“Zaman keçdikcə, uşaqlarımız ya rusca, ya da türkcə danışacaqlar...”
9-09-2020, 12:18
247

“Zaman keçdikcə, uşaqlarımız ya rusca, ya da türkcə danışacaqlar...”

“Çox təəssüflər olsun ki, televiziyalarımızdakı problemlərdən nə qədər danışsaq da bir nəticə yoxdur. Son illərin statistikasına baxsaq, müəyyən kadr dəyişiklikləri, islahatlar gedir, amma bunlar məna və mahiyyətinə dəlalət etmir”

Bunu “Ulduz” jurnalının baş redaktoru, şair Qulu Ağsəs deyib. Q.Ağsəs əhalinin əksər hissəsinin başqa ölkələrin kanallarına baxdığını bildirib:

“Çox təəssüflər olsun ki, televiziyalarımızdakı problemlərdən nə qədər danışsaq da bir nəticə yoxdur. Son illərin statistikasına baxsaq, müəyyən kadr dəyişiklikləri, islahatlar gedir, amma bunlar məna və mahiyyətinə dəlalət etmir. Tutaq ki, dövlət televiziyasında xeyli dəyişikliklər var, amma AzTV-ni az qalsın ATV-ə çeviriblər. Yəni bu şəkildə olmalı deyil. “Mədəniyyət” kanalına baxanda elə bilirsən ki, bir neçə adamın kanalıdır, nə vaxt baxırsan eyni adamlar ordadır. Özəl kanallarımızdan isə çox danışmaq olar, hardasa böyük bir yazı da yazmaq mümkündür. Lider kanalın nəyə xidmət etdiyi bəlli deyil. Bir də görürsən ki, elə bir adam veriliş aparır məəttəl qalırsan. Bu gün təriflənən İctimai Televiziyanın özündə də nöqsanlar var. Ailə məsələlərinin televiziyaya bu qədər axın etməsi “Mən səni axtarıram” kimi verilişin nüfuz qazanmasının fəsadlarıdır. Zaurların, Qoşqədəmlərin proqramları reytinq qazanandan sonra hamı bu sahəyə axın etdi. Zaur Baxşəliyev apardığı “Yağ kimi” proqramı biabırçılıq idi, gedib camaatın evinə girirdi. 

Bu gün televiziyalarda peşəkarlara yer yoxdur. Bir dənə televiziyanın siması yoxdur ki, göstərib deyəsən ki, nə gözəldir. Hər bir kanalın siması olmalıdır. Məsələn, Xəzər TV-nin siması Xoşqədəm, Zaur və Tolikdi. Televiziya həyatın elə bir sahəsi deyil ki, bundan ancaq mütəxəssislər xəbər tuta. Televiziya açıq yerdir və hər kəs burda baş verənləri görür. Bura həm də olduqca təhlükəli bir yerdir. Hərdən xəbər tuturuq ki, MTRŞ son vaxtlar özəl kanalları cərimələyir. Fakt budur ki, əhalinin əksər faizi yad kanallara baxır. Əlbəttə, çox istəyərəm ki, əhali öz kanalına baxsın. Amma baxmırlar balaca uşaqların hamısı türkcə danışır, çünki ana hər gün türk kanallarına baxdığı üçün uşaq da ona baxır. Evdə hər şey qadının əlindədir, hətta uşağın gələcəyi də onun əlindədir, o, hara yönləndirsə, uşaq o istiqamətə gedəcək.  Zaman keçdikcə, uşaqlarımız ya rusca, ya da türkcə danışacaqlar. Gəlsinlər bulvarda kafelərdə baxsınlar görək bir dənə Azərbaycan kanalının səsi gəlir? Hər kanal beş-on nəfər adam və muzdlu jurnalist tapıb özlərini tərifləyirlər. Amma ictimai rəy qətiyyən onların fikirləri ilə üst-üstdə düşmür”.

Vasif Əlihüseyn

Oxşar xəbərlər