Ağ Evin ayıbını açan “demokratiya sammiti”: “Bayden yaxşı ki, bizə dəvət göndərmədi” deyəkmi?
10-12-2021, 13:00
325

Ağ Evin ayıbını açan “demokratiya sammiti”: “Bayden yaxşı ki, bizə dəvət göndərmədi” deyəkmi?

İnsan haqlarına bir dram qədər hörmət qoyulmayan Ermənistana dəvət göndərərək, Azərbaycanı sanki cəzalı duruma salmaq istəyən Ağ Ev administrasiyasının sammiti hansı prinsip və məqsədlərlə təşkil etdiyi göz önündədir

Qlobal tədqiqat  mərkəzlərindən olan “Karnegi Fondu” ABŞ prezidenti Cozef  Baydenin təşəbbüsü ilə bu gün, yəni dekabrın 10-da keçirilən virtual “Demokratiya sammiti”ni təhlil edib. Fond tərəfindən hazırlanan və  “Baydenin demokratiya sammitində kimlər var?” başlığı ilə təqdim edilən məqalə ayrı-ayrı beynəlxalq təşkilatların sammit barədə rəylərinin müqayisəli təhlili üzərində  qurulub.
“Yeni Müsavat”ın siyasət şöbəsi yazır ki, bu sırada ilk olaraq “Freedom House” və onun 2021-ci il üzrə  hesabatı diqqət çəkir. Bəlli olur ki, sammitə dəvət alan ölkələrdən 31-i “qismən azad”, 3-ü “azad olmayan” (qeyri-demokratik) ölkələr kimi təsnif edilib. “Freedom House”un hesabatında “qeyri-demokratik” ölkə kimi təsnif edilən, amma  Baydenin “Demokratiya sammiti”nə dəvət alan ölkələr Anqola, Konqo Demokratik Respublikası və Zambiyadır.
“Varieties of Democracy” (V-Dem)  hesabatında isə bu sıraya  Anqola, Konqo Demokratik Respublikası, Zambiya ilə yanaşı İraq, Keniya, Malayziya və Pakistanın da adları əlavə edilib.  Paralel olaraq digər 4 ölkənin iştirakı mübahisələndirilir. Mübahisəli ölkələr sırasında Braziliya, Hindistan, Filippin və Polşanın adları  çəkilir: “Son 3 ildə  avtoritar idarəçiliyin artması səbəbindən bu ölkələrin sammitə qatılması   anlaşılmaz görünür”, - deyə məqalədə qeyd olunur. “Foreign Policy” dərgisinin  eksperti Eymi Makinnonun məqaləsində yazıb ki, “NATO daxilində demokratik durum baxımından Polşa, Macarıstan və Türkiyə təqribən eyni vəziyyətdədirlər. Bunlardan birinin - Polşanın  sammitə dəvət alması, digər ikisinin -Türkiyə və Macarıstanın almaması qeyri-adi görünür”. 
Makinnonun sözlərindən  nəticə çıxır ki, sammitə dəvət almaq üçün meyar heç də ölkələrdəki demokratik durum olmayıb. Macarıstan və Türkiyənin tədbirə dəvət almaması,  sadəcə, Baydenin bu ölkələrin rəhbərlərinə qarşı olan şəxsi  münasibəti ilə bağlıdır. Belə ki, Bayden  Macarıstanın baş naziri Viktor Orbanın və Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın qarşıdan gələn seçkilərdə yenidən seçilmək şanslarına zərbə vurmaq istəyir.
Məqalədə açıq tekstlə bildirilir ki, “sammitə dəvətlilərin seçilib müəyyənləşdirilməsində əsas meyar ABŞ-ın strateji maraqları olub: ”Filippin, Ukrayna, Pakistan kimi ölkələrdə korrupsiya,  qanunun aliliyinin  pozulması  ilə müşaiyət olunan qüsurlu demokratiyalar var. Bununla belə, onlar ABŞ-ın strateji hədəfləri üçün önəmlidirlər. Çinin təsirini tarazlaşdırmaq üçün Filippin,  Rusiyaya qarşı durmaq üçün Ukrayna, terrorizmlə mübarizə prosesində isə Pakistan ABŞ-a lazımdır. Dövlət Departamentinin müvafiq regional büroları  sammitin tərkibini müəyyənləşdirərkən bu amilləri nəzərə alıblar’’.
