“8 il Murovda can qoyub, amma haqqımız olan mənzili ala bilmirik” - Şəhid mayorun xanımı...
6-10-2021, 18:18
376

“8 il Murovda can qoyub, amma haqqımız olan mənzili ala bilmirik” - Şəhid mayorun xanımı...

“Rahibin şəhid olmasından bir il ötdü. Dünən də qızım Mələyin ad günü idi. Çox sağ olsun müəllimləri məktəbdə ona sürpriz etdilər, sinif yoldaşları ad günündə iştirak etdi. Hər şey yaxşı oldu Mələk üçün. Rahib uzaqda da olsa həmişə uşaqların ad gününə özünü çatdırırdı. Dünən isə hiss etdim ki, bizim ona çox böyük ehtyacımız var”
 
Bunu Moderator.az-a açıqlamasında Vətən müharibəsi zamanı Murovdağda şəhid olan mayor Rahib Babayevin həyat yoldaşı Aygün Babayeva deyib. Aygün xanım həyat yoldaşının19 il ordu sıralarında xidmət etməsinə baxmayaraq hələ də dövlət tərəfindən mənzillə təmin olunmadıqlarını bildirib:
 
“Bununla bağlı bütün dövlət orqanlarına məktublar ünvanlamışam. Heç bir problemim həll olunmayıb. Şəhid ailələri içində ən baxımsız ailəyəm. Bizim şəhid ailəsi kimi mənzil haqqımız var, amma onu bizə vermirlər. Onsuz da Rahibin xidmətinin 20 ili tamam olanda mənzil verəcəkdilər. Amma Rahib 19 il idi xidmət edirdi və döyüşlərdə də şəhid oldu. 
 

 
Özümüz Sumqayıtda yaşayırıq, uşaqlarım isə Bakıda oxuyur. Hər gün taksiyə otuz manat yol pulu verirəm. Ona görə istəyirəm ki, bizi Bakıda mənzillə təmin etsinlər ki, uşaqlar rahat dərsə gedib-gələ bilsinlər. Həyat yoldaşımın dövlətə bu qədər xidmətlərə olub, bir ev nədir ki, onun ailəsinə qıymırlar. Həyat yoldaşım səkkiz il Murovdağda can qoyub, ev, uşaq üzü görməyib. Balaca uşağım atasını cəmisi beş dəfə görüb. Sumqayıtda yaşadığımız evim də çox təmirsiz, bərbad vəziyyətdədir”. 
 
Qeyd edək ki, Rahib Bəxtiyar oğlu Babayev 1985-ci il iyunun 19-da Şahbuz rayonunun Külüs kəndində anadan olub. O, Murovdağ istiqamətində gedən döyüşlərdə şəhid olub. Rahib “Canavar” postunun alınmasında xüsusi qəhrəmanlıq göstərib. Vətən müharibəsində göstərdiyi xidmətlərinə görə ölkə başçısı tərəfindən ölümündən sonra şəhid Rahib Babayev “Vətən uğrunda”, “Kəlbəcərin azad olunmasına görə” medalı və “Azərbaycan Bayrağı” ordeni ilə təltif edilib. 
 
Şəhidimizin üç azyaşlı övladı yadigar qalıb.
 
Allah cəmi şəhidlərimizə rəhmət eləsin!
 

Oxşar xəbərlər