Qarabağ Qazisi ÇARƏSİZ DURUMDA... - Müalicəsi var, amma...
5-10-2021, 11:30
181

Qarabağ Qazisi ÇARƏSİZ DURUMDA... - Müalicəsi var, amma...

Ailə üzvlərindən heç biri işləmir, atası insult və infarkt keçirib...
 
Onun müalicəsi isə  Almaniya, yaxud İsraildə mümkündür...
 
Xəbər verdiyimiz kimi, 44 günlük müzəffər savaşımızın 12  yaralı və xəstə qazisi Türkiyənin Bursa şəhərindəki xəstəxanalardan birində müalicə olunur. Sentyabrın 21-də şəhid Milli Qəhrəman  Şirin Mirzəyevin xanımı Flora Qasımova,  Diasporla İş üzrə Dövlət Komitəsi mətbuat xidmətinin rəhbəri, tanınmış tele-aparıcı Vəsilə Vahidqızı və Türkiyədə fəaliyyət göstərən “Gələcəyin İnsanları Məkanı, Gələcəyin İmkanları Məkanı – Azərbaycan deyincə” dərnəyinin başqanı Hüseyn Vəliyev  qazilərimizi ziyarət ediblər.  

Moderator.az əməkdaşı sözügedən qazilərdən  birinin –  2020-ci il oktyabrın 9-da Ağoğlan(Hadrut) qəsəbəsinin azadlığı uğrundakı döyüşlərdə  3 güllə yarası aldığından hazırda bəhs edilən xəstəxanada  müalicə olunan Yusif Ağaməmmədovun Yevlaxda yaşayan ailəsinin problemləri ilə maraqlanıb. 
 
Telefon əlaqəsi yaratdığımız qazimizin qardaşı Səyyad Ağaməmmədli bildirib ki, Bursadan qardaşının yanından yenicə gəlib, anası isə orada qalıb.
 
“Qardaşım oktyabrın 9-da Hadrutun(Ağoğlan-S.L.) azad edilməsi uğrundakı döyüşlərdə ikisi onurğasından, biri qoltuqaltı nahiyəsindən olmaqla 3 snayper gülləsi yarası alıb. Bir müddət Füzulidəki hərbi hospitalda, Gəncə və Bakıdakı müxtəlif tibb müəssisələrində əməliyyat olunub və müalicə alıb. Martın 25-dən bəri isə “YAŞAT” fondunun dəstəyi ilə Bursada müalicə olunur. Türkiyə həkimləri əllərindən gələni etsələr də, müalicəsində heç bir irəliləyiş yoxdur. Səhhəti eyni qaydadır. Yəni ayaqları iflic vəziyyətindədir. Türkiyə həkimləri deyir ki, biz əlimizdən gələni edirik, amma yaxşı olar ki, Almaniyaya, yaxud İsrailə aparasınız. Lakin bizim buna imkanımız yoxdur. Eyni zamanda artıq bir ilə yaxın əlil kimi müalicə olunsa da, qardaşıma əllilik pensiyası da təyin olunmur. Müvafiq qurumlardan bildiriblər ki, bunun üçün gərək o, özü Bakıya gəlib komissiyadan keçməlidir. Bunu anlamaq olmur. Bəlkə bu Qarabağ qazisi 2 il xarici ölkədə xəstəxanada müalicə almalı oldu, həmin müddətdə ona təqaüd kəsilməməlidir? Elə bir mexanizm yoxdur ki, həmin qurumların nümayəndələri özləri gəlib yerindəcə onu müayinə edib, lazımi sənədləri alıb əllilik təyin edələr? Anam  həm əlillik, həm də xaricdə müalicə məsələləri ilə bağlı dəfələrlə Müdafiə Nazirliyinə, Səhiyyə Nazirliyinə, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə, Heydər Əliyev fonduna müraciət etsə də, heç bir nəticəsi yoxdur. Digər bir problem də Yusifə göndərilmiş əlil arabasıyla bağlıdır. Belə ki, Bakıdan ona göndərilmiş əlil arabası mühərriksiz, pultsuz olub.  Xeyli keçəndən sonra mühərrikini yollayıblar. Indi də pultu yoxdur. Üstəlik,  qardaşımın boyu 1 m 80 sm olduğu halda ona kiçik ölçülü, demək olar ki, uşaq üçün araba yollayıblar. Ona görə də hərəkət zamanı çox böyük çətinlik çəkir” –deyə qazimizin qardaşı bildirib. 
 
Qazi qardaşı ailələrinin sosial durumunun ağır olmasından da danışıb. 
 
“Qardaşımın əlil olduğunu bildikdən sonra atam insult keçirib. Ondan əvvəl də iki dəfə infarkt keçirib, ürəyinə stend qoyulub. Odur ki, hazırda işləmək qabiliyyətini də itirib. Lakin ona da müxtəlif bəhanələrlə təqaüd kəsilmir. Mən də işləmirəm. Digər qardaşım Əli Ağaməmmədli də MAXE kimi döyüşlərdə iştirak edib və hazırda hərbi xidmətdədir. O da ailəlidir, maaşıyla öz ailəsini dolandıra bilir.  Yalnız  Yusif ordudan tərxis olunmadığı üçün 1200 manat maaş alır. Onun da azı yarısını özünə yollayırıq.  Ailəmizin neçə illərdir ki,  30 min AZN-ə yaxın sələm və kredit borcu var.  "Kapitalbank" Yusifin adına olan krediti bağlamadı. Özümüz zor-güc bağlaya bilmişik. Hazırda isə digər bir neçə banka da borclarımız var..."  
 