Qeyd olunur ki, Bayden qarşıdan gələn sammit çərçivəsində iştirakçı dövlətləri yeni sanksiyalara qoşulmağa razı salacağına  ümid edir. “Harvard Kennedi Siyasət Məktəbi”nin (HKSM ) mövzuya yanaşması isə digərlərindən  fərqlidir. O, ABŞ-da demokratik durumu dəyərləndirmək üçün oktyabrın 26-dan noyabrın 8-dək təqribən 2109 nəfər gənc amerikalı ( 18-29 yaşlılar) arasında sorğu keçirib. Respondentlərin 52 faizi bildirir ki, “ABŞ öz daxilində demokratiya  problemi ilə  üzləşib. Bu sahədə hakimiyyətin siyasəti uğursuzdur”. Sorğuya qatılmış gənclərdən 35 faizi  ABŞ-da cəmiyyətin qütbləşməsindən narahatdır.  Hesab edirlər ki, “ABŞ-da  ikinci vətəndaş müharibəsinin başlandığını görə biləcəklər”. Gənclərdən 25 faizi inanır ki, “indiki gedişatla ölkə ən azı 2 yerə  parçalanacaq, ABŞ ərazisində yeni bir dövlət müstəqilliyini elan edəcək”.
Ən qəribəsi budur ki, sorğu iştirakçısı olan gənclərin 80 faizi Baydeni bəyənməyiblər, onun demokratiyaya sadiqliyini şübhəyə alıblar. Beləliklə, Baydenin dekabrın 10-da keçirəcəyi sammitə böyük bir kölgə düşüb. Məlumdur ki, Türkiyə ilə yanaşı Azərbaycan da sammitə dəvət edilməyib. Bakı bundan xüsusi narahat da deyil. Cənubi Qafqazın iki ölkəsinə, həm də insan haqlarının bir dram qədər hörmət qoyulmayan Ermənistana da dəvət göndərərək, Azərbaycanı sanki cəzalı duruma salmaq istəyən Ağ Ev administrasiyasının sammiti hansı prinsip və məqsədlərlə təşkil etdiyi göz önündədir. O halda “Bayden yaxşı ki, bizə dəvət göndərmədi” deyəkmi?
Mən bu 'əyilə-əyilə' fikrini aprel döyüşlərindən sonra səsləndirmişəm' - Elman  Nəsirov
 Elman Nəsirov
Parlamentin İnsan hüquqları komitəsinin üzvü, YAP-çı deputat Elman Nəsirov “Yeni Müsavat”ın sualına cavabında vurğuladı ki, ABŞ anti-demokratik məzmun kəsb edən tədbir keçirəcək. Onun sözlərinə görə, dəvət alan bəzi ölkələrdə demokratiyanın meyarları yoxdur: “Amerika onun sözünə baxan ölkələrə üstünlük verib. Müstəqil daxili və xarici siyasət həyata keçirən, Vaşinqtonun ”dirijor çubuğu" altında olmayan ölkələr sammitə dəvət almayıb. Misal üçün, Macarıstan kimi NATO ölkəsi dəvət almır, Azərbaycan kimi ABŞ-la tərəfdaş ölkə çağırılmır, amma Xocalı soyqırımına imza atan, insan haqlarına tüpürən, işğalçı siyasət yürüdən, etnik təmizləmə aparan, aqressor Ermənistan “Demokratiya sammiti”nə dəvət alır. Ona görə burada heç bir halda demokratik meyarlardan söhbət gedə bilməz".
Deputat Amerikanın qurucularından olan Franklinin sözlərini yada salaraq ABŞ demokratiyası haqda fikirlərini bölüşdü: “Franklin deyirdi ki, ABŞ-da demokratiya iki qurdun bir quzunu axşam yeməyinə oxşayır. Hər ikisi səsə qoyur, sonda quzu yeyilir, bax, budur Amerika demokratiyasının siması... Bu baxımdan sammitdən heç bir gözləntim yoxdur. Çünki həmin Amerikadır, prezidenti Buş İraqı bombaladı, sonra etiraf etdi ki, bu ölkədə nüvə silahı yox imiş, keçmiş Yuqoslaviyanı 78 gün bombaladı, Miloşeviç devrildi, Kaşto Nesti iqtidara gətirdi. Budur onun demokratiyası. Əfqanıstanda 2001-ci ildən sonra analoji addım atdı. Bu siyahını çox uzatmaq olar. Sadəcə, demokratiyanın özü əcaib vəziyyətə salınıb. Bundan sonra demokratiyaya inam da sarsılacaq. Bayden bu tədbirlə demokratiyaya arxadan zərbə endirmiş oldu”.
