"YAP çevik partiyadır və hər zaman yeniləşir" - DEPUTAT AÇIQLADI
14-09-2021, 17:01
205

"YAP çevik partiyadır və hər zaman yeniləşir" - DEPUTAT AÇIQLADI

"İlk növbədə onu qeyd edim ki, 2018-ci ilin aprel ayının 18-də ölkə Prezidenti cənab İlham Əliyev parlametdə proqram xarakterli çıxışında ölkəmizdə həyata keçiriləcək irimiqyaslı və hərtərəfli islahatların anonsunu verdi. Bu çıxışda qeyd olundu ki, elə bir sahə olmayacaq ki, oranı islahatlar əhatə etməsin. Bu həm icra hakimiyyətinin strukturunu, həm qanunvericilik hakimiyyətini, həm məhkəmə-hüquq sahəsini əhatə edəcək. Eyni zamanda iqtisadi və sosialyönlü islahatlar olacaq. Həmçinin siyasiyönlü islahatlar olacaq. Yəni bununla miqyası baxımdan Azərbaycanda heç zaman olmayan səviyyədə bir yenilik prossesi həyata keçiriləcək. Biz bunun şahidiyik. Azərbaycan bu gün sözün həqiqi mənasında irimiqyaslı və nəhəng islahatlar kursu həyata keçirilməkdədir". Bu sözləri SİA-ya açıqlamasında deputat Elman Nəsirov deyib.

