“Məni çarəsiz qoymayın!” - VƏTƏNDAŞ HARAYI
7-01-2022, 16:36
130

“Məni çarəsiz qoymayın!” - VƏTƏNDAŞ HARAYI

Şəmkir rayonu Yuxarı Seyfəli kənd sakini, 38 yaşlı Əsgərov Eldəniz Əziz oğlu “Hürruyyət”in redaksiyasına məktub yollayıb. Məktubda köməyə ehtiyacı olduğunu bildirən soydaşımız, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə səslənir.

DİA.AZ xəbər verir ki, Eldəniz Əsgərov məktubunda bunları söyləyir:

“Mən 2002-ci ildə əsgər getmişəm. 702-ci hərbi hissədə xidmətimi yerinə yetirən zaman sağlamlığımı itirmişəm. Soyuq səngərlərdə yuxusuz qalmışam, ciyərlərim soyuqlayıb yara bağlayıb. Xidmətimin 10-cu ayında, 2003-cü ildə vərəmin ağır formasına tutulduğumdan ordudan tərxis olunmuşam. Əslində mən də qazi sayılıram. 6 aydır əlilliyik pensiyam kəsildiyindən soyuq dam altında ac-susuz qalmışam. Müalicə olunmağa imkanım yoxdur, hətta 50 qəpik tapıb özümə yavan çörək belə ala bilmirəm.

18 ilim xəstəxanalarda keçib, iynə-dərmanla yaşamışam, ötən ilin iyun ayından ev şəraitində müalicə olunurdum. Sağalmaz xəstəliyə tutulmuşam, iş qabiliyyətimi itirmişəm. Əslində ömürlük hərbi əlillik statusu ilə 240 manat pensiya almalı idim, amma vur-tut 130 manat pensiya təyin edildi, onu da çox gördülər. Xainlər haqqıma girdilər, məni aldatdılar.

130 manatla necə dolandığım bu vaxtadək Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyini maraqlandırmyıb. Dediyim kimi, iş qabiliyyətimi itirmişəm, heç yerdən əlavə gəlirim yoxdur, üstəlik, evsizəm, qohum evinə sığınmışam. Pensiyam kəsiləndən, onsuz da ağır vəziyyətim tamamilə dözülməz olub. Qaldığım daxmada istilik sistemi yoxdur, qış gəlib, soyuqdan donuram.

Pensiyamın nədən kəsildiyini belə bilmirəm, heç kəs bunun səbəbni mənə açıqlamır.

Mən sağlamlığımı, gəncliyimi, xoşbəxtliyimi dövlətim uğruna qurban verdim ki, dövlətim əlilliyik pensiyamı kəsib, məni soyuq damda ac, köməksiz, çarəsiz qoysun? Heç gözləməzdim bunu dövlətimdən.

Hər gün Allaha dua edirəm ki, mənə yardım etsin, sevdiyi insanları köməyimə yollasın. Sizdən çox xahiş edirəm, düşdüyüm bu ağır, acınacaqlı vəziyyəti ictimailəşdirin ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi sizin sayənizdə səsimə səs verib, məni bu səfil həyatın cəngindən xilas etsin. Əlaqə tel: (051) 439 96 69”.

P.S. Buradan Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə səslənirik. Xahiş edirik, ağır xəstəlikdən əziyyət çəkən, çarəsiz vəziyyətdə olan soydaşımızı tək qoymasınlar. Ən tez zamanda onunla maraqlanıb, problemlərinin həllində yardımçı olsunlar.

Oxşar xəbərlər