayon İcra Hakimiyyəti yanında Qəyyumluq və Himayəçilik Komissiyasına müraciət edilib.