Qazinin qardaşının sözlərinə görə, indiyədək Yevlax Rayon İcra hakimiyyətindən də ailə ilə maraqlanan olmayıb.

“İndiyədək hansısa rəsmi qurumdan heç kəs qapımızı döyməyib. Dəfələrlər anam da, mən də Yevlax  icra hakmiyyətində olmuşuq.  Bizi lazımi qaydada qəbul edib dinləyən olmayıb ki, dərdimizi deyək.  İcra başçısı anama deyib ki, yalnız onlayn söhbət edə bilərik. Yalnız rayondakı Yevlax Gənclər Evi təşkilatından iki dəfə gəlib ailəmiz üçün bazarlıq ediblər...”
 
Məsələ ilə bağlı  Moderator.az-ın suallarını cavablandıran Yevlax Rayon İcra Hakimiyyəti başçısının müavini və ictimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Elnarə Əzizova bunları söyləyib:
 
“Bilirsiz ki, qazilər və şəhid ailələrinə ciddi qayğı göstərilməsi ilə bağlı cənab Prezident də ciddi tapşırıq verib. Buna görə də bu, bizim üçün çox həssas mövzudur. Odur ki, rayondakı hər bir şəhid və qazi ailəsinə mümkün qədər dayaq durmağa çalışırıq. Bildirirəm ki, dəfələrlə şəxsən cənab başçı məni Qarabağ qazisi Yusif Ağaməmmədovun ailəsini ziyarət etməyə  göndərib. 48 saylı Yevlax rayon seçki dairəsindən deputatımız İlham Məmmədov da o ailəyə baş çəkib. Qazimizin anası icra başçısının da qəbulunda olub.  Sadəcə, pandemiyanın tüğyan edən vaxtında qəbul yalnız onlayn keçirilib. Buna rəğmən mən özüm dəfələrlə həmin ana ilə görüşmüşəm. Biz o ailəyə mümkün yardımlar etmişik. Ərzaq və maliyyə yardımı göstərmişik. Rayonun bir neçə digər idarə müəssisələrinin rəhbərləri də bu qazi ailəsini ziyarət edib. Bir dəfə gedəndə qazimizin anası söylədi ki, oğlumun doğum günüdür, getməyə imkanım yoxdur. Buna görə biz ailəyə maddi yardım göstərdik. Hətta qazimizin doğum gününə görə tort da bişirtdirib yolladıq. Anası onun fotosunu “vatsap” da da paylaşmışdı.  Bir sözlə, icra hakimiyyətinin imkanları daxilində  əlimizdən gələni etmişik. Sadəcə, həmin ailənin  hələ illər öncədən, yəni Ağaməmmədov döyüşlərdə qazi olmamışdan əvvəl 20 min AZN məbləğində sələm və kredit borcu yaranıb.  Qazi anası xahiş edir ki, bizim həmin borcu ödəyin. Təəssüf ki,  icra hakimiyyətinin bu məbləği ödəmək üçün belə bir rəsmi fondu, imkanı yoxdur. Dövlət tərəfindən bizə belə bir vəsait ayrılmır.  Mümkün qədər mən özüm də aylıq kreditlərinə kömək etmişəm. Digər banklardan kredit götürmək məsələsində problemləri yaranıb, həmin bankların rəhbərlərindən xahiş etmişik köməklik ediblər.  Yəni ailənin əsas narazılığı o borcla bağlıdır. Həmin o borc yiyəsi də kimdisə, bu ailəni sıxışdırır... Yenə də biz həmin qazi ailəsinin problemləri ilə  daha dərindən maraqlanıb onların həlli üçün əlimizdən gələni etməyə çalışacağıq...”
 
Ümid edirik ki, müvafiq dövlət qurumları 44 günlük Qarabağ savaşının qazisi, canının, bədəninin bir hissəsini Vətənimiz, ərazi bütövlüyümüz, bizlərin dinc yaşayışı üçün fəda etmiş qazimiz Ağaməmmədov Yusif Füzuli oğlunun problemləri ilə daha ciddi şəkildə maraqlanacaq və onların həlli üçün mövcud qanunlar və imkanlar daxilində mümkün olanı edəcəklər. 

Ölkəmizdəki, o cümlədən Yevlax rayonundakı  xeyriyyə fondları, qeyri-hökumət təşkilatları, xeyriyyəçi iş adamları və s. üçün qazimizin ailəsinin telefon nömrələrini təqdim edirik:
055 600 68 74 – atası Füzuli.
050 809 45 54 – qardaşı Səyyad. 
 
Qeyd: 
Materialda adları çəkilən dövlət qurumlarının məsələyə münasibətini  təqdim etməyə hazırıq.

Oxşar xəbərlər