Onun sözlərinə görə, məhz elə həmin islahatların sayəsində də Azərbaycan tarixi zəfərə imza atıb, öz torpaqlarını işğaldan azad edib. Bütün prosseslərdə, təbii ki, Azərbaycanın hakim partiyası olan Yeni Azərbaycan Partiyasının da öz rolu, öz yeri var. Hakim partiya hər zaman belə islahatların mərkəzində olub. Partiyada da çox ciddi dəyişikliklər baş verməkdədir. İlk növbədə partiyanın mart ayının 5-də keçirilən yeddinci qurultayında artıq həm ölkəmizin, həm də ölkəmizin avanqard siyasi partiyası olan YAP-nın qarşısında dayanan yeni hədəflərdən bəhs olundu. Cənab Prezident partiyanın qarşısında duran hədəflərdən bəhs etdi. Həmçinin qeyd etdi ki, partiyanın özündə də ciddi islahatlar həyata keçirilməlidir.
Elman Nəsirov bu barədə fikirlərini belə izah edib: "Bu islahatlara əsaslanaraq həm nizamnamənin dəyişməsi, partiyanın proqramının dəyişməsi, kadr islahatlarının keçirilməsi bunlar çox önəmli məsələlər idi. Artıq partiyanın rəhbərliyində dəyişikliklər olub. Beləliklə, Tahir Budaqov hakim partiyanın rəhbərliyinə gətirilib. Yeni Azərbaycan Partiyasında yeni şöbələr yaradılıb. Bu şöbələrin operativ şəkildə fəaliyyətini təmin etmək üçün mexanizmlər formalaşdırılıb. Rayon təşkilatlarının konfransları təşkil edilib. İlk növbədə yeni kadrların işə cəlb edilməsi, partiya rəhbərliyinə gətirilməsi, rayon təşkilatlarının rəhbərliyinə gətirilməsi prosesinə start verilib. O kadrlarki, ilk növbədə vətənpərvərdirlər. Bu birinci tələbdir və vacib məsələdir. Bundan savayı onlar təbii ki, bilikli, savadlı, dünyagörüşlü, xarici dillər bilən, müasir dünyada gedən prossesləri analiz etmək qabiliyyətinə malik olan, milli-mənəvi dəyərləri yüksək tutan gənclərdilər. Onlar üçün bu gün həm də peşəkarlıq əsas tələb olunan məsələdir. O gənclərə bu gün YAP-da yaşıl işıq yandırılıb. Özlərini təsdiq etmək üçün hər cür şərait yaradılır. Partiyanın bir neçə gün öncə, yəni sentyabrın 10-da keçirilən sonuncu toplantısında da YAP-ın Bakı şəhəri üzrə 12 rayon təşkilatının 9-nun sədri dəyişdirildi, yeni adamlar təyin olundu. O insanların tərcümeyi-halına baxıb danışdıqda hər kəs əmin ola bilər ki, kifayət qədər bilikli, savadlı, peşəkar, vətənpərvər insanlardırlar. Həmin bu insanlar müsbət reputasiyaya, yüksək imicə malik insanlardırlar. Onlar bu gün partiyanın rayon təşkilatlarına rəhbərlik edəcək. Eyni zamanda rayonlarda da məlumdur ki, konfranslar keçirilir, eyni zamanda partiyanın rayon rəhbərliklərində də çox ciddi kadr dəyişiklikləri gözlənir. Rayon rəhbərliklərinə də eyni kriteriyalar üzərindən insanlar vəzifələrə cəlb olunacaq. Onların üzərinə böyük, eyni zamanda şərəfli məsuliyyət düşəcək. Həmçinin, onlar yeniləşən reallıqlar əsasında, yeniləşən Azərbaycan, yeniləşən partiyanın reallıqları fonunda öz fəaliyyətlərini qurmalıdırlar. Dövlətimizə və dövlətçiliyimizə xidmət göstərməlidirlər. Avanqard siyasi partiya olaraq, siyasi sistemimizin əsas elementi olaraq öz fəaliyyətlərini qurmalıdırlar. Tələblər budur".
Bu gün ölkəmizdə strateji əhəmiyyətli vəzifələr yerinə yetirilir. Bu barədə deputat fikirlərini belə izah edib: "Qarabağın yenidən qurulması prosesi həyata keçirilir. Təbii ki, bu prosesdə partiyanın üzərinə də böyük vəzifə düşür. Həm də partiyamızın sədri cənab Prezident İlham Əliyev partiyanın yeddinci qurultayında qeyd etdi ki, əsas hədəflərimizdən biri də siyasi dioloq mühitini ölkəmizdə formalaşdırmaq, yeni siyasət mühitinin möhkəmləndirilməsi ilə bağlıdır. Bizim tarixi qələbəmizin əldə edilməsində bu faktın həlledici rolu olub. Bu nöqteyi-nəzərdən, təbii ki, siyasi dioloq mühitinin dərinləşdirilməsi prosesində hakim partiyanın üzərinə də vəzifələr düşür. Hakim partiya bu vəzifələrin öhdəsindən gəlməkdədir. Bu gün YAP-ın təmsilçiləri müxalifət təmsilçiləri ilə debatlara çıxırlar. Ən mühüm ölkədaxili və beynəlxalq məsələləri müzakirə edirlər və ortaq məxrəcə gələ bilirlər. Bunlar çox müsbət tendensiyalardır. Amma ayrı-ayrı hallarda xoşagəlməz müəyyən hallar da ortaya çıxır. Ancaq heç bir halda təxminən 800 yüz mindən çox üzvü olan partiyaya belə epizodik hallar xələl gətirə bilməz. İstənilən partiyanın fəaliyyətində bu və ya digər kadrların yerində olmaması, bu və ya digər kadrın öz işinin öhdəsindən gəlməməsi halları mümkündür. Belə hallarda onlar cəzasını alırlar. Bu baxımdan bu cür hallarda oponentlərin YAP-a qərəzli hücumları qəbuledilməzdir. Partiya çevik partiyadır. Partiya hər zaman yeniləşir. Partiya hər hansı neqativ hallar aşkar edərsə, dərhal onu aradan qaldırır. Ümummilli lider Heydər Əliyevin dediyi kimi YAP dünənin, bu günün və sabahın partiyasıdır. Bundan heç kimin şübhəsi olmasın".

Oxşar xəbərlər