Gürcüstan azərbaycanlı biznesmenin milyonlarından imtina edir – Pərdəarxası çəkişmə
28-08-2020, 10:38
434

Gürcüstan azərbaycanlı biznesmenin milyonlarından imtina edir – Pərdəarxası çəkişmə

Yeqor Kuroptev: “Azərbaycan, Gürcüstan, Qazaxıstan, Avropa və Çini birləşdirən iri bir layihənin ləngiməsi kimə sərf edir? Cavab çox sadədir – Moskvaya”
Gürcüstan KİV-ləri “Qafqaz Online” Topdansatış İnternet şirkətinin səhmlərinin 49%-nin 61 milyon dollara satılması barədə məlumat yayıb. Səhmlərin Azərbaycan rəhbərliyinə yaxın bir iş adamı Nəsim Həsənov tərəfindən satın alındığı bildirilir.
Qafqaz Online” qanunu pozaraq, saziş və satış barədə tənzimləyiciyə - Gürcüstan Milli Rabitə Komissiyasına (GNCC) məlumat verməyib. Gürcüstanda bu addım düşmənçilik kimi qiymətləndirilir, hesab edilir ki, şirkət bununla Bakının əlini açmağa və Tiflisin regional internet mərkəzi olmaq təşəbbüsünü ələ keçirməyə kömək edib.
Gürcüstanın sözügedən şirkəti Qara dənizin altından Gürcüstandan Bolqarıstana keçən bir optik kabelin operatorudur. Bu kabel Avropa ilə Cənubi Qafqaz arasındakı ən böyük internet trafik kanalıdır. Şirkətin əsas səhmdarları gürcü investorlarıdır ki, onlardan bəziləri Avropada qeydiyyata alınıblar.
Bu situasiya ilə bağlı cavabı tapılmayan çoxlu suallar var: kim daha haqlıdır və Tiflis bu şirkətin artıq satılan səhmlərini cərimələrin köməyi ilə Azərbaycan vətəndaşına geri qaytarmağa necə məcbur edəcək? Axı, sahibkarımız səhmləri qaytarmaqdan imtina edə bilər.
AYNA-nın mövzuya dair suallarını “Azad Rusiya Fondu”nun Cənubi Qafqazdakı nümayəndəliyinin direktoru Yeqor Kuroptev cavablandırıb. Bildirib ki, əvvəla, uzun müddətdir müzakirə olunan “Qafqaz Online” problemi ilə bağlı bütün mövqeləri dinləmək vacibdir: “Gürcüstan Rabitə Komissiyası bu işlə əlaqədar olaraq “Qafqaz Online”na artıq çox sayda cərimə tətbiq edib. Rabitə Komissiyası ilk dəfə olaraq 2019-cu ilin payızında şirkətin səhmlərinin geri satılması məsələsini qaldırmışdı. Bunda heç bir sirr yox idi. Xatırladım ki, 2019-cu ildə “Qafqaz Online”ın səhmləri azərbaycanlı iş adamına məxsus “Neqsol” şirkətinə satılmışdı. Bakıdakı mənbələrimə görə, o zaman “Neqsol”un sahibləri Gürcüstan şirkətini Avropa ilə Çini birləşdirəcək böyük bir telekommunikasiya layihəsinə qoşmaq üçün satınalma barədə Gürcüstan hakimiyyətinə məlumat verdilər. Bu sövdələşmə Bakı və Tbilisini əsas regional xablara çevirəcəkdi”.

