Qazi adından sui-istifadə edənlərə qarşı necə mübarizə aparılmalıdır?
8-01-2022, 10:40
142

Qazi adından sui-istifadə edənlərə qarşı necə mübarizə aparılmalıdır?

30 ilə yaxın işğal altında qalan torpaqlarımız 44 günlük Vətən müharibəsində əldə etdiyimiz şanlı qələbəmizlə düşməndən azad olundu. Məlumdur ki, bu müharibədə üç minə yaxın şəhid verdik, minlərlə vətəndaşımız qazi statusu qazandı. Həm birinci, həm də ikinci Qarabağ müharibəsindən sonra qazilərin və şəhid ailələrinin cəmiyyətdə statusu daha da möhkəmləndi. Bu gün bizi ağrıdan bir məsələ də var ki, ondan yan keçmək olmur. Bizim şəhidlərimiz ölümə gedərkən, qazilərimiz hücuma atılarkən nə həlak olacaqlarını, nə də əlil qalacaqlarını düşünməyiblər. Lakin çox təəssüf ki, bu gün şəhid ailəsi, qazi adından sui-istifadə hallarına rast gəlinir. Bəzilərinin bu müqəddəs dəyərlərə xas olmayan əməllər törətdiyini görəndə insan təəssüflənir. Bəs, bu şəxslərlə necə mübarizə aparılmalıdır?

Milli Məclisin deputatı Elman Nəsirov açıqlamasında vurğulayıb ki, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi altında qazandığımız tarixi qələbənin əldə edilməsində şəhidlərimiz öz canını fəda edib, qazilərimiz öz sağlamlıqlarını bu müqəddəs missiya uğrunda mübarizədə qoyublar. Ona görə də biz ömürboyu şəhidlərimizə minnətdarıq, onların müqəddəs ruhları qarşısında baş əyirik, hər zaman da qazilərimizin yanında olmalıyıq, onlara dəstək olmalıyıq:



“Təəssüflə qeyd edirəm ki, bu gün qazi adına ləkə gətirən saxta qazilər var. Hansı ki, onlar heç yerdə döyüşməyiblər, sadəcə hərbi geyimlər geyinirlər, amma araşdırıldıqda məlum olur ki, onların Vətən müharibəsində heç bir iştirakı olmayıb. Belə adamlar qazilərimizə hörmətsizlik edirlər, onların xidmətini ucuzlaşdırırlar. Belə insanlar tez bir zamanda aşkar edilməli və onlara uyğun müstəvidə cəza verilməlidir. Bizim hörmətli qazilərimiz də belə məsələlərdə ayıq-sayıq olmalıdırlar. Çünki Vətən müharibəsi yolunu keçmiş döyüşçülərimiz, Vətən müharibəsi veteranlarımız, qazilərimiz bir-birini gözəl tanıyır. Kimlərsə bu addan istifadə etmək istəyir, gah hərbçi geyimi geyinməklə, gah özlərini qazi kimi təqdim etməklə. Hesab edirəm ki, onlar hüququn ən sərt dili ilə cəzalanmalıdırlar. Belə məsələlərdə təbii ki, hüquq-mühafizə orqanlarının da üzərinə məsuliyyət düşür, eyni zamanda ictimai nəzarətində rolunu xüsusi qeyd etmək lazımdır”.
Hərbi ekspert Ədalət Verdiyev isə bildirib ki, qanun həqiqi hərbi xidmətdən təxris olunan hərbi qulluqçuların hansı hallarda hərbi geyim formaları daşıya biləcəyini konkret olaraq müəyyənləşdirib. Ekspert qeyd edib ki, müddətdən hərbi xidmətdən təxris olunan heyət bu geyim formasını daşıya bilməz və qanun bunun üçün kifayət qədər yüksək məbləğdə cərimələr nəzərdə tutur:

“Artıq müharibənin başa çatmasından 14 ay keçib, amma biz hələ də bəzi insanların heç orada xidmət etmədikləri halda fərqli qoşunlara aid geyim formalarını və ya rütbələrini taxaraq çirkli məqsədlər üçün istifadə etdiyini müşahidə edirik. Cəmiyyət olaraq düşünməliyik ki, forma daşıyan insanın gedib hansısa çirkli məqsədlərlə təkliflər etməsi və s. başqa bir maddi ehtiyatlar tələb etməsi məntiqə uyğun bir şey deyil. Ona görə də bizim cəmiyyət belə hallarla rastlaşdıqda hüquq-mühafizə orqanlarına məlumat verməlidirlər. Bunlara qarşı ilk təpkimiz bundan ibarət olmalıdır.Tədbirlərə qaldıqda isə qanun bundan ötrü cərimələr tutur, bunun üçün həm hüquq -mühafizə orqanları, həm ordunun hərbi polis bölmələri bu insanların sıx yerləşdiyi ərazilərdə xidmət aparmaqla onların sənədlərini yoxlamalı, bu formada iştirak edən insanları aşkar edib onları cəmiyyətə təqdim etməlidirlər. Əgər hərbi forma geyinən şəxslər qazi adından sui-istifadə edərək, insanları aldatmaqla məşğuldurlarsa, bu fəaliyyətlərinin tərkibində artıq cinayət məsuliyyəti mövcuddur və geyimə görə tətbiq edilən cərimədən başqa bu insanlara qarşı cinayət işi də açılmalıdır. Hesab edirəm ki, bu işlərlə məşğul olanlar kütləvi informasiya vasitələrində işıqlandırılmalıdır ki, digər vətəndaşlarımız da bu yola qədəm qoymaqdan çəkinsinlər”.

Oxşar xəbərlər