“Qarabağda açılan məktəblərə, küçələrə şəhidlərimizin adının verilməsi tam məntiqidir” – Elman Nəsirov
5-11-2021, 18:21
151

“Qarabağda açılan məktəblərə, küçələrə şəhidlərimizin adının verilməsi tam məntiqidir” – Elman Nəsirov

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 25-də Qubadlı rayonuna səfəri çərçivəsində rayon ictimaiyyət nümayəndələri ilə görüşüb. Onlarla söhbət zamanı prezident bildirmişdi ki, azad edilmiş bütün şəhər və kəndlərimizdə bərpa işləri başa çatandan sonra şəhidlərimizin adına küçələr qoyulacaq, onların adı məktəblərə veriləcək.

Bundan başqa ölkə başçısı bu yaxınlarda yeni bir qanun da imzalamışdı. İmzalanan qanuna görə, sosial iş yerlərində və özünüməşğulluqda, habelə peşə hazırlığının təşkili zamanı şəhid ailələrinə üstünlük veriləcək.

Bununla bağlı herbiand.az-a danışan millət vəkili Elman Nəsirov şəhid ailələri və qazilərimizin dövlətin diqqət mərkəzində olduğunu bildirdi.

Millət vəkili qeyd etdi ki, ölkə prezidenti cənab İlham Əliyev hər zaman həssas kateqoriyadan olan bu insanlara böyük qayğı ilə yanaşır:

“Bu da təsadüfi deyil. Çünki bu tarixi zəfərimizin əldə edilməsində biz ilk növbədə şəhidlərimizə, qazilərimizə minnətdarıq. Allah bütün şəhidlərimizə rəhmət eləsin. Qazilərimizə Allahdan can sağlığı diləyirik. Bu, belə də olmalıdı. Bilirsiniz ki, şəhid ailələri və qazilərimiz mənzillərlə, avtomobillərlə təmin edilib. Bu, dövlət siyasətidir. Bu siyasət bir daha onu göstərir ki, xüsusilə də bu kateqoriyadan olan insanlara çox böyük diqqət və qayğı var”.

Şəhidlərimizin adına küçə və məktəblərin verilməsi məsələsinə gəldikdə isə Elman Nəsirov vurğuladı ki, bu məsələ heç şübhəsiz ki, tarixi qayıdış tam reallaşdıqdan sonra baş verəcək ki, orada açılan məktəblərə, küçələrə şəhidlərimizin adının verilməsi də tam məntiqidir:

“Burada təəccüblü heç bir şey yoxdu. Çünki, həmin torpaqların azad olunması məhz şəhidlərimizin adı ilə bağlıdır. Yəqin ki, şəhidlərin statusu haqqında qanunda da müəyyən dəyişikliklər olacaq. Çünki bu istiqamətdə qanunun müəyyən tələbləri var. Şəhidlik statusu haqqında qanunun tələbindən çıxış edərək məktəblərə, küçələrə şəhidlərin adının verilməsinin öz tələbləri var. Bu, qanunda göstərilib. Hesab edirəm ki, qanunda da bu istiqamətdə müyyən dəyişikliklər olacaq ki, işğaldan azad olunmuş və tarixi qayıdışın təmin edilmiş Qarabağın şəhər və kəndlərində məktəb və küçələrə şəhidlərimizin adlarının verilməsi realaşsın. Bu proses gələcəkdə daha böyük miqyas alacaq”.

Oxşar xəbərlər