E.Nəsirov Baydenin iştirakçı ölkələri də ABŞ-ın rəqiblərinə qarşı sanksiyalara qoşulmağa çağıracağını istisna etmir: “Amerika indi daha çox Rusiyaya sanksiyaları gücləndirmək istəyir. Bu da Ukrayna hadisələri fonunda baş verəcək. Almaniya ABŞ-ın anti-Rusiya siyasətində yaxın iştirak etmək istəmir. Ona görə bazalarını çıxarıb Şərqi Avropa ölkələrində yerləşdirmək istəyir. Sammitə Şərqi Avropa ölkələrinin çağırılması da bu mənada anlaşılandır. Macarıstan isə sammitə çağırılmır, çünki ABŞ-ın cızdığı xətlə getmir. Bu tədbiri belə qiymətləndirmək lazımdır. Azərbaycana da həmin prizmadan yanaşmaq lazımdır. Prezident İlham Əliyev deyir ki, biz müstəqil siyasət aparırıq və şərəfli siyasət yürüdürük. Ona görə Azərbaycan həmin ”sammit"ə dəvət almayıb".
 Tural Abbaslı
AĞ Partiya başqanı Tural Abbaslının “Yeni Müsavat”a bildirdiyinə görə, bütövlükdə demokratiyanın inkişafı məsələsini ölkələrin monopoliyasından çıxarmaq lazımdır: “Amerika demək demokratiya demək deyil. Bunu belə qəbul etməliyik. Necə olur ki, Vaşinqton özünü demokratiyanın carçısı kimi təqdim edir, amma ”Taliban"la da danışıqlar aparır. Buna demokratiya deyək? Ona görə həmin sammiti keçirməklə hansısa nəticələrin olacağını gözləməyə dəyməz. Əlbəttə, bizim iqtidarın demokratiya məsələsində tənqid olunmalı bir çox tərəfləri var. Sadəcə, biz də kənardan da “ağ atlı oğlan” gözləməli deyilik. Pis-yaxşı daxildə olmalıdr. Guya Azərbaycanı həmin sammitə dəvət etsələr nəsə dəyişəcək? Bu baxımdan narahat olmağa dəyməz".
T.Abbaslının fikrincə, Azərbaycanda demokratiya yoxdursa da onu biz gətirməliyik: “Özümüz həll etməli olduğumuz problemdir. Sən Ermənistanı çağır, Türkiyəni dəvət etmə, bu nə yanaşmadır? Türkiyədə bələdiyyə seçkisində mərkəzi şəhərlərdə müxalifət qalib gəldi, bu gün də istənilən təşkilat, narazı elektorat aksiya keçirə bilir, bəs demokratiyanın ölçüləri nədir ki, Bayden Ankaranı dəvət etməyib?
Yəni kim Amerikanın dostudur, kim deyil, bax, sammitin təşkili belə qoyulub. Macarıstan Avropa Birliyinin üzvüdür, amma dəvət almayıb. Çünki Amerikaya milli hökumətlər lazım deyil, marionet, idarə edilən, sözəbaxan hakimiyyətlər lazımdır. Azərbaycanda demokratiyanın inkişafı üçün gözümüzü hansısa sammitlərə dikməli, Qərb paytaxtlarından nicat gözləməli deyilik. Xalqlar özü demokratiyasına nail olur, mübarizə aparmaqla, seçkidə haqqını tələb etməklə mümkünləşir".
Toğrul İsmayıl: "Ailəm, əzizlərim məni itirəcəklərindən çox qorxublar"
Toğrul İsmayıl
Professor Toğrul İsmayılın fikrincə, bu tədbiri Amerikanın maraqlarına uyğun gələn ölkələrin sammiti adlandırmaq düzgün olar: “Bəzi ölkələr var ki, ABŞ-la münasibətləri yaxşı deyil, amma maraqları çərçivəsində dəvət alıblar. Rusiyanı başa düşdük, Türkiyəni də anladıq, Macarıstan kimi ölkənin siyahıya salınmaması çox komikdir. Yəni komikdən daha çox, Amerikanın açıq-aydın tərəfdaşları ilə sammit keçirdiyini söyləmək lazımdır”. T.İsmayıl hesab edir ki, dünyada yeni sistemin və nizamın qurulması prosesi getməkdədir: “Artıq yeni oyunçular meydana çıxıb. Məsələn, Afrika ölkələrinin dəvət alması maraqlıdır. Çünki Çinin Afrikada verdiyi kreditlər daha böyük paydır. ABŞ bu faktoru nəzərə alır. Amma Azərbaycanın dəvət olunmamasını deyirsiniz, ümumiyyətlə, heç bir türk cümhuriyyəti yer almayıb. Bu, Amerikanın yanaşmasıdır”. 

Oxşar xəbərlər