"Siyasi partiyaların ölkənin həyatında iştirakı üçün bütün mümkün addımlar atılır"
23-09-2021, 10:10
234

"Siyasi partiyaların ölkənin həyatında iştirakı üçün bütün mümkün addımlar atılır"

ELMAN NƏSİROV: "NİYYƏT ODUR Kİ, ÖLKƏMİZDƏ İCTİMAİ-SİYASİ SABİTLİK DAHA DA MÖHKƏMLƏNSİN"

"525-ci qəzet"in “siyasi dialoq” rubrikasının qonağı Yeni Azərbaycan Partiyası Təftiş Komissiyasının üzvü, millət vəkili Elman Nəsirovdur.
***
- Elman müəllim, bir müddətdir ki, ölkəmizdə iqtidarla siyasi partiyalar arasında dialoq başlayıb. Prezident Administrasiyasının Siyasi partiyalar və qanunvericilik hakimiyyətilə iş şöbəsinin müdiri Ədalət Vəliyev mütəmadi olaraq siyasi partiya liderləri ilə görüşür, onların fikirlərini, təkliflərini dinləyir. Ümumilikdə siz bu prosesi necə qiymətləndirirsiniz?
- Azərbaycan Prezidenti cənab İlham Əliyev 2018-ci il aprel ayının 18-də parlamentdə andiçmə mərasimində ölkəmizdə islahatların yeni dalğasının anonsunu verdi. Bu islahatlar bütün sahələri əhatə edən irimiqyaslı islahatlar kimi tarixə düşməkdədir. Elə bir sahə yoxdur ki, həmin sahə bu islahatlardan kənarda qalsın. Bu, həm ali icra hakimiyyətini, həm qanunvericilik sahəsini, məhkəmə hüquq sistemini, iqtisadiyyatı, sosial həyatımızı, həm də siyasi prosesləri əhatə edən islahatlardır. Yəni dərinləşən islahatlar kursudur. Eyni zamanda, 2019-cu bu islahatların məntiqindən irəli gələrək hələ 2019-cu ilin noyabr ayında Prezident Administrasiyasının yeni strukturu təsdiqləndi və elə o zaman da ilk dəfə olaraq Siyasi partiyalar və qanunvericilik hakimiyyətilə iş şöbəsi yaradıldı. Cənab Prezident bu şöbənin qarşısına qoyduğu mühüm vəzifələrdən biri olaraq qeyd etdi ki, ölkəmizdə siyasi partiyalar arasında dialoq mühiti dərinləşməli, yeni siyasi mədəniyyət, yeni siyasi mühit formalaşmalıdır və təbii ki, bu baxımdan şöbənin üzərinə çox böyük məsuliyyət düşür. Hörmətli Ədalət müəllim Vəliyevin rəhbərliyi altında PA-nın Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə iş şöbəsi bu istiqamətdə çox ciddi işlər görür, söhbətimizdə onların bəzilərinə toxunacağam. İndi isə onu deyim ki, həmin siyasi islahatların və yeni siyasi mədəniyyətin, yeni siyasi konfiqurasiyasının formalaşması məntiqindən irəli gələrək qanunvericilik sahəsində də ciddi islahatların əsası qoyuldu. 2020-ci ilin 9 fevral tarixində ölkəmizdə parlament seçkiləri keçirildi və Milli Məclis çoxpartiyalılıq əsasında formalaşdı. Rəsmən ölkəmizdə mövcud 55 siyasi partiyadan 20-si seçkilərdə iştirak etdi. 1314 namizəd seçkiyə qatılmışdı. Siyasi partiyaların 305 namizədi bu seçkilərdə qeydə alınmışdı. Çoxpartiyalılıq əsasında keçirilən parlament seçkilərinin nəticələrinə görə 121 deputatdan 70-i YAP, 10-u müxalifət, 41 isə bitərəf oldu. Bu kontekstdə qeyd edim ki, həmin dövrdə mütləq çoxluqda olan YAP üzvləri və bitərəflərə yanaşı, 8 müxalifət partiyası üzvü müstəqil Azərbaycan parlamentarizmi tarixində ilk dəfə olaraq həm Milli Məclis rəhbərliyində, həm də onun daimi komitələri rəhbərliyində  təmsil olunması hüququna malik olmuşdular. Eyni zamanda, Milli Cəbhə və REAL partiyalarının qeydiyyata alınması ilə parlamentdə təmsil olunan partiyaların sayı 11-ə çatdı. Bunlar hamısı bir daha onu göstərir ki, islahatlar həqiqətən də bütün sahələri əhatə edir. Cənab Prezidentin  müəyyən etdiyi siyasi islahatlar kursu nəticəsində ölkəmizin siyasi həyatı çox konstruktiv bir məcraya yönəlmiş oldu. Əvvəllər biz partiyalar arasında yersiz qarşıdurmaların, qütbləşmələrin, siyasi ittihamların, incikliyin, süni hüquqi maneələrin, ayrı-ayrı şəxslərə, şübhəli dairələrə xidmət etmək kimi neqativ və təhlükəli hallara şahidlik edirdiksə, indi vəziyyət tamamilə fərqlidir. Artıq ölkəmizdə yeni siyasi konfiqurasiya, yeni siyasi mədəniyyət formalaşıb, partiyalar arasında dialoq da yeni mərhələyə daxil olub. 
