“İran üçün müsəlman Azərbaycan hamıdan yaxın olmalıdır” – Politoloq
8-10-2021, 15:33
236

“İran üçün müsəlman Azərbaycan hamıdan yaxın olmalıdır” – Politoloq

“Azərbaycan Respublikasının xarici siyasətinin prioritet istiqaməti ikitərəli münasibətlər formatıdır. Bu siyasəti ölkə prezidenti cənab İlham Əliyev müəyyən edir. İkitərəfli münasibətlər yüksək səviyyədə olanda üçtərəfli, dördtərəfli, beştərəfli hətta altıtərəfli münasibətlərin formalaşması üçün münbit şərait yaranır. İkitərəfli münasibətlərin içərisində isə prioritet istiqamət Azərbaycan dövləti üçün qonşularla münasibətlərdir. Bu nöqteyi-nəzərdən qonşu İranla münasibət Azərbaycanın xarici siyasəti üçün prioritet istiqamətlərindən biridir”.

Bu fikirləri son zamanlar Azərbaycan-İran münasibətlərində yaranmış gərginliklə bağlı herbiand.az-a açıqlamasında Milli Məclisin deputatı Elman Nəsirov bildirib.

Elman Nəsirov qeyd edib ki, Azərbaycan İran ilə mehriban qonşuluq münasibətlərinə sadiqdir və hər zaman da bu siyasəti həyata keçirib:

“Amma təəssüf hissi ilə qeyd etmək istəyirik ki, İran tərəfi bu mehriban qonşuluq münasibətlərinə, mahiyyətinə zidd olan addımlar atmaqdadır. Xüsusilə də Azərbaycanın sərhədləri boyunca 2 dəfə irimiqyaslı hərbi təlimlər keçirməsi və əzələ nümayiş etdirməsi bunu bir daha təsdiqləyir. Bu yerdə İranın xarici işlər naziri Moskvaya səfəri zamanı rusiyalı həmkarı ilə danışıqların gedişatında və mətbuat üçün müsahibəsində də vurğulayıb ki, guya Azərbaycan sərhədlərində sionist rejim formalaşmaqdadır, guya sərhədimizə İsrail gəlib və oradan İrana təhdidlər var, sərhədlərin dəyişdirilməsi prosesi gedir və s. Bu kimi nonsens hesab edilə biləcək bəyanatlar səsləndirib. Burda təbii ki, Lavrovun da fikirlərindən sitat gətirmək yerinə düşər. Rusiya xarici işlər naziri bildirib ki, “siz bu fikirləri söyləyərkən onu da bilin ki, Azərbaycan tərəfi onun sərhədləri boyunca hərbi təlimlər keçirməyinizdən çox narahatdır”. Bu faktı vurğulayıb”.

Politoloq vurğulayıb ki, bu məsələrlə bağlı ölkə prezidenti cənab İlham Əliyev Cəbrayılda ictimaiyyət nümayəndələri ilə görüşündə də toxundu:

“Əli ilə də göstərdi ki, “bu ərazilərdən deyirlər İsrail İrana təhdid yaradır, burda hər şey dağıdılıb, məhv edilib və insan da yoxdur. Sübutlar və dəlillər göstərin. Heç bir sübut və dəlil yoxdursa buna deyirlər yalan, böhtan, şayiə, qaralama”. Məsələnin mahiyyəti də budur. Haqlı olaraq cənab Prezident vurğuladı ki, 30 il ərzində torpaqlarımız işğal altında qalarkən bir dəfə də İran tərəfi bu sərhədlər boyunca hərbi təlimlər keçirmədi, əzələ nümayiş etdirmədi, işğalçıya öz gücünü göstərmədi. Elə ki torpaqlarımızı işğaldan azad etmişik, İran tərəfi başlayıb belə addımlar atmağa. Bilirsiz İran bizi əsassız, faktsız, arqumentsiz ittiham etmək istəyir ki, guya biz İsrail üçün şərait yaradırıq ki, İrana təhdid yaratsın”.

