Daşkəsəndə Vətən Müharibəsi Şəhidləri anılıb, Bayan kəndində və Gəncə şəhərində Şəhidlərin xatirəsinə inşa olunmuş bulaqların açılışı keçirilib
13-10-2021, 16:48
336

Daşkəsəndə Vətən Müharibəsi Şəhidləri anılıb, Bayan kəndində və Gəncə şəhərində Şəhidlərin xatirəsinə inşa olunmuş bulaqların açılışı keçirilib

Oktyabrın 13-də Daşkəsən rayon Şəhidlər xiyabanında Vətən Müharibəsi şəhidləri gizir Abdullayev Şəhriyar Kamil oğlunun anım günü və gizir İsmayılov Novruz Nürəddin oğlunun doğum günü qeyd olunub. 
Tədbirdə Daşkəsən rayon İcra hakimiyyətinin başçısı Əhəd Abıyev, Kəlbəcər rayon İcra hakimiyyətinin başçısı Azər Qocayev, Daşkəsən və Kəlbəcər rayonlarının hüquq-mühafizə orqanlarının rəhbərləri, ictimaiyyət nümayəndələri, şəhidlərin ailə üzvləri, rayonun şəhid anaları, qazilər və KİV mənsubları iştirak ediblər.
Əvvəlcə şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib, ölkəmizin ərazi bütövlüyü uğrunda şəhid olan vətən övladlarının ruhuna dualar oxunub. 
Daşkəsən rayon İcra hakimiyyətinin başçısı Əhəd Abıyev Daşkəsən Şəhidlər xiyabanında nitq söyləyib.   Əhəd Abıyev çıxışında Prezident, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə ötən ilin sentyabrın 27-də başlanan və Zəfərlə başa çatan Vətən Müharibəsində qazanılan qələbənin tarixi əhəmiyyətindən danışıb. Bildirib ki, Prezident cənab İlham Əliyev və Birinci vitse-prezident hörmətli Mehriban xanım Əliyeva şəhid ailələrinin, qazilərin və müharibə iştirakçılarının qayğılarını daim diqqət mərkəzində saxlayır. Bununla yanaşı şəhidlərimizin, igid döyüşçülərimizin döyüş yolu öyrənilir və onlar göstərdikləri şücaətlərə görə qiymətləndirilir, təltif olunurlar.
Sonra Daşkəsənin Bayan kəndində Vətən müharibəsi şəhidi Abdullayev Şəhriyar Kamil oğlunun xatirəsinə inşa edilən bulaq kompleksinin açılışı keçirilib. Açılış mərasimdə etdiyi çıxışda Daşkəsən rayon İcra hakimiyyətinin başçısı  Əhəd Abıyev deyib: 
- Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi altında cəmi 44 gün davam edən Vətən Müharibəsində Azərbaycan Ordusu işğalçı Ermənistan ordusunu darmadağın edərək böyük tarixi qələbəyə nail oldu.
Vətən Müharibəsində respublikamızın bütün bölgələrində olduğu kimi Daşkəsən rayonundan da yüzlərlə gənc ordu sıralarına könüllü qoşuldu, ölkəmizin ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə qəhrəmancasına vuruşdular. Onlardan 32 nəfər müqəddəs şəhidlik zirvəsinə ucaldı. Belə cəsur döyüşçülərimizdən biri də Vətən Müharibəsi şəhidi Azərbaycan Ordusunun giziri Abdullayev Şəhriyar Kamil oğludur. Bütün Daşkəsənlilər adından şəhid Şəhriyar Abdullayevin ailəsinə və yaxınlarına dərin hüznlə başsağlığı verir, şəhidimizə Allahdan rəhmət diləyirik.
Xüsusi Təyinatlı Qüvvələrin giziri Şəhriyar Abdullayev Vətən Müharibəsi zamanı Kəlbəcərin, Füzulinin və Cəbrayılın azadlığı uğrunda gedən döyüşlərdə vuruşub, qəhrəmanlıq nümunələri göstərib. O, 2020-ci ilin oktyabrın 13-də Hadrut döyüşləri zamanı şəhidlik zirvəsinə ucalıb.
