Bakıda güclü yanğın: Qərargah yaradıldı, sakinlər təxliyyə edildi - YENİLƏNİB/FOTO/VİDEO
16-10-2021, 10:25
222

Bakıda güclü yanğın: Qərargah yaradıldı, sakinlər təxliyyə edildi - YENİLƏNİB/FOTO/VİDEO

Nərimanov rayonunda, Nərimanov metrostansiyası yaxınlığında “Metro-City” ticarət mərkəzində başlayan yanğın ətrafdakı ticarət obyektlərinə də keçib.
Ticarət mərkəzinin yaxınlığındakı Mobil telefon satışı dükanlarında və aptekdə də yanğın başlayıb. Yanğının söndürülməsi üçün 10 yanğınsöndürmə maşını və 70 yanğınsöndürən cəlb olunub. Hazırda yanğınsöndürənlər əsas diqqəti yanğının yaxınlıqdakı çoxmərtəbəli yaşayış binasına keçməsinin qarşısını almağa yönəldib.
Yanğının söndürülməsi istiqamətində Qərargah yaradılıb. Hadisə yerinə Bakı Şəhər İcra Hakimiyyətinin və digər dövlət qurumlarının rəsmiləri gəlib. 
Hazırda ətrafda yaşayan binaların sakinləri ərazidən təxliyyə edilir.
09.33
Bakının Nərimanov rayonunda yanğın davam edir. 

Qaynarinfo-nun hadisə yerində olan əməkdaşının verdiyi məlumata görə, yanğın “Metro City” ticarət mərkəzindədir. 
Ticarət mərkəzinin içinin mallarla dolu olduğu bildirilir. Hazırda yanğının lokallaşdırılması üçün hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin yanğınsöndürən maşınları cəlb edilib. 
Fövqəladə Hallar Nazirliyi yanğınla bağlı məlumat yayıb: "FHN-in “112” qaynar telefon xəttinə Bakı şəhəri, Nərimanov rayonu, Təbriz küçəsində yerləşən obyektlərdə yanğın olması barədə məlumat daxil olub. Məlumat qəbul ediləndən dərhal sonra FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri yanğın baş verdiyi ünvana cəlb olunub".
Bakı Nəqliyyat Agentliyi də məlumat yayıb. Bildirilib ki, Nərimanov rayonunda ticarət mərkəzində baş verən yanğınla əlaqədar Ağa Nemətulla küçəsindən Təbriz küçəsinə nəqliyyat vasitələrinin hərəkətinə məhdudiyyət qoyulub. Ərazidə nəqliyyat sıxlığının yaranmaması üçün zərurət olmadığı halda bu istiqamətdə minik avtomobili ilə hərəkət etməmək tövsiyə edilir.
09.12
Nərimanov rayonu ərazisində güclü yanğın başlayıb.
 
Hadisə metronun yaxınlığında baş verib.
 
Qaynarinfo-nun hadisə yerində olan əməkdaşının verdiyi məlumata görə, dönərxanalarda başlayan yanğın artıq "Baku Electronics"in binasına keçmək üzrədir.

Oxşar xəbərlər