E.Nəsirov bu yerdə hətta bir misal da çəkib:

“2006-cı ilin aprel ayında Azərbaycan Prezidenti cənab İlham Əliyevin ABŞ-a ilk rəsmi səfəri oldu. O səfər elə bir dövrə təsadüf edirdi ki, istənilən gün ABŞ-ın İrana qarşı hava zərbələri endirəcəyi ilə bağlı məlumatlar yayılırdı. Bəzən saatı, günü və dəqiqəsi göstərilib. Eyni zamanda, Azərbaycan ərazisindən istifadə etməklə İrana zərbələr endirilməsi çox məqbul variant kimi nəzərdən keçirilirdi. Ağ Evdə Corc Buş ilə danışıqların gedişatında Azərbaycan Prezidentinə bu istiqamətdə təzyiqlər göstərilmişdi ki, ərazinizdən istifadə etməyə icazə verin. Lakin Azərbaycan Prezidenti məhz mehriban qonşuluq münasibətlərindən çıxış edərək, bizim İranla strateji tərəfdaşlıq münasibətlərindən çıxış edərək bilirsiniz ki, bizim orda 35-40 milyon soydaşımız yaşayır. Azərbaycan və İran dövlətlərini din, tarix birləşdirir, ənənələrimiz var. Bütün bu məntiqdən çıxış edərək söyləmişdi ki, heç bir 3-cü dövlət Azərbaycanın ərazisindən istifadə etməklə İrana müdaxilə edə bilməz, zərbə endirə bilməz. Buna biz imkan vermərik. Eyni zamanda cənab İlham Əliyev bu fikirləri Ağ Evin qarşısında keçirdiyi brifinqdə bir daha səsləndirdi ki, imkan vermərik ki, kimsə İrana Azərbaycan ərazisindən plasdarm kimi istifadə edərək hücuma keçsin. Üstündən 15 il keçib və sözünün sahibidir. İmkan verməyib ki, Azərbaycan ərazisindən bu təzyiq və təhdidlər İrana qarşı baş tutsun. İndi İranın siyasi və dini rəhbərliyinə üzümü tutub söyləyirəm ki, İsrail böyük dövlətdir, yoxsa ABŞ? ABŞ dünyanın ən fövqəldövlətidir. Dünyada təxminən 800-ə qədər hərbi bazası var. Dünyanın elə bir ölkəsi yoxdur ki, maraqları orada cəmləşməsin. Fövqəldövlətin təzyiqlərinə tab gətirib İrana hücuma imkan verməyən Azərbaycana İsrail necə təzyiq göstərə bilər. Azərbaycanın mövqeyini necə dəyişə bilər? Bunlar qeyri-mümkündür. Ona görə də hesab edirəm ki, İranın elitası və xalqı bunu çox gözəl bilir, bütün bunlar xalqın yaddaşındadır ki, Azərbaycan Prezidenti faktiki olaraq 2006-ci il reallığında İranı xilas etdi. Bu məqamı İranın siyasi elitası, siyasi hərbi rəhbərliyi gərək yaddan çıxarmasın. Bilsin ki, Azərbaycan İranla həmişə mehriban qonşuluq, dostluq və qardaşlıq  münasibətlərinə sadiq qalıb. Bunun qarşılığında görün bizi nədə ittiham edirlər və hansı addımlar atırlar”.

