Bir gediş qaldı... Sülh sazişinə
8-10-2021, 11:53
173

Bir gediş qaldı... Sülh sazişinə

Hər iki ölkə hava məkanının açılması istiqamətində mühüm addımlar atıb
44 günlük Vətən müharibəsindən bir ilə yaxın zaman keçsə də, Azərbaycan ilə Ermənistan arasında bəzi məsələlərin həlli hələ də açıq qalır. Qarşı tərəf 10 noyabr üçtərəfli Bəyanatının müddəalarına tam riayət etmir, dövlət sərhədlərinin müəyyənləşdirilməsi istiqamətində qeyri-konstruktiv mövqe sərgiləyir. Bundan başqa, rəsmi İrəvan razılaşmada öz əksini tapan kommunikasiyaların açılması və bərpa olunması öhdəliyini də yerinə yetirmir. Qalib Azərbaycan isə səbirlə məsələlərin dialoq və müzakirə yolu ilə həllinə tərəfdar, qarşılıqlı dialoqa hazır olduğunu deyir. Yeri gəlmişkən, Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan ölkəsinin parlamentindəki çıxışında Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin görüşü ilə bağlı razılığın əldə olunduğunu deyib. Görüşdə, ilk növbədə, humanitar məsələlərin müzakirə olunacağı vurğulanıb. Azərbaycan Xarici İşlər nazirliyinin (XİN) Mətbuat Xidməti idarəsinin rəisi Leyla Abdullayeva da Azərbaycan dövlətinin hər zaman dialoqa açıq olduğunu bildirib, ölkəmizin hər hansı fikir ayrılıqlarının danışıqlar yolu ilə həllinə üstünlük verdiyini vurğulayıb və XİN rəhbərlərinin görüşünün keçirilməsini istisna etməyib.
Qeyd edək ki, iki XİN rəhbəri arasında nəzərdə tutulan bu görüş sülh sazişinə gedən yolda mühüm əhəmiyyət kəsb edir. Hətta bəzi siyasi ekspertlər bu görüşü Qarabağ müharibəsinin nəticələrinə dair sülh sazişinə gedən yolda “son raund” belə adlandırırlar. Mövqelər isə artıq müəyyənləşib: Azərbaycan öz şərtlərini Ermənistana çatdırıb. Qarşı tərəf ölkəmizin ərazi bütövlüyünü tanımalı, dövlətlər arasında sərhədlərin demarkasiya və delimitasiyası məsələləri öz həllini tapmalı, dayanıqlı sülhün təmini üçün addımlar atmalı, o cümlədən kommunikasiyaların fəaliyyətinə maneə aradan qaldırılmalıdır.
Məsələ ilə bağlı fikirlərini bölüşən Milli Məclisin deputatı Elman Nəsirov bildirib ki, Azərbaycan dövləti hər zaman konstruktiv danışıqlara, müzakirələrə böyük önəm verib və bütün problemlərin məhz danışıqlar yolu ilə həll edilməsinə tərəfdar olub. Eyni zamanda, müharibədən ötən bir il ərzində də regional inkişafa təkan verəcək əməkdaşlığın qurulması üçün bütün gücünü sərf edib. Bununla belə, postmüharibə dövründə öz həllini gözləyən problemlərin mövcud olduğunu deyən millət vəkilinin fikrincə, həll yolları müzakirələrdən keçir: “Ötən dövr ərzində iki ölkənin bir sıra rəsmi dövlət nümayəndələri arasında müəyyən təmaslar olub. Artıq Azərbaycan, Rusiya və Ermənistan baş nazirlərinin müavinləri səviyyəsində işçi qrupu fəaliyyət göstərir. Bununla yanaşı, hər iki ölkə hava məkanının açılması istiqamətində mühüm addımlar atıb. Eyni zamanda, Azərbaycan və Ermənistan XİN rəhbərlərinin Nyu-Yorkda BMT Baş Məclisinin 76-cı sessiyası çərçivəsində konstruktiv görüşü baş tutub. Yeni görüşlə bağlı anonslar da verilib. Bütün bunlar tərəflər arasında dialoq üçün münbit şəraitin formalaşması mahiyyətini ortaya qoyur”.
XİN rəhbərlərinin ardından Azərbaycan ilə Ermənistan arasında daha yüksək səviyyədə görüşün baş tutması ilə bağlı proqnozların da səsləndirildiyini diqqətə çatdıran E.Nəsirovun fikrincə, sülhün əldə olunması üçün Azərbaycanın irəli sürdüyü şərtlər mütləq şəkildə yerinə yetirilməlidir. “XİN rəhbərlərinin görüşündə kommunikasiyaların bərpası, iki dövlət arasında sərhədlərin demarkasiyası və delimitasiyası ilə bağlı məsələlər müzakirə olunacaq. Bundan başqa, minalanmış ərazilərin xəritələrinin dəqiq və tam şəkildə Azərbaycana təqdim edilməsi də əsas müzakirə predmetlərindəndir. Təbii ki, gündəlikdə digər məsələlər də yer ala bilər. Bir məqam tam dəqiqdir ki, status məsələsi müzakirə predmeti olmayacaq. Ermənistanın XİN rəhbəri də bildirdi ki, belə müzakirələr daha vacib məsələlərin konstruktiv məcrada tənzimlənməsinə mane olur”, -deyən E.Nəsirov əlavə edib ki, bu məsələdə Azərbaycan Prezidentinin mövqeyi birmənalıdır - hər hansı bir statusdan söhbət gedə bilməz. Millət vəkili deyib ki, keçiriləcək ikitərəfli görüşdən müəyyən uğurlar da gözlənilir.

Oxşar xəbərlər