- Elman müəllim, müəyyən məqamları qeyd etdiniz. Bir qədər ətraflı olaraq, ötən müddətə nəzər salanda, dialoq Azərbaycan cəmiyyətində nələri dəyişdi?
-  Əvvəlcə onu vurğulayım ki, Ədalət müəllimin rəhbərlik etdiyi şöbənin 2020-ci ilin fevralında apardığı monitorinq bu sahədə çox ciddi problemlər və boşluqların olduğunu ortaya çıxarmışdı. Məlum olmuşdu ki, 55 partiya sədrinin 8-i vəfat edib və onların yerinə seçkilər keçirilməyib. O da məlum oldu ki, 20-dən çox partiyanın uzun illərdir ki, qurultayları keçirilmir. Əgər qurultay keçirilmirsə, demək, fəaliyyət də qeyri-legitimdir. Bunlar hamısı üzə çıxdı. 7 siyasi partiyanın qanunvericilik  təşəbbüsünə əməl etmədən maliyyə hesabatını MSK-ya təqdim etmədiyi məlum oldu. Bu, acınacaqlı bir vəziyyət idi. Bu mənada şöbənin üzərinə çox böyük məsuliyyət düşürdü. Onlar bu məsuliyyətin öhdəsindən ləyaqətlə gəlməyə başladılar, nəticələr də göz önündədir. Şöbənin rəhbərliyi ötən il  fevralın 17-dən martın 13-nə qədər 55 partiyanın fəaliyyətdə olan 43 sədrindən 38-i, eləcə də bir çox tanınmış siyasi xadimlərlə görüşlər keçirdi. Bir neçə özünü təcrid etmiş partiyalar istisna olmaqla, bütün siyasi qüvvələrlə dərinləşən siyasi dialoq mühiti formalaşıb. 
- Yeri gəlmişkən, bəzi partiyalar dialoqa qatılmayıb. Hətta proses iştirakçılarını davamlı ittiham edirlər. Onların yanaşmasın necə qiymətləndirirsiniz?
- AXCP, "Milli şura" özü-özünü təcrid vəziyyətinə salıb. Milli məsələlərdə fərqli mövqedən çıxış edirlər. Antiazərbaycan siyasi dairələrin yanında yer alır, onların sifarişlərini yerinə yetirir, digər siyasi partiyalar isə milli məsələlərdə birlik həmrəylik nümayiş etdirirlər. Həmin birlik 44 günlük tarixi qələbəmizin əldə edilməsində müstəsna rol oynadı. Çünki güclü iqtisadiyyatımız formalaşmışdı, güclü ordumuz var idi, ictimai-siyasi sabitlik hökm sürürdü, belə olan halda müxalif mövqedə dayanan partiyalarla iqtidar arasında siyasi dialoqun olmaması  tarixi qələbəmizin əldə edilməsində müəyyən boşluqları şərtləndirə bilərdi. Birliyin təmin edilməsi vacib idi. Prezidentin uzaqgörən siyasəti nəticəsində iqtidarla müxalifət arasında müharibədən öncə başlanmış siyasi dialoqun dərinləşməsində vacib mövqe əldə edildi. Ölkəmizin Ermənistanın hərbi müdaxiləsinə məruz qaldığı 44 günlük müharibə zamanı bütün siyasi partiyalar 8 birgə bəyanatla çıxış etdilər. İki birgə müraciət qəbul etdilər. Bunların böyük mənası və əhəmiyyəti var. Təəssüf ki, yenə də özünü ana müxalifət kimi təqdim edən, amma reallıqda dövlətə və dövlətçiliyə qarşı çıxış edən partiya bu prosesdən kənarda qaldı. Xarici havadarların çaldığı mahnını ifa etməklə məşğul oldu. Bütün bunlar dialoq mühitinin inkişafına mane ola bilmədi. Onlar özlərini tədric vəziyyətinə salıblar. Xalqımız bu qüvvələri yaxşı tanıyır və onları çoxdan tarixin arxivinə atıb. Hesab edirəm ki, onlar siyasi qüvvə deyillər. Siyasi qruplaşmadırlar.
- Vətən müharibəsində iqtidar və müxalifət birlik nümayiş etdirdi. Sizin də qeyd etdiyiniz kimi, böyük qələbədə bu məqam da öz rolunu oynadı. Dialoqun başqa hansı nəticələrini vurğulamaq olar?
- Bəli, ötən müddətdə aparılmış iş öz nəticələrini verib, xüsusilə Ədalət müəllimin rəhbərliyi altında müvafiq şöbə siyasi dialoq mühitinin inkişafına təkan verən bir sıra məsələlərin müsbət həllinə nail olub. 22 siyasi partiyanın ofislə təmin olunması mühüm məqamdır. Çünki ofis olmadan partiyaların normal fəaliyyəti üçün şərait olmur. İctimai-siyasi həyatda iştirakda isə müəyyən məhdudiyyətlər yaranır. Bilirsiniz ki, 25 siyasi partiyanın qurultayı keçirilib. 7 yeni siyasi partiya dövlət qeydiyyatına alınıb. Proses davam etdikcə, daha böyük nəticələr əldə ediləcək.