Siyasi şərhçi İranın bütün bu davranışının hakim ideologiya olan xomeynizmə daban-dabana zidd olduğunu deyib:

“Xomeynizm ideologiyasının 2 istiqaməti var. Birincisi İran İslam İnqilabının ixracı, yəni o ölkələr ki islam dəyərlərindən uzaqlaşıb, o ölkələr ki qərbin əlində alətə çevrilib həmin ölkələrə İran İslam İnqilabının ixracı. İkinci istiqamət isə müsəlmanın müsəlmandan yaxın dostu yoxdur. Bu Xomeynizmin baş prinsipləridir. Belə olan vəziyyətdə sual yaranır ki, İran üçün müsəlman Azərbaycan hamıdan yaxın olmalıdır. Bəs onda nə baş verir? Xomeynizmidənmi imtina ediblər? Qoy rəsmən elan etsinlər ki, Xomeynizm ideologiyası bizdə daha yoxdur. Ondan imtina etmişik, biz də işimizi bilək. Ona görə də baş vermiş hadisələrə görə bütün məsuliyyət İran tərəfinin üzərinə düşür və onlar məsuliyyət daşıyırlar. Bu davranış İranın özünün də milli dövlətçilik maraqları üçün daban-dabana ziddir. İran üçün xeyli problem yarada bilər və yaratmaqdadır”.

Regionda həllini gözləyən məsələlərlə bağlı danışan ekspert bildirib ki, bununla bağlı 3+3 formatı düşünülürdü – 3 Cənubi Qafqaz ölkəsi –  Azərbaycan, Ermənistan, Gürcüstan və 3 region dövləti – Rusiya, Türkiyə, İran:

“Bu davranış heç şübhəsiz ki, artıq İranın tənzimləmə prosesində, sülh prosesində, Cənubi Qafqazda təhlükəsizlik mühitinin formalaşmasında səmimi iştirakçı olacağına şübhələr yaradır. Təsadüfi deyil ki, cənab Prezident son çıxışlarında qeyd etdi ki, əvvəla Azərbaycan və Ermənistan arasında həlli gözlənilən məsələləri 2 dövlətin özü həll edə bilsə bu əla olardı. Yaxud da Azərbaycan, Ermənistan, Rusiya və Türkiyə dövlətlərinin 2+2 danışıqları çox effektli olardı. Bu cür formulalar artıq düşünülməkdədir. Azərbaycan Prezidenti bunu səsləndirib. Yəni bu o deməkdir ki, İran düşünsün ki, bu davranış onların region siyasətinə də, milli maraqlarına da zərbədir. Onsuzda İrana beynəlxalq aləmdə münasibət mənfidir. Nüvə silahı əldə etməyə cəhd edən ölkə statusuna malikdir. Beynəlxalq terrorizmi himayə etməkdə ABŞ İranı ittiham edir. Bu rəsmi Vaşinqtonun mövqeyidir. Belə olan vəziyyətdə sanksiyalar altında olan bir dövlət üçün Azərbaycan kimi dost ölkəni itirmək bu qədərmi dəyərlidir, qiymətlidir, faydalıdır? Bu sualların cavabını İran tapsa öz yeritdiyi indiki yanlış siyasətindən imtina edər”.

Sonda Elman Nəsirov vurğulayıb ki, Azərbaycanın rəsmi ideologiyası azərbaycançılıqdır, İranda isə bu xomeynizmdir:

“Başa düşə bilmirəm ki, doğrudanmı özlərinin 1979-cu il inqilabından bəri xidmət etdikləri xomeynizm ideologiyasından imtina ediblər. Bu baş veribsə, onda İran dövlətinin mahiyyəti dəyişməkdədir. Bunu isə özləri dəyişirlər. Hər halda mən düşünürəm ki, İranın siyasi seqmentində ağıllı insanlar var və onlar ölkənin ali dini liderinə məsləhət görəcəklər ki, atılmış bu addımlar tarixi, ənənəvi Azərbaycan-İran dostluğuna və qardaşlığına kölkə salır, xələl gətirir. Bu hala son qoymaq üçün İran özündə güc tapmalı və addımlar atmalıdır ki, nəticə etibarilə münasibətlərimizə dəymiş bu ziyan aradan qalxsın və etimad mühiti formalaşsın. Onun pozulmasında bütün məsuliyyət İranın siyasi, hərbi və dini rəhbərliyinin üzərinə düşür”.

Oxşar xəbərlər