Nazirlik Eldar Mahmudovun oğluna məxsus şirkəti məhkəməyə verdi
8-12-2021, 15:52
49

Nazirlik Eldar Mahmudovun oğluna məxsus şirkəti məhkəməyə verdi

İqtisadiyyat Nazirliyi Yanında Dövlət Vergi Xidməti Bakı Şəhəri Lokal Gəlirlər Baş İdarəsi sabiq milli təhlükəsizlik naziri Eldar Mahmudovun ailə üzvlərinə məxsus olduğu bildirilən “Kaspian Kristal” MMC barəsində məhkəmə iddiası qaldırıb. 
Yeniavaz.com
xəbər verir ki, Dövlət Vergi Xidmətinin iddiasına Bakı Kommersiya Məhkəməsində hakim Emin Əliyev tərəfindən baxılacaq.
Məhkəmə iddiasının hansı səbəbdən qaldırıldığı barədə məlumat verilməyib. Lakin, qeyd edək ki, hazırda “Kaspian Kristal” MMC-nin dövlət büdcəsinə 52 min 660,16 manat vergi borcu var.
Məlumat üçün bildirək ki, “Kaspian Kristal” MMC 2006-cı ildə dövlət qeydiyyatına alınıb. MMC-nin hüquqi ünvanı  Eldar Mahmudovun ailə üzvlərinə məxsus olduğu bildirilən şirkətlərin qeydiyyatda olduğu Xətai rayon, Yusif Səfərov, ev 23 A-da yerləşir. “Kaspian Kristal” MMC-nin qanuni təmsilçisi Hacıyev Fuad Vaqif oğludur.
Qeyd edək ki, Fuad Hacıyevin adının Eldar Mahmudovun əmisi oğlu Vüqar Mahmudovun cinayət işində keçdiyi barədə mətbuatda dəfələrlə yazılıb.
Bildirilir ki, Fuad Hacıyev Eldar Mahmudov nazir olduğu zaman NTN-in Antiterror Mərkəzinin şöbə rəisinin müavini vəzifəsində işləmiş Vüqar Mahmudovun tapşırığı ilə ölkədən böyük həcmdə pulların çıxarılmasında iştirak edib. 
Onu da bildirək ki, sabiq milli təhlükəsizlik naziri Eldar Mahmudovun oğlu Anar Mahmudov 2006-cı ildən fəaliyyət göstərən "Caspian Crystal" adlı Holdinqin İdarə Heyətinin sədri olub. Hazırda Xətai rayonu, Yusif Səfərov küçəsi, ev 23a ünvanında "Crystal Plaza" biznes mərkəzi fəaliyət göstərir. Plazada "Salvador Dali" və "Lord" restoranları fəaliyyətdədir.
Anar Mahmudovun adı rəsmi sənədlərdə "Diqlas-1" MMC-nin təsisçisi, həm də qanuni nümayəndəsi, "Kristal İnşaat" MMC-nin isə təsisçisi olaraq qeyd olunub.
Bunlardan başqa Anar Mahmudov  Türkiyədə "Deha Gömlek Üretim Sanayi ve Ticaret Limited" şirkətinin şəriklərindən biri olub. Həmçinin Anar Mahmudov "Sınalco Gayrimenkul ve Danışmanlık Hizmetleri Anonim" şirkətinin İdarə Heyətinin sədr olub. Eyni zamanda Anar Mahmudov İspaniyada 4  şirkət ("22 Vaquer De Bendinat S.L.", "Son Sana Portals S.L.",  "Macent Invest Group SL" və  "Majorca Capas Group İnvestment SL"), Lüksemburqda 2 şirkəti ("Utılıcom" və "Konoco .M") yaradılıb.

Oxşar xəbərlər