“Ancaq bir neçə ay sonra Rabitə Komissiyası birdən anlaşmanın qanunsuz olduğunu elan etdi. Və bu yay Gürcüstan hakimiyyəti qanunvericilikdə dəyişiklik edərək, Komissiyaya lazımi dəyişiklikləri özləri edə biləcək, hətta, "mübahisəli" şirkətlərə müvəqqəti menecerləri təyin etməyə imkan verən müddəlar əlavə etdi. Göründüyü kimi, bu dəyişikliklər, məhz “Qafqaz Online” ətrafında gedən mübahisələrə görə edilib. Gürcüstanın strateji obyektləri satmağının düzgün olmadığını anlamağa hazıram. Mən, hətta, başa düşərəm ki, bu addımla Gürcüstan özü regional bir xabdan və belə böyük bir rabitə layihəsindən qazanc əldə etmək istəyir. Amma belə bir sula yaranır: 2019-cu ilin avqustunda səhmlər satılan zaman, bu gün haqqında çox danışılan bu "dövlət maraqlar" harada idi? Hər kəs başa düşür ki, ən böyük rabitə operatorunun iri bir paketini səlahiyyətlilərlə, hakimiyyətlə razılaşdırmadan satmaq mümkün deyil. Yəni Kvirikaşvili və Vaxtadze Baş Nazir olarkən “Qafqaz Online”nı “Neqsol”a satmaq mümkün idi, amma artıq Baş Nazir yenidən dəyişəndə bu, mümkün olmadı?”, - ekspert sual edib.
Kuroptev deyib ki, o, Gürcüstanın milli təhlükəsizliyini qorumaq mövqeyini dəstəkləyir: “Və düşünmürəm ki, strateji layihələr, ümumiyyətlə kiməsə satıla bilər. Hətta, qlobal bir görüşdə iştirak etməyi təklif edən vacib bir tərəfdaşa belə. Ayrıca, Gürcüstanın digər bir ortağı - Ermənistan üçün də vacib olan kabel satmağı düzgün saymıram. Ancaq satdılar. İndi də cərimələr tətbiq edir və qanunları dəyişdirirlər. Niyə? Əminəm ki, gürcü cəmiyyəti, iş adamları və Azərbaycan hakimiyyəti bunu bilmək istəyir. Təkcə onlar yox, həm də ABŞ və Avropa İttifaqı. İndi sual yaranır: Azərbaycan, Gürcüstan, Qazaxıstan, Avropa və Çini birləşdirən iri bir layihənin ləngiməsi kimə sərf edir? Cavab sox sadədir – rəsmi Moskvaya. Gürcüstanın və Azərbaycanın daha da möhkəmlənməsi və "böyük işlərdə" iştirak etmələri ruslar üçün heç bir şəkildə sərfəli deyil. Əminəm ki, bu mövzu Bakı ilə Tbilisi arasındakı münasibətlərdə daha bir problemə çevrilib. Bunu Bakının kifayət qədər mənfi reaksiyasından və rəsmi Tbilisinin GNCC şəxsində fəal mövqeyindən görmək olar. Avropa mediası və ekspertləri, eləcə də ABŞ-dan olan bəzi ekspertlər “Qafqaz Online”ın işinə regional və dünya gücləri arasındakı mübarizə prizmasından baxırlar. Gürcüstan kabelinin eksklüzivliyini nəzərə alaraq düşünürəm ki, onların fikrində bir həqiqət var”.
“İndi Bakı ilə Tbilisi arasındakı münasibətlərdə bu fonda nələrin baş verdiyini göstərməyi vacib hesab edirəm, çünki bu, birbaşa müzakirə olunan mövzu ilə bağlıdır. “Qafqaz Online” davası, cərimələr, şübhələr, David Qareci ilə əlaqədar keçən il baş verən “nəzakət mübadiləsi”, əslində paytaxtlar arasında münasibətlərin pisləşməsi ilə nəticələndi. Bakı ilə Yerevan arasındakı son münaqişədə, məlum olduğu kimi, Bakı Tbilisinin rəsmi mövqeyinin olmamasından məmnun deyil. İctimaiyyət üçün bu narazılıq bir daha fərqli bir istiqamətdə - Tbilisini Ermənistana silah daşımaqda ittiham etmək cəhdi ilə üzə çıxdı. İki ay yarım ərzində Gürcüstan Azərbaycan səfirini təsdiq etmir. Bu müddət diplomatik dairələrdə olduqca uzun müddət hesab olunur. Sonra səfir təsdiqlənir və dərhal, Gürcüstan partiyalarının reytinqləri ilə bağlı keçirilən sorğuların (mövcud hakimiyyətin daha 4 il rəhbərlikdə qalması məlum olandan sonra) nəticələrinə paralel olaraq, bu anda öz "sızdırılma məlumatları" ilə tanınan "əfsanəvi" bir Azərbaycan saytı redaksiya adından dərc etdiyi məqaləsində "Azərbaycan hökumətinin və Gürcüstan hakimiyyətinin güclü sevgisi, İvanişvili hökumətinin Bakı ilə münasibətlərdəki tarixən ən yaxşı yolu seçdiyi”ni göstərir. Sayt yazır ki, keçmiş Prezident Saakaşvilinin vaxtında bu münasibətlər çox neqativ idi, hərçənd, hamıya məlumdur ki, Saakaşvili əslində Azərbaycan Prezidenti ilə yaxın dost idi. Bu məqalə dərc edilən zaman baş verənləri qruplaşdıraq: 1. Seçkilər ərəfəsi; 2. “Qafqaz Online” probleminin qızışması; 3. Yeni bir səfir təyin edilməsi; 4. Heç bir problemin həll olunmaması. Lakin Gürcüstan hakimiyyətinə birbaşa müraciət hesab edilən bu məqalə dərc olunur və onun mesajı Tbilisidəki kabinetlərdə açıq şəkildə qəbul edilir. Bu, nədir? Münasibətlərin yaxşılaşmasına bir ümid? Hər şeyi sıfırdan başlamaq üçün əvvəlcədən ödənilən avans?”, - Kuroptev vurğulayıb.
Müsahibimizin fikrincə, “Qafqaz Online”a qarşı tətbiq olunan yeni cərimə göstərir ki, Bakıdan gələn mesaj yəqin eşidilib, lakin nəzərə alınmayıb: “Ümid edirəm ki, Tbilisi ilə Bakı yenə də səmərəli dialoq və əməkdaşlıq qura biləcək, çünki iki ölkə bir-biriləri olmadan fiziki olaraq yaşaya bilməz. Göründüyü kimi, Türkiyə də Cənubi Qafqazda güclənir, fəallaşır. Buna görə də ortaq layihələrin qarşılıqlı faydalı əsasda inkişafı bütün iştirakçıların maraqlarına uyğundur. Təbii ki, bütün tərəfdaşlar və dostların maraqlarını nəzərə alaraq”.

Oxşar xəbərlər