"O qeyri-müəyyən vaxta qədər necə yaşamalıdır?" - GİLEY
14-10-2021, 11:35
140

"O qeyri-müəyyən vaxta qədər necə yaşamalıdır?" - GİLEY

Tovuz rayonunun Düzqırıxlı kənd sakini 1970-ci il təvəllüdlü Məmmədov Vüqar Əli oğlu qazanc məqsədilə Rusiya Federasiyasına, Moskva şəhərinə gedibmiş. Amma qürbətdə də bəxti gətirməyib. 2018-ci il avqustun 2-də onu maşın vurub. Hadisə şahidlərinin çağırdıqları təcili yardımla Moskvadakı 5 nömrəli Filatov adına kliniki xəstəxanaya yerləşdirilib. İlkin kliniki diaqnozu belə olub: Döş qəfəsinin qapalı travması, çoxsaylı qabırğa sınıqları, ağ ciyərin əzilməsi, sağ budun sınığı, sifət skeletinin çoxsaylı sınıqları, sağ bud sümüyünün xroniki ososteomieliti…”

Vüqar Moskvada xəstəxanada kimsəsiz kimi xeyli yatandan sonra ona orada Xoşqədəm Hidayətqızının “Səni axtarıram” verilişinin əməkdaşları rast gəliblər, Rusiyanın başqa yerində yaşayan qardaşını da tapıblar və soydaşlarımızın köməyilə vətənə gətirilməsini təşkil ediblər. Yarımcan vəziyyətdə evə dönəndən sonra yaşamaq üçün heç bir imkanı olmayan, heç kimdən kömək görməyən Vüqar 22.08.2018-ci il tarixdə Tovuz Rayon Mərkəzi Xəstəxanasına qeydiyyata düşüb və yerli həkim komissiyasında müayinədən keçərək, tibbi-sosial ekspert komissiyasına göndəriş alıb. 17.09.2019-cu il tarixli göndəriş vərəqində onun əsas xəstəliyi (əməliyyatdan sonrakı ensefalopatiya, limfostaz, ankizot, kəskin axsama) göstərilib. TSEK-ə göndərilən vaxt vəziyyətinin orta ağır, tənəffüsünün xırıltılı olduğu, ortopedik qurğu ilə çətinliklə hərəkət etdiyi, sümük strukturunun pozuntusu, ətraf oynaqlarında hərəkətin məhdudluğu göstərilib.

Hətta Bakıya, Mərkəzi TSEK-ə getməyə yol pulu belə tapmayan Vüqar Məmmədova Tovuz rayonunu parlamentdə təmsil edən millət vəkili Qənirə Paşayeva köməklik göstərib. Mərkəzi TSEK-də müayinələrdən keçəndən sonra geri qayıdan Vüqara Tovuz RMX-nın baş həkimi vəd edib ki, arxayın olsun, əlilliyi təyin olunacaq, gələn aydan pensiyası köçürüləcək. Lakin tezliklə məlum olub ki, onun əlillik təyinatı barədə sistemə məlumat vurulmayıb. Yenidən TSEK-ə göndəriş alıb, yenidən müayinədən keçib, yenidən əlillik dərəcəsi təyin olunacağı vədini alıb. Amma nəhayətdə yenə məyus olub.

TSEK-in yekun qərarında qeyd olunub ki, Vüqar Məmmədovun sağ buduna Moskvada qoyulmuş köhnə metallik ştift çıxarılmalı, əvəzinə xarici fiksə aparatı qoyulmalıdır. Çünki sümüyü bitişməyib. Bəs elə isə tövsiyə olunan bu əməliyyatı kim və nə vaxt yerinə yetirməlidir? O qeyri-müəyyən vaxta qədər necə yaşamalıdır? Üstəgəl, hətta bu əməliyyat həyata keçiriləcəyi təqdirdə belə V.Məmmədovun əmək qabiliyyətinin bərpa olunacağı ehtimalı azdır. Çünki səhhətindəki digər qüsurlar, məsələn, əlinin 4 barmağından məhrum olması onu işləmək imkanından məhrum edir. Görünür, Tovuz RMX-nın həkim komissiyası TSEK-ə Vüqar üçün verdiyi göndərişlərdə ona əlillik təyin olunması üçün yetərli olan bütün səhhət qüsurlarını tam əks etdirməyib. Bunun da səbəbi ən azı səhlənkarlıq və laqeydliklə, çox halda isə adətən korrupsiya hüquqpozması ilə əlaqələndirilir: Gerçək əlil olmaq azdır, baş həkimin “bığının altından” keçdinsə, işin düzələcək.

Deryaz.az

Oxşar xəbərlər