Kimya müəlliməsindən valideynə təhdid
12-08-2021, 13:09
146

Kimya müəlliməsindən valideynə təhdid

Bu yaxınlarda aktualxeber.az saytında “Müəllimədən ağlasığmaz şantaj üsulu” başlıqlı məqalə dərc etmişdik. Xatırladaq ki, məqalə Əzizova Elmira Məhiş qızının 111 nömrəli orta məktəbin müəlliməsi Şahvələdova Aynur Mahmud qızının onların başına açdığı ağlasığmaz oyunlardan bəhs edən müraciəti əsasında hazırlanmışdı. Belə ki, şikayətçi qeyd edirdi ki, 2017-ci ildə qardaşı oğlu Şəhriyar 11-ci sinifdə oxuyarkən sinif yoldaşı ilə mübahisə edibmiş. Həmin gün sinif rəhbəri A.Şahvələdova uşağın anasına zəng edib ki, mübahisə polisə düşməsin deyə məsələni 700 manata həll edib və bu pul ona çatmalıdı. Pulu tapıb qaytara bilmədiyinə görə valideynlə A.Şahvələdova belə razılığa gəliblər ki, yaxınlıqda yerləşən Seyid adlı şəxsin ərzaq mağazasından müəllimə həmin məbləğdə nisyə ərzaq alsın. Həmin gündən başlayaraq müəllimə mağazadan bir ay ərzində 1200 manatlıq ərzaq alır və borcu da valideynin adına yazdırır. Əsil həngamə də bundan sonra başlayır. Valideynin çarəsizliyindən və hadisəni qaynanasından gizlətdiyindən istifadə edən müəllimə bu işə həyat yoldaşı İlqarı da qoşaraq şantaja əl atırlar. Onlar bildirirlər ki, bu ərzaq almaq hər ay davam etməlidi və əks halda oğlunu, qardaşını hüquq-mühafizə orqanlarında işləyən qohumları vasitəsilə tutduracaqlar, həm də qaynanasına bu hadisəni gizlətdiyini deyəcəklər. Köməksiz və çarəsiz qalan valideyn də bu şantajı yaxınlarında gizlədərək evdə olan qızıllarının bir hissəsini satıb, digərlərini də lombarda qoyaraq Seyidin mağazasına olan borcu bağlamağa çalışıb. Amma borc hər ay artdığından və lombarda da faizlər yığıldığından valideyn məsələni açıb anasına danışır. Anası və qardaşı bu baş verənləri araşdıranda məlum olur ki, hələ dükana 5400 manat borc var və 4 il ərzində şantaj yolu ilə müəllimə valideyndən 50.000 manata yaxın pul alıbdır. Bundan sonra onlar hüquq-mühafizə orqanlarına müraciət ediblər.
Biz məqaləni dərc etdikdən sonra A.Şahvələdova redaksiyamıza zəng edərək öz iradlarını bildirdi və əlində səs yazılarının olduğunu iddia etdi. KİV haqqında qanuna əsasən biz onu əlində olan dəlillərlə bir yerdə mövqeyini öyrənmək məqsədilə redaksiyamıza dəvət etsək də, müəllimə vəd etdiyi vaxtda gəlmədi və zənglərimizə də cavab vermədi. Əksinə həmin gündən başlayaraq valideynə hədə-qorxu dolu ismarıclar göndərməyə başlayıb. Bizdə olan məlumata görə Bakı şəhər Baş Təhsil İdarəsindən də məktəbə gəlib bu qalmaqala aydınlıq gətirməyə çalışıblar. Baş verənlərə əsil hüquqi qiymət isə polisdə gedən araşdırmalardan sonra veriləcəkdir. Ümidvarıq ki, tezliklə obyektiv araşdırma aparılaraq günahkarlar öz layiqli cəzalarını alacaqlar.
Qarşı tərəfi də dinləməyə hazırıq.

Oxşar xəbərlər