“Azercell” insanların cibinə “girir”: Şəbəkəsi bərbad, əsassız borclandırma... - ŞİKAYƏTLƏR
1-10-2021, 15:44
326

“Azercell” insanların cibinə “girir”: Şəbəkəsi bərbad, əsassız borclandırma... - ŞİKAYƏTLƏR

“Nə şəbəkə var, nə də keyfiyyət. Üstəgəl camaatın pulları göyə sovrulur”, “Nizami metrosunun yanındakı obyektdə Azərcell-in şəbəkəsi tutmur”, “Kəlbəcərin Zülfüqarlı kəndində şəbəkə yoxdur”, “Evin içində şəbəkə tutmur, nə qədər zəng edirəm şikayətə baxan yoxdur”, “Dünyanın ən hündür nöqtəsi ilə məşğul olmaqdansa, adi kəndlərdə interneti düzəldin”, “Biləcəridə şəbəkə deyilən şey yoxdur” və s. - bunlar hələ yazılan şikayətlərin bir qismidir.  Sosial şəbəkələrdə Azərcell mobil operatoru ilə bağlı şikayətlər səngimək bilmir.  
Bəs görəsən, bu qədər şikayətə niyə baxılmır? Milyonluq dövriyyəsi olan bir şirkət niyə problemlərini həll etmir? 
Digər bir müştəri isə şikayət edir ki, istifadə etmədiyi nömrəsinə xeyli məbləğdə borc yığılıb. Daha sonra isə məhkəmə qərarı ilə həmin məbləğ ödətdirilib. Bəs, istifadə olunmayan nömrələyə borc yığılması necə ola bilər? 
Məsələ ilə bağlı Unikal.org-a açıqlama verən Azərbaycan Milli İnternet Forumunun prezidenti Osman Gündüz bildirdi ki, əgər şəbəkədə zəiflik varsa, bu xidmətin keyfiyyəti ilə bağlı məsələdir:
osmangündüz
“Elə ərazilər var ki, şəbəkə xaricində olur, yəni, set tutmur.  Əsas problemlər avtomobil magistral yollarında, dəmir yol xətlərində və Bakıətrafı və rayon mərkəzindən kənar kəndlərdə müşahidə olunur. Baza stansiyaları yetərincə sıx olmadığına görə bəzən şəbəkədən kənar qalır”. 
Nazirlik mobil operatorlara nəzarət etmir 
Ekspertin sözlərinə görə, mobil operatorlar lisenziyanı Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyindən alır. Yəni, keyfiyyətə, lisenziya şərtlərinə nəzarət edən qurum elə nazirlikdir: “Düşünürəm ki, nazirlik vaxtaşırı monitorinqlər aparmalıdır. Yaxşı olar ki, bu monitorinqlərə müstəqil ekspertlər, bu sahə üzrə mütəxəssislər cəlb edilsin. Bu monitorinqlər avtomobil magistral yollarında, dəmir yol xətlərində, rayon və kəndlərdə aparılmalıdır.  Və həmin monitorinqlərin nəticələrini ictimailəşdirib cəmiyyətə təqdim etmək lazımdır”. 
O.Gündüz bildirdi ki, əgər mobil operator lisenziya alıbsa keyfiyyətli, dayanıqlı xidmət təqdim etmək onların borcudur: “Nazirlik mobil operatorların lisenziya şərtlərinə əməl olunması ilə bağlı nəzarəti gücləndirməlidir”. 

Şəhər mərkəzində yaranan şəbəkə probleminə münasibət bildirən ekspert deyir ki, bu baza stansiyalarında müəyyən texniki problemlərlə bağlı ola bilər: “Ərazidə baza stansiyasının bəlli bir gücü var. Həmin baza stansiyanın ətrafında insanların çox olması, eyni zamanda, mobil telefondan istifadə etməsi orda problem yarada bilər. Bu halda artıq mobil operator özü hərəkətə keçməlidir. Belə ki, maşınların üstündə daşınan antenalardan istifadə edə bilər. Yaxud mobil operator tez-tez özünün baza stansiyalarının keyfiyyətini yoxlayaraq problemi aradan qaldıra bilər”.

Oxşar xəbərlər