“Moskvada yaşayırdı, müharibəni eşidən kimi könüllü qatılıb şəhid oldu...”
12-11-2021, 15:25
152

“Moskvada yaşayırdı, müharibəni eşidən kimi könüllü qatılıb şəhid oldu...”

Bu gün Vətən müharibəsi iştirakçısı şəhid Turxan Allahverdiyevin şəhadətə qovuşmasının ildönümüdür. Gədəbəyin İnəkboğan kəndində anadan olan 1996-cı il təvəllüdlü şəhidimiz oktyabrın 25-dən döyüşlərdə könüllü olaraq iştirak edib. O, Rusiyanın paytaxtı Moskva şəhərinə işləməyə getsə də, müharibənin başladığını eşidən gündən etibarən Vətənə qayıtmaq istəyib. Ailə üzvlərinin israrına rəğmən, yaşağıdı şəhərdə işlədiyi bazarda işini yarımçıq qoyaraq 30 ildir düşməndən azad edilməsi gözlənilən torpaqlarda döyüşmək istəyib.  
O, ilk olaraq Hadrut qəsəbəsinin azad olunması uğrunda döyüşlərə qatılıb. Noyabrın 7-də Şuşada şəhid olan T. Allahverdiyev noyabrın 12-də doğulduğu kənddə torpağa tapşırılıb. 
Oğlu barədə xatirələrini "Qafqazinfo”ya danışan şəhidin atası Rəsul Allahverdiyev bildirib ki, sonuncu dəfə onunla noyabrın 4-də danışa bilib: "Hadrutda yaralı komandirini ermənilərdən ələ keçirdiyi maşınla mühasirədən çıxarıb. Komandiri ağır yaralı olub, indi biz bilmirik ki, həmin komandir sağdır ya yox. Hadrutda komandirləri deyib ki, Şuşada xüsusi təyinatlılara kömək etmək üçün getmək lazımdır. Turxan da iki döyüş yoldaşı ilə birgə gedəcəyini gedib. O, Şuşada snayper gülləsindən şəhid olub. Telefonu da şəhid olarkən ürəyinin üstündə olub. Komandirlərinin tapşırığı ilə telefonu bizə verildi. Şüşəsi sınmışdı”. 
 
Son bir ilin ailə üçün çox ağır keçdiyini dilə gətirən ata oğlu haqda danışarkən göz yaşlarını hakim ola bilmir: "Qızım nişanlı idi. Belə planlaşdırmışdıq ki, onun toyunu Turxanla bərabər edək. Ancaq qismət olmadı. Moskvada dayanmadan dedi ki, gəlib müharibəyə qatılmaq istəyir. Saxlaya bilmədim, işini qoyub qayıtdı. Digər oğlum da müharibədə könüllü iştirak edib. O, hazırda hərbidə xidmətini davam etdirir”.  
Qeyd edək ki, T. Allahverdiyev "Vətən uğrunda”, "Hərbi xidmətə görə”, "Şuşanın azad olunmasına görə” medalları ilə təltif edilib. Bu gün həm də anadan olduğu kənddə şəhidin adına xatirə bulağının açılış mərasimi keçirilib.  

 
 






 

Oxşar xəbərlər