Avroittifaqın yeni Bakı səfiri İlham Əliyevdən Minsk Qrupuna əlavə səlahiyyətləri hansı məntiqlə istədi...
8-10-2021, 10:25
184

Avroittifaqın yeni Bakı səfiri İlham Əliyevdən Minsk Qrupuna əlavə səlahiyyətləri hansı məntiqlə istədi...

Elman Nəsirov: “Avropa İttifaqı rəsmiləri istəyir ki, Minsk Qrupuna etimad bərpa olunsun”

“ATƏT-in Minsk Qrupuna əlavə olaraq etimadın artırılması və sülhün qurulması prosesində üzərimizə rol götürməyə hazırıq”. Bunu Avropa İttifaqının ölkəmizdəki nümayəndəliyinin yeni təyin olunmuş rəhbəri Petr Mixalko Prezident İlham Əliyevin qəbulunda olarkən deyib.
P.Mixalko qeyd edib ki, Aropa İttifaqı bölgədə sabitlikdə maraqlıdır: “Avropa İttifaqı “Şərq tərəfdaşlığı” Proqramı çərçivəsində sabit, təhlükəsiz və çiçəklənən Cənubi Qafqazın olmasında maraqlıdır. Biz nəzərdə tutulan Şərq Tərəfdaşlığı Sammitinə hazırlıq prosesində Azərbaycanın fəal iştirakını və töhfəsini səbrsizliklə gözləyirik. Biz, həmçinin, ATƏT-in Minsk Qrupuna əlavə olaraq etimadın artırılması və sülhün qurulması prosesində üzərimizə rol götürməyə də hazırıq. Tərəflərin marağı olarsa, biz layihə imkanlarından istifadə edərək sərhədlərin delimitasiyası və demarkasiyası kimi sahələrdə təcrübəmizi bölüşməyi təklif edirik”.
Belə görünür ki, Avropa rəsmiləri Minsk Qrupunun rolunun artırılmasında, fəaliyyətinin genişləndirilməsində və bütün bunlarla yanaşı quruma əlavə səlahiyyətlərin verilməsində təşəbbüslərlə çıxış edirlər. Çünki bütün bunlar bu və ya digər dərəcədə bir-biri ilə bağlıdır. Ancaq nəzərə alsaq ki, Minsk Qrupu özünü doğrultmayıb, o zaman bu kimi istəklərlə çıxış etmək nə dərəcədə məntiqlidir?

Məsələyə münasibət bildirən millət vəkili, politoloq Elman Nəsirov hesab edir ki, ATƏT-in Minsk Qrupu ona olan etimadı itirib: “Avropa İttifaqı rəsmiləri istəyir ki, Minsk Qrupuna etimad bərpa olunsun. Petr Mixalko Prezident İlham Əliyevin qəbulunda olarkən sözügedən məsələni qabartdı. Bununla əslində Aİ nümayəndəsi etiraf etdi ki, Minsk Qrupuna etimad çox aşağıdır. Deyərdim ki, yox səviyyəsindədir. Bunun üçün də çox ciddi əsaslar var. Məsələ ondadır ki, qurumun 30 ilə yaxın fəaliyyəti nəticə etibari ilə münaqişənin həllinə gətirib çıxarmayıb. Bir sıra hallarda məsələnin həlli yolunda buxova çevrilib. Ona görə də indi ATƏT-in Minsk Qrupuna ikinci nəfəs vermək istəyirlər. Belə bir zəmin yaratmaq istəyirlər ki, bundan sonra MQ etimadı doğrultmağa çalışacaq. Bununla belə, P.Mixalko onu da qeyd etdi ki, Aİ postmünaqişə dövründə həllini gözləyən məsələlərə öz töhfəsini verə bilər. Ona görə də cənab Prezident qeyd etdi ki, sülh sazişinin imzalanmasına, sərhədlərin delimitasiyasına ehtiyac var. O cümlədən, kommunikasiyaların bərpası ilə bağlı Aİ-nin köməyi faydalı olacaq. Sadalanan prosesə bütün tərəflər dəstək verəcəksə, regionda sülh və sabitlik dayanıqlı olacaq. Bir məqamı da qeyd edim ki, kommunikasiya xətlərinin açılması ilə bağlı Azərbaycanla Ermənistan arasında müəyyən proseslər gedir. Bu proseslər diqqətdən yayınmır. Artıq Azərbaycan Hava Yollarına məxsus təyyarələr Ermənistanın hava məkanından istifadə edir. Eyni zamanda Ermənistanın da Azərbaycanın hava məkanından istifadə etməsinə dair razılaşma əldə olunub. Belə olan halda ATƏT-in Minsk Qrupu bilməlidir ki, heç bir halda status məsələsi müzakirə mövzusu ola bilməz. Quruma hansısa əlavə səlahiyyətlərin verilməsindən söhbət gedə bilməz. Yalnız sülh sazişi, delimitasiya və demarkasiya, humanitar xarakterli məsələlər müzakirə oluna bilər. Minsk Qrupu yalnız bu məsələlərdə müəyyən rol oynaya bilər”.
Millət vəkili hesab edir ki, sadalanan məsələlərin həllinə beynəlxalq qurumlar töhfə verə bilər.

Oxşar xəbərlər