Ermənistan Qarabağı dini münaqişə kimi tanıtmaq yolundan da rəsmən imtina etdi - Sarkisyan Səudiyyə mediasına açıqladı...
28-12-2021, 16:23
161

Ermənistan Qarabağı dini münaqişə kimi tanıtmaq yolundan da rəsmən imtina etdi - Sarkisyan Səudiyyə mediasına açıqladı...

Elman Nəsirov: “Əslində o bununla manevr edərək, manipulyasiya ilə məşğuldur”

Ermənistan prezidenti Armen Sarkisyan Yaxın Şərqin məşhur ingilisdilli qəzetlərindən biri, Səudiyyə Ərəbistanında nəşr olunan “ArabNews”a müsahibə verib. Müsahibədə Ermənistan prezidenti bir sıra məqamlara toxunub.
Müsahibədə təəccüb doğuran məqam odur ki, A.Sarkisyan Qarabağ müharibəsinin hansısa dini motivlərlə heç bir bağlılığının olmadığını deyib: “Heç vaxt dini müharibə olmayıb. Ermənistanın bir çox İslam ölkələri ilə çox yaxşı əlaqələri var. Azərbaycan tərəfi bəzən İslam dünyasının dəstəyini qazanmaq ümidilə bu sözü işlətməyi xoşlayır. Baxmayaraq ki, münaqişə xristian və ya dini xarakter daşımadığından Ermənistan heç vaxt bu şəkildə xristian dünyasının dəstəyini almağa cəhd göstərməyib”.
O da məlumdur ki, Ermənistan uzun illər Qarabağ məsələsini dini zəmində müharibə kimi təqdim edib ki, guya Azərbaycan xristian erməniləri öldürür və s. A.Sarkisyanın indi belə açıqlama ilə çıxış etməsi ermənilərin 30 ildən çox müddətdə dünyaya qəbul etdirmək istədikləri tezisdən imtinasının bir formasıdır. O mənada ki, bunlar Qarabağ münaqişəsini dini müharibə kimi bütün dünyaya bəyan edirdilər. Azərbaycan isə davamlı şəkildə bunun dini müharibə olmadığını, separatizm və Ermənistanın ərazi iddiaları ilə bağlı olan məsələ olduğunu deyirdi. İndi Ermənistan prezidenti müsəlman ölkələrin etimadını qazanmaqdan ötrü tamamilə başqa rola girib.
  • “Sarkisyanın əsas niyyəti həm də odur ki, varlı ərəb ölkələri Ermənistana sərmayə qoysunlar”
Məsələyə münasibət bildirən millət vəkili, politoloq Elman Nəsirovun fikrincə, A.Sarkisyan belə fikirlər səsləndirməklə manevr edərək manipulyasiya ilə məşğuldur: “Onun “ArabNews” nəşrinə verdiyi müsahibə Ermənistanda da birmənalı qarşılanmayıb. A.Sarkisyan müsahibəsində iddia edir ki, guya heç vaxt buna dini müharibə kimi yanaşmayıblar. Halbuki, onun səsləndirdiyi fikirlər tamamilə yalandır. A.Sarkisyan belə açıqlama verməklə iki məqsəd güdə bilər. Birinci məqsəd odur ki, bununla o, islam dünyasına mesaj verir. Mesaj verir ki, bizim müharibəmiz islama qarşı deyil. Bizim istəyimiz tamamilə fərqlidir. İkincisi, bununla beynəlxalq ictimaiyyətdə o mövqeyi formalaşdırmaq istəyir ki, Ermənistan əslində heç bir halda dini müharibə aparmayıb. Ermənistanın konkret istəyi var. Ermənistan məhz ərazi iddiası ilə çıxış edir. Əslində, A.Sarkisyan bununla manevr edərək manipulyasiya ilə məşğuldur. Ermənistan uzun illər dünyaya baş verənləri elə təqdim edirdi ki, azlıqda olan xristian ermənilər təzyiqə məruz qalır və s. Məqsədyönlü şəkildə burada bir xristian təəssübkeşliyinə nail olmağa çalışırdılar. Halbuki, əvvəldən burada dini faktor olmayıb. Məsələnin kökündə separatizm və Ermənistanın ərazi iddiaları dayanıb. Bunun din amili ilə heç bir əlaqəsi yoxdur. Torpağı işğal altında olan dövlət hansı addım atardı? Ərazi bütövlüyünü təmin edərdi. Azərbaycan da bunu etdi. İndi A.Sarkisyan fərqli açıqlama verməklə, müsəlman ölkələri ilə münasibət qurmaq istəyir. Əsas niyyətləri həm də odur ki, varlı ərəb ölkələri Ermənistana sərmayə qoysunlar”.
Millət vəkili bir daha qeyd etdi ki, A.Sarkisyanın nə deməsindən asılı olmayaraq, zaman Azərbaycanın xeyrinə işləyir.

Oxşar xəbərlər