Arvadını öldürən polisin övladları kimin qəyyumluğuna veriləcək?
1-10-2021, 18:32
186

Arvadını öldürən polisin övladları kimin qəyyumluğuna veriləcək?

29 sentyabr 2021-ci il tarixdə, səhər saat 9 radələrində Nizami Rayon Polis İdarəsinin Post Patrul Xidmətinin əməkdaşı, polis nəfəri İsmayıl Məmmədov tərəfindən həyat yoldaşı Xanım Məmmədovanın övladlarının gözü qarşısında qətlə yetirilməsi hamı kimi bizi də məyus etdi.
Bunu Ailə qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin mətbuat katibi Teymur Mərdanoglu deyib. O bildirib ki, araşdırma əsnasında Nizami rayon İcra Hakimiyyəti tərəfindən 6 və 4 yaşlarında olan uşaqların ana babası və dayıları Aqil Əliyevə təhvil verildiyi bildirilib:
"Uşaqlardan biri 1-ci sinifində təhsil alırdı. Bu hadisədən sonra təhsilinin Qax rayon məktəblərindən birində davam etdiriləcəyi qeyd olunub. Azyaşlıların qanunla müəyyən edilmiş qaydalara əsasən qeydiyyatda olduqları rayon üzrə mərhum X.Məmmədovanın valideynlərinin qəyyumluğuna verilməsi nəzərdə tutulur".
T.Mərdənoğlu son zamanlar məişət zəminində baş vermiş cinayət hadisələrinin qurbanlarının yaxınları tərəfindən istər Komitəyə, istərsə də digər dövlət qurumuna verilən məlumatlar və ya kütləvi informasiya vasitələrində dərc edilmiş müsahibələr təhlil edilib:
"Nəticələr onu deməyə əsas verir ki, ailədaxili münaqişələrin ilkin vaxtlarından qurbanların yaxınlarının bu zorakılıq hallarına göz yumması, bu faktı ailə sirri kimi saxlaması daha ağır fəsadlara gətirib çıxarmasına səbəb olur. Baş vermiş hadisə fonunda bir daha ictimaiyyətin diqqətinə çatdırmaq istəyirik ki, məişət zəminində zorakılığa məruz qalmış şəxslər barədə məlumatların aidiyyəti qurumlara vaxtında və düzgün çatdırılması bu sahədə həyata keçirilən tədbirlərin səmərəliliyinin artırılmasında əhəmiyyətli rol oynayır".

Oxşar xəbərlər