BMT TŞ-nin üç daimi üzvü, MQ-nin üç həmsədri - Əliyevin bu haqlı iradı da cavabsız qalacaqsa...
26-08-2021, 10:07
193

BMT TŞ-nin üç daimi üzvü, MQ-nin üç həmsədri - Əliyevin bu haqlı iradı da cavabsız qalacaqsa...

Elman Nəsirov: “Həmsədrlər işğala son qoymaq istəyində deyildilər”

“Əfsuslar olsun ki, 28 il ərzində Minsk Qrupu çox imkanları əldən verib”. Bunu Prezident İlham Əliyev BMT-nin ölkəmizdə yeni təyin olunmuş rezident-əlaqələndiricisi xanım Vladanka Andreyevanı qəbul edərkən deyib.
Dövlət başçısı qeyd edib ki, 1993-cü ildə BMT Təhlükəsizlik Şurasının məşhur qətnamələri qəbul olunub: “Bu çox müsbət addım idi, erməni təcavüzünə toxunularaq bizə dəstəyin çox ümidverici bir jesti idi. Lakin əfsuslar olsun ki, bu qətnamələr icra olunmamışdır və sizin də yəqin bildiyiniz kimi, Təhlükəsizlik Şurasının qətnamələrinin icra mexanizminin olmaması məsələsini mən şəxsən dəfələrlə qaldırmışam. Bəzi hallarda qətnamələr qısa müddət ərzində icra olunur, lakin bizə gəldikdə, onlar beynəlxalq iştirakçılar tərəfindən ümumiyyətlə icra olunmamışdır. Xüsusilə bizi narahat edən və Azərbaycan cəmiyyətinin anlamaqda çətinlik çəkdiyi məsələ o idi ki, bu qətnamələri qəbul edənlər, Təhlükəsizlik Şurasının daimi üzvü olan beş ölkədən üçü ATƏT-in Minsk Qrupuna həmsədr olan və hələ də həmsədrlik edən ölkələrdir. Onlar özləri bu qətnamələri qəbul etmişdir. Bu qətnamələrin həyata keçirilməsinə imkan yaratmaq üçün onların mandatı var idi. Lakin əfsuslar olsun ki, 28 il ərzində Minsk Qrupu çox imkanları əldən verib”.
Bu onu göstərir ki, vaxtında Minsk Qrupu imkanları əldən veribsə, bundan sonra onların prosesə yenidən qayıtmağa heç bir haqqı yoxdur. Çünki MQ bu haqqı itirib.
Sözügedən məsələ ilə bağlı fikirlərini “Bakı-Xəbər”lə bölüşən millət vəkili, politoloq Elman Nəsirov hesab edir ki, Prezident İlham Əliyev BMT səfirini qəbul edərkən olduqca əhəmiyyətli məsələləri gündəmə gətirdi: “Həmin məsələlər ilk növbədə BMT TŞ-nin 1993-cü ildə qəbul etdiyi 4 qətnamə ilə bağlı idi. Bu qətnamələrdə Ermənistanın işğal etdiyi əraziləri tamamilə və qeyd-şərtsiz tərk etməsi öz əksini tapdı. Üstündən 27 il keçdi, amma bu qətnamələr icra olunmadı. Hansı ki, həmin qətnamələrə səs verən 5 daimi üzvdən üçü – Rusiya, ABŞ, Fransa ATƏT-in Minsk Qrupunun həmsədrləri idi. Təbii ki, bu reallıq Azərbaycan cəmiyyətində, ictimaiyyətində çox böyük narahatlıq doğururdu. Özləri qəbul etdikləri qətnamələri niyə icra etmirlər, bunun səbəbləri nədir? Bunun səbəbi o idi ki, həmsədrlər işğala son qoymaq istəyində deyildilər. Onların niyyəti o idi ki, Azərbaycan bununla barışsın. Baxmayaraq ki, BMT qətnamələrinin icrası məcburidir. Ancaq Ermənistan buna əməl etmirdi və həmsədrlər buna göz yumurdular. Çünki bunu məqsədyönlü şəkildə həyata keçirirdilər. Bütün bunlardan sonra ATƏT-in Minsk Qrupuna inamsızlığın formalaşması tam məntiqli idi. Çünki ordumuz 30 ilə yaxın MQ-nin görmək istəmədiyi işi 44 gün ərzində həyata keçirdi. Belə olan halda hansı əsasla MQ yenidən fəaliyyətə başlamaq istəyir? Onların buna heç bir haqqı yoxdur. Çünki ATƏT-in Minsk Qrupunun fəaliyyəti fiasko ilə nəticələndi”.
Bu baxımdan millət vəkili hesab edir ki, həmsədrlərin özləri Minsk Qrupunun varlığına xitam verməlidir.

Oxşar xəbərlər