- Bu günlərdə Ədalət müəllim 45 siyasi partiya rəhbəri ilə görüş keçirdi. Bu görüşdə bir sıra vacib məsələlər, o cümlədən, Siyasi partiyalar haqqında qanun müzakirə edildi. Görüşün əhəmiyyətini necə qiymətləndirirsiniz?
- Doğrudur, "Siyasi partiyalar haqqında" yeni qanun layihəsinin müzakirəsi gedir. Ayrı-ayrı partiyalardan təkliflər, tövsiyələr daxil olur. Bu məsələlər sentyabrın 9-da şöbənin dialoq mövzusunda görüşündə də ciddi müzakirə edildi. 45 partiyanın rəhbəri görüşə dəvət almışdı. Geniş, açıq müzakirələr oldu. Xüsusilə Ədalət müəllim Prezidentin həyata keçirdiyi dərinləşən irimiqyaslı islahatlar kursu və onun siyasi sahədə nəticələri ilə bağlı məsələlərə diqqət çəkdi. Qeyd etdi ki, YAP-ın yeddinci qurultayında dövlət başçısı bir daha ölkəmizin qarşısında duran yeni vəzifələrdən bəhs edərkən vurğuladı ki, siyasi dialoq mühitin  daha da dərinləşməlidir. Bu istiqamətdə ciddi işlər gedir. Ədalət Vəliyev atılan addımlara aydınlıq gətirdi, qeyd etdi ki, siyasi partiyaların ölkəmizin həyatında iştirakı üçün bütün mümkün addımlar atılır, bütün imkanlar səfərbər edilib. Niyyət odur ki, ölkəmizdə ictimai- siyasi sabitlik daha da möhkəmlənsin, ilk növbədə ümummili məsələlərdə ortaq mövqedən çıxış edək. Heç bir dövlət deyə bilməz ki, demokratiyanın zirvə nöqtəsindədir, çünki bu, bir prosesdir. Demokratiyada son nöqtə yoxdur, Azərbaycan da bu yolla getməkdədir, bu yolla da tarixi uğurlara imza atmaqdadır. 45 partiya rəhbəri öz çıxışlarında çox konstruktiv təkliflər irəli sürdü. Əsas niyyət o oldu ki, elə edək ki, bir azadlıq, demokratiya və sabitlik adası olan Azərbaycanı daha da möhkəmləndirək. Bu istiqamətdə hər kəs öz payını verməlidir. Prezidentin rəhbərliyi altında mühüm bir vəzifənin həlli istiqamətində ciddi addımlar atılmaqdadır. Söhbət azad olunmuş ərazilərin bərpası, yenidən qurulmasından gedir. Bu, ağır, mürəkkəb, eyni zamanda, şərəfli işdir. Və bu şərəfli vəzifənin yerinə yetirilməsində partiyaların üzərinə böyük məsuliyyət düşür. Onların yenidən ümummilli məsələlərdə bir yerdə olması, yumruq kimi birləşib, prosesə töhfə verməsinə böyük ehtiyac var. Hesab edirəm ki, hər bir partiyanın xarici ölkələrdə müəyyən təmasları olur, öz tərəfdaşları var, onlarla fikir mübadiləsi aparırlar. Bu mənada düşünürəm ki, bu ilin 17 mart tarixində partiya rəhbərlərinin Ağdama səfərinin çox böyük mənası, əhəmiyyəti var. Bu səfərin özü göstərdi ki, torpaqlarımızı şanlı ordumuz işğaldan azad edib. Eyni zamanda, onun dirçəldilməsi, cənnət diyarına çevrilməsi də zaman məsələsidir. Çünki ortada cənab Prezidentin siyasi iradəsi var, xalqımızın birmənalı dəstəyi var, güclü ordumuz var. Eyni zamanda, partiyalar arasında dialoq mühiti var, məhz elə bu mühitin məntiqi nəticəsi olaraq Ağdama səfər reallaşdı. Onun nəticələri ilə bağlı yerli mətbuatda fikirləri dərc edildi, xarici tərəfdaşlarına ermənilərin ordakı genosid siyasətini çatdırdılar. Bu bir daha onu göstərir ki, Prezidentin rəhbərliyi altında irəli sürülmüş, formalaşmış yeni siyasi konfiqurasiya, siyasi dialoq mühiti öz bəhrəsini verib və bundan sonra da verəcək. Biz buna inanırıq. Əminik ki, qarşımızda dayanan daha əzəmətli vəzifələrin həyata keçirilməsində bu siyasi dialoq mühiti müstəsna rola və çəkiyə malik olacaqdır. Bu, həm də zamanın çağırışıdır. 

Oxşar xəbərlər