Prezident cənab İlham Əliyevin sərəncamları ilə Şəhriyar Abdullayev hərbi hissə qarşısında qoyulmuş döyüş tapşırıqlarını, vəzifə borcunu şərəflə yerinə yetirdiyinə görə  “Vətən uğrunda”, “Füzulinin azad olunmasına görə”, “Cəbrayılın azad olunmasına görə”, ”Kəlbəcərin azad olunmasına görə” və “Hərbi xidmətlərdə fərqlənməyə görə” medalları ilə təltif olunub. 
Şəhid Şəhriyar Abdullayev qəlbimizdə əbədi yaşayacaq və onun xatirəsi daim əziz tutulacaqdır. 
Bu gün Prezident cənab İlham Əliyev və Birinci vitse-prezident hörmətli Mehriban xanım Əliyeva şəhid ailələrinə, qazilərimizə böyük diqqət və qayğı göstərirlər. Buna görə daşkəsənlilər adından Prezident cənab İlham Əliyevə və Birinci vitse-prezident hörmətli Mehriban xanım Əliyevaya minnətdarlığımız bildiririk.  
Çıxış edən Kəlbəcər rayon İcra hakimiyyətinin başçısı Azər Qocayev Kəlbəcər rayonundan olan şəhid Şəhriyar Abdullayevə Allahdan rəhmət, ailəsinə səbir diləyib, şəhidin keçdiyi şərəfli döyüş yolundan söz açıb.  Azər Qocayev bildirib ki, qalib Azərbaycan xalqı şəhidlərimizin xatirəsini hər zaman  əziz və uca tutacaqdır. 
Daha sonra Daşkəsən rayon İcra hakimiyyətinin dəstəyi və Şəhidin valideynlərinin təşəbbüsü ilə tikilmiş bulaq kompleksinin açılışı olub.
Açılış mərasimində həmçinin Şəhidin döyüş yoldaşları xatirələrini bölüşüb, məktəb şagirdləri şeirlər oxuyublar. 
Daşkəsən rayon İcra hakimiyyətinin başçısı Əhəd Abıyev şəhid gizir Şəhriyar Abdullayevin ”Kəlbəcərin azad olunmasına görə” medalını Şəhidin anası Abdullayeva Firuzə Həsən qızına təqdim edib.
Şəhidin atası Kamil Abdullayev, anası Firuzə Abdullayeva ailələrinə göstərilən diqqət və qayğıdan razı qaldıqlarını və buna görə Prezident cənab İlham Əliyevə və Birinci vitse-prezident hörmətli Mehriban xanım Əliyevaya minnətdarlıqlarını bildiriblər.
 Daha sonra Əhəd Abıyev və rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, ictimaiyyət nümayəndələri, şəhid valideynləri, qazilər Vətən Müharibəsi şəhidi gizir İsmaylov Novruz Nürəddin oğlunun ad gününü Gəncə şəhərində Şəhidin valideynlərinin yaşadığı evdə keçiriblər. Əvvəlcə Şəhidin xatirəsinə inşa edilən bulağın açılışı olub.
 Əhəd Abıyev  bulağın açılışında şəhid gizir Novruz İsmayılovun döyüş yolundan söhbət açıb. Bildirib ki, Novruz İsmayılov Ermənistan işğalı altında olan ərazilərimizin azad edilməsi üçün başlanan Vətən Müharibəsi zamanı Füzuli istiqamətində gedən döyüşlərdə qəhrəmancasına savaşaraq, müqəddəs şəhidlik zirvəsinə ucalıb. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün  Prezident cənab  İlham Əliyevin  müvafiq sərəncamlarına əsasən Novruz İsmayılov  "Vətən uğrunda" və "Füzulinin azad olunmasına görə" medalları ilə təltif edilib.
Əhəd Abıyev Şəhidin atası Nürəddin İsmayılova da baş çəkib, onun səhhəti, müalicəsinin gedişi ilə maraqlanıb və maddi yardım göstərib.
 Şəhidin atası Nürəddin İsmayılov, anası Qəmilə İsmayılova ailələrinə göstərilən diqqət və qayğıdan razı qaldıqlarını və buna görə Prezident cənab İlham Əliyevə və Birinci vitse-prezident hörmətli Mehriban xanım Əliyevaya minnətdarlıqlarını bildiriblər.
Allah şəhidlərimizə rəhmət eləsin!
    
Elmar Əliyev – Vüqarlı
Daşkəsən RİHBA-nın İctimai-siyasi və humanitar
məsələlər şöbəsinin müdir müavini

Oxşar xəbərlər