AZZA içində donuz əti olan məhsulları qanunu pozaraq satır – FOTOFAKT
31-08-2021, 17:48
204

AZZA içində donuz əti olan məhsulları qanunu pozaraq satır – FOTOFAKT

AZZA tərkibində donuz əti olan kolbasa-sosiska məhsullarını üzərində qanunu pozaraq Azərbaycan dilində məlumat olmadan satır və müştərilərini yanıldır.
Yeniavaz.com
xəbər verir ki, bu barədə məlumatı hüquqşünas Fərhad Mehdiyev yayıb. O bildirib ki, bu, Nazirlər Kabinetinin 94 saylı qərarının pozulması deməkdir:
“Donuz əti satmaq qanunla qadağan deyil, onu yeyən də var, lakin məhsulun tərkibi haqqında onun üstündə Azərbaycan dilində məlumat olmalıdır. AZZA isə arxasında balaca hərflərlə "pork", "pork meat" (ingilis dilində donuz məhsulları) yazıları olan ət məhsullarını əhaliyə satır. 
Vətəndaşlarımızın ciddi sayılacaq hissəsi donuz əti yemir, dini səbəblərlə. İndi AZZA-dan neçə nəfər bu şəkildə donuz tərkibli kolbasa, sosiska alıb, ingilis dilində bilmədiyi üçün də onları bəh-bəhlə aşırıb, bax bu bilinmir. Bu səbəblə Azərbaycan dilində məhsulun tərkibi haqqında məlumat verməməklə AZZA sadəcə Nazirlər Kabinetinin 94 saylı qərarını pozmaqla yetinmir, həm də dini səbəblərlə donuz ətini yeməyənlərin dini inancına hörmətsizlik edir. 
Ümid edirəm ki, şirkət rəhbərliyi bu məsələdə həssaslıq göstərib müştərilərindən üzr istəməklə yanaşı, bu cür məhsullar üzərində tərkibi barəsində öz dilimizdə məlumat verəcəkdir”.




Məsələ ilə bağlı AZZA şirkətinə müraciət etdik, şirniyyat evindən bizimlə əlaqə saxlanılacağını bildirdilər.
Qeyd edək ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il 3 aprel tarixli 94 nömrəli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında ticarət, ictimai iaşə, məişət və digər növ xidmət qaydaları”nın 5-ci bəndində göstərilir ki, Azərbaycan Respublikasının ərazisində istehsal edilən, habelə idxal edilən mal və məhsulların üzərindəki etiketlər və adlar, onlardan istifadə qaydaları barədə izahat vərəqələri başqa dillərlə yanaşı, Azərbaycan dilinə edilmiş tərcümə ilə də müşayiət olunmalıdır.

Oxşar xəbərlər