İmişlinin icra başçısı Elçin Rzayev kimdir, nəçidir ? - İmişli sakini olan 2-ci Qarabağ qazisinin, ata-oğulun müraciəti...
16-12-2021, 18:20
284

İmişlinin icra başçısı Elçin Rzayev kimdir, nəçidir ? - İmişli sakini olan 2-ci Qarabağ qazisinin, ata-oğulun müraciəti...

Evimiz yanıb, icra başçısı deyir ki, vəsaitimiz yoxdur...

İmişli  rayonundan “Gündəlik-Bakı”ya daxil olan 2 qazinin- ata və oğulun fəryad dolu müraciətinə keçməzdən öncə, görək İmişli Rayon İcra Hakimiyyətinin başçısı  Elçin Rzayev kimdir, nəçidir ki,  onu o boyda rayona icra başçısı qoyublar. 
Deməli, İmişli RİH-nin rəsmi saytı olan imishli-ih.gov.az-da  bircə cümlə yazılıb: 
İcra Hakimiyyətinin başçısı Elçin Rzayev. 
Ay adam, ay kişi, ay yoldaş, ay cənab, bu necə dövlət qurumudur, bu necə rəsmi saytdır..?
Yaz görək, kimsən, nəçisən, allah qoymasa məktəbə-zada getmisənmi, təhsilin-filanın varmı, neçənci ildə anadan olmusan, ümumiyyətlə, anadan olmusanmı..? 
Barı atanın adını yaz, babanın adı lazım deyil. Haralarda işləmisən..?
Ay yoldaş, sən necənci ildə  icra başçısı təyin olunmusan ? 
Bunu da yaza bilmirsən, RİH-nin rəsmi saytına ? 
Vallah,  deyiləsi deyil...
Özümüz  müxtəlif  saytlardan axatrış verərək öyrənə bildik ki, 21 may 2020-ci ildə  Elçin Rzayev  İmişliyə icra başçısı təyin olunub və atasının da adı  Adildir. Allah xeyirli eləsin.
Özü də hansı ali məktəbi bitirdiyi, orduda olub-olmadığı bəlli deyil. Ancaq o məlumdur ki, Elçin Rzayev Əmlak Məsələləri Dövlət Komitəsində Kərəm Həsənovun yanında  şöbə  müdiri işləyib.  Sonra  Əziz Əzizov Cəlilabaddan Yasamal Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsinə təyinat aldıqda  Elçin  Rzayev onun yanında qısa müddət rayonun Ərazi idarəetmə və yerli özünüidaretmə orqanları ilə iş şöbəsinin müdiri işləyib, 1 ay sonra  müavin olub  və oradan da İmişliyə icra başçısı gedib. 
Bu adam Dövlət Əmlak Komitəsində çalışdığı zaman milyonlara sahib olub. Bununla işimiz yoxdur. 
Görəsən, cənab icra başçısı Elçin Rzayevin 2 qazinin evini təmir etdirməyə  5-10 manatı yoxdur ?
İcra başçısı 1-ci Qarabağ müharibəsinin qazisi  Mirzəyev Faiq Qurban oğluna və onun 2-ci Qarabağ müharibəsində döyüşmüş  tələbə oğluna  deyir ki, sizin yanmış evinizi  təmir etməyə  rayon İcra Hakimiyyətinin vəsaiti yoxdur...
Bu  yerdə adamın yadına  dahi şairimiz  Şəhriyarın bir misrası düşür: 
Tehranın qeyrəti yox,  Şəhriyarı saxlamağa...
Ay Elçin Rzayev sənin 2 qazininin  yanmış evini təmir etməyə  başqa şey demirik, 5-10 manat vəsaitin də yoxdur? 
İndi isə buyurun 2 qazinin Gündəlik-Bakıya ünvanlanmış fəryad dolu  müraciəti ilə tanış  olun: 
İmişli rayonu, Qaradonlu kənd sakini Mirzəyev Faiq Qurban oğlu dövlət qurumlarına müraciət edərək kömək istəyir. 
Faiq Mirzəyev öz müraciətində bildirir ki, 2 il sovet ordusunda hərbi qulluq etmişəm: “1993-cü ildə  Ulu Öndər Heydər  Əliyevin  elan etdiyi səfərbərliyə könüllü qoşularaq  döyüşlərdə iştirak etdim. 1993-96-cı illərdə Milli Orduda qulluq etmişəm və  1996-cı ildə ordudan tərxis olunmuşam. Qarabağ veteranıyam və dövlətdən  80 manat veteran pulu alıram”. 
Müraciətin davamında Qarabağ veteranı qeyd edir ki, imkansız olduğum üçün qohum-əqrəbanın köməyi ilə ailəm üçün  ev tikdim: 
“Ancaq baş verən yanğın nəticəsində evim yanıb kül oldu. 
Hazırda yaşamağa yerim yoxdur, bir balaca daxmada  gecələyirik”. 
Qarabağ veteranı  Faiq  Mirzəyev  iki övlad atasıdır. Onun oğlu hərbi xidmətini başa vursa da, ötən il 2-ci Qarabağ müharibəsində iştirak edib və göstərdiyi igidliyə görə, 4 medalla təltif olunub və hazırda Gəncədə kollecdə təhsil alır. 
Qarabağ qazisi Faiq Mirzəyev müraciətinin davamında qeyd edir ki, oğlum tələbədir, ona kömək etməyə imkanım yoxdur, özüm də işsizəm, ayda dövlətdən 80 manat veteran pulu alıram. 
Bütün bunlar azmış kimi Qarabağ qazisinin evi yanıb və kömək edən yoxdur. 
Faiq Mirzəyev qeyd edir ki, dəfələrlərlə İmişli Rayon İcra Hakimiyyətinə müraciət etsəm də kömək etmirlər, deyirlər bizim vəsaitimiz yoxdur. 
Ata-oğul, yəni 2-ci  Qarabağ qazisi  hazırda bir uçuq-sökük, heç bir şəraiti olmayan  daxmada yaşayırlar. 
Qarabağ qaziləri  ata-oğul dövlət qurumlarından kömək istəyir. 
İndi söz  müvafiq  dövlət qurumlarınındır. 
Buyurun, cənablar..! /Gundelik-baku.com/

Oxşar xəbərlər