Brüssel görüşü öncəsi hərbi təxribat baş verə bilərmi? - AÇIQLAMA
2-12-2021, 10:30
198

Brüssel görüşü öncəsi hərbi təxribat baş verə bilərmi? - AÇIQLAMA

Xəbər verdiyimiz kimi, Azərbaycan və Ermənistan liderlərinin dekabrın 15-də Brüsseldə Avropa İttifaqı-Şərq Tərəfdaşlığı Sammiti çərçivəsində görüşü planlaşdırılır. Bu barədə Avropa İttifaqının bəyanatında deyilir.
Bildirilir ki, İlham Əliyev və Nikol Paşinyan sərhəddə insidentlərin qarşısını almaq üçün müdafiə nazirləri səviyyəsində birbaşa rabitə xəttinin yaradılması barədə razılığa gələcəklər. Məsələ bundadır ki, Ermənistanda bu görüşün keçirilməsinin əleyhinə olan qüvvələr var. Xüsusən bu qüvvələr Rusiyanın dəstəklədiyi keçmiş prezident Robert Köçəryanın rəhbərlik etdiyi Ermənistanın ana müxalifət partiyasıdır. Maraqlıdır, onlar bu dəfəki danışıqları pozmaq üçün hansısa təxribata əl atacaqlarmı?
Mövzu ilə bağlı Redaktor.az-ın suallarını Milli Məclisin deputatı Elman Nəsirov cavablandırıb. O bildirib ki, bu görüşlər yekun bir sənədin - sülh müqaviləsinin imzalanması üçün münbit şərait yaradılmasına xidmət edir:
“Ermənistan Azərbaycan münasibətlərinin tənzimlənməsi ilə bağlı noyabrın 26-da Rusiya, Ermənistan və Azərbaycan liderlərinin Soçi görüşü keçirildi. Lakin Soçi görüşündən öncə Brüsseldə Azərbaycan və Ermənistanın siyasi liderlərinin görüşünün keçiriləcəyi  bəlli idi. Brüssel görüşündə Soçidə əldə edilən razılaşmaların, xüsusilə sərhədlərin delimitasiya və demarkasiyası məsələsi, həmçinin kommunikasiya xətlərinin bərpası ilə bağlı razılaşmalar ətrafında müzakirələrin bir qədər də dərinləşməsi proqnoz edilir. Görüşdə minalanmış ərazilərin xəritəsinin Azərbaycana təqdim edilməsi, etimad mühitinin yaradılması, ayrı-ayrı dövlət qurumları arasında birbaşa təmasların qurulması kimi məqamların da müzakirə ediləcəyi gözlənilir. Bu mənada Brüssel görüşü Soçi görüşünün məntiqi sonluğu sayıla bilər. Təbii ki, bu görüşlər yekun bir sənədin-sülh müqaviləsinin imzalanması üçün münbit şərait yaradılmasına xidmət edir”.
Deputat bildirib ki, mühüm sənədlərin imzalanma prosesi zamanı Ermənistanda revanşist qüvvələr vəziyyəti gərginləşdirməyə çalışırlar:
“Onlar bunun üçün ənənəvi üsullardan istifadə edirlər. Atəşkəsin pozulması, hərbi təxribatlar və avantüraların dəfələrlə şahidi olmuşuq. Belə təxribatların sonuncusu noyabrın 16-da baş verib. Ona görə də bu məqamlar nəzərə alınmalıdır. Azərbaycanın Müdafiə Nazirliyi, hüquq-mühafizə orqanları və digər müvafiq qurumlarımız istənilən şəraitdə adekvat reaksiya vermək qabiliyyətindədir. Ermənistan tərəfi unutmamalıdır ki, “Dəmir yumruq” öz yerindədir”.
Politoloq Qabil Hüseynli isə bildirib ki, indidən bu barədə nə isə söyləmək çox çətindir:
“Brüssel görüşü öncəsi hərbi təxribatın baş vermə ehtimalının çox zəif olduğunu düşünürəm. Məlum oldu ki, bu yaxınlarda sərhəddə baş verə təxribatların müəllifi Qarabağ klanının üzvləridir. Söhbət Serj Sarkisyan və Robert Köçəryandan gedir. Dövlət qurumlarında və hərbi strukturlarda onların xeyli adamları var. Bu hadisələrin baş verməsinə onlar rəvac verib. İndi Ermənistanda Qarabağ klanının üzərinə hücuma keçilib. Dövlət qurumlarından bu adamların təmizlənməsi prosesi gedir. Lakin bu prosesin nə dərəcədə uğurla aparılacağı da sual altındadır. Paşinyan bu məsələdə lazımi iradə ortaya qoya biləcəkmi? Bunu indidən demək çox çətindir”.
Politoloq qeyd edib ki, Brüssel görüşü ərəfəsində oxşar hadisələrin baş vermə ehtimalı çox zəifdir:
“Hadisələr çözülmə nöqtəsinə gəlib çatıb. Təxribatçıların kimliyi qismən də olsa müəyyən edilib. Bu mənada görüş ərəfəsi hansısa hadisənin baş verəcəyini deyə bilmərəm”.

Oxşar xəbərlər