Ermənilər Brüssel sammitinə hazırlıq işinə həmsədrlərlə görüşdən başladı...
5-12-2021, 11:46
145

Ermənilər Brüssel sammitinə hazırlıq işinə həmsədrlərlə görüşdən başladı...

Elman Nəsirov: “Minsk Qrupunu yenidən canlandırmaq cəhdləri real nəticə verməyəcək”

Stoqholmda Ermənistan xarici işlər naziri Ararat Mirzoyan ATƏT-in Minsk Qrupunun həmsədrləri və ATƏT-in baş katibi ilə görüşüb. Əsas müzakirə mövzusu “həmsədrlər formatında Dağlıq Qarabağ münaqişəsinin hərtərəfli tənzimlənməsi” olub. A.Mirzoyan Ermənistanın Dağlıq Qarabağ münaqişəsinin ATƏT-in Minsk Qrupu mandatı çərçivəsində nizamlanması istiqatində Ermənistanın mövqeyini bir daha bəyan edib.
Bununla, əslində dünyaya mesaj verilir ki, guya hazırda bölgənin əsas problemi status məsələsidir və bu problem MQ həmsədrləri çərçivəsində həll olunmalıdır. Ermənilər Avropa komissarı Ş.Mişelin vasitəçiliyi ilə Brüsseldə görüşməzdən öncə həmin görüşün gündəmi barədə rəy yaratmağa çalışır. Necə deyərlər, Ermənistan Brüssel görüşü kontekstində “doğuşdan qabaq doğuş” oyunu oynayır. Bütün bunlarda məqsəd yalnız Minsk Qrupu formatının bərpa edilməsinə Azərbaycanı məcbur etməkdir. Çünki Soçi məğlubiyyəti onları bərk məyus edib. Bu səbəbdən əvəzini Brüsseldə çıxmaq istəyirlər. Bütün resurslarını işə salıb, diqqəti MQ-nin prosesə qoşulmasına yönəldirlər.
“Reallıq ondan ibarətdir ki, müharibə bitib, qalib tərəf Azərbaycandır”
Sözügedən məsələ ilə bağlı fikirlərini baki-xeber.com-la bölüşən millət vəkili, politoloq Elman Nəsirovun sözlərinə görə, Mirzoyanın həmsədrlərlə görüşdə səsləndirdiyi fikirlər o qənaətə gəlməyə əsas verir ki, erməni tərəfi yenidən postmünaqişə dövrünün həllini gözləyən məsələlərin tənzimlənməsində həlledici tərəf olaraq ATƏT-in Minsk Qrupunu görmək istəyir: “Bütün vasitələrlə çalışırlar ki, Minsk Qrupuna ikinci nəfəs versinlər. Çox gözəl bilirlər ki, Minsk Qrupunun fəaliyyəti heç bir halda bu münaqişənin tənzimlənməsinə gətirib çıxarmadı. Onlar, sadəcə, imitasiya ilə məşğul oldular. Onların davranışı nəticə etibari ilə Ermənistanın maraqlarına xidmət etdi. Bu da, öz növbəsində, münaqişənin uzanmasına gətirib çıxardı. Həm də gözəl bilirlər ki, Minsk Qrupu həmsədrlərindən olan Fransa və ABŞ-ın tez-tez status məsələsini qabartması Ermənistanı məmnun edir. Dəfələrlə şahidi olmuşuq ki, Fransa məhz status məsələsini önə çəkməyə çalışıb. O cümlədən, ABŞ-ın Ermənistandakı səfiri dəfələrlə status məsələsini önə çəkib. Ona görə də A.Mirzoyan belə canfəşanlıq edir. Bütün vasitələrlə cəhd edirlər ki, Soçidə üzləşdikləri uğursuzluqları kompensasiya etsinlər. Çünki Rusiya prezidenti Vladimir Putinin dəhlizlərlə bağlı yanaşması erməniləri məyus edib. Ancaq hesab edirəm ki, Ermənistanın Minsk Qrupunu fəallaşdırmaq səyləri uğursuz cəhdlərdir. Düzdür, ATƏT-in Minsk Qrupundan imtina edilməyib. Ancaq MQ uzun illər fəaliyyətsizliyi ilə qurum olaraq etimadını itirib. Əslində MQ özü etiraf etməlidir ki, onların 30 ilə yaxın fəaliyyəti heç bir nəticə vermədi. Münaqişəni həll edən Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu oldu. Belə olan halda Ermənistanın Minsk Qrupunu yenidən canlandırmaq cəhdləri real nəticə verməyəcək. Yeri gəlmişkən, Nikol Paşinyan da bu məsələdə çıxışlarında ziddiyətli fikirlər səsləndirir. Bir tərəfdən MQ-nin fəaliyyətini önə çəkir, o biri tərəfdən üçtərəfli, ikitərəfli danışıqlar formatının vacibliyindən danışır. Yəni MQ-nin iştirakı olmadan prosesi dilə gətirir. Ancaq reallıq başqa şeyi diqtə edir. Reallıq ondan ibarətdir ki, müharibə bitib, qalib tərəf Azərbaycandır”.
Bir sözlə, millət vəkili hesab edir ki, Ermənistan üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməlidir.

Oxşar xəbərlər