
Cəmiyyət
12-01-2022, 11:41
160
YAP Medvedyevdən cavab gözləyir
“Bu, Rusiya-Azərbaycan münasibətlərinin bu gününə də, gələcəyinə kölgə salan hadisədir”
Məlum olduğu kimi, ötən həftə Azərbaycan Prezidenti İlham Əliyev Rusiyanın hakim Vahid Rusiya Partiyasının sədri Dmitri Medvedyevə məktub göndərərək, onun rəhbərlik etdiyi partiya üzvünün və Dövlət Dumasının deputatı Vitali Milonovun Azərbaycan ərazisi olan Qarabağa qeyri-qanuni səfər etməsinə qəti etirazını bildirib. Qeyd edək ki, Milonov dəfələrlə Azərbaycanın ərazi bütövlüyünə və suverenliyinə qarşı hörmətsizlik nümayiş etdirərək erməni separatçılarla görüşüb.Dövlət Dumasının deputatı Yeni il ərəfəsində növbəti dəfə qanunsuz olaraq Qarabağa səfər edib, orada erməni separatçıların liderləri ilə görüşlər keçirib. Səfər Azərbaycan hakimiyyəti ilə razılaşdırılmayıb. Bu, Milonovun Azərbaycanın suverenliyini pozan ilk səfəri deyil.
Qeyd edək ki, ötən ilin yanvarında YAP məhz Milonovun qanunsuz səfəri və açıqlamaları ilə bağlı Vahid Rusiya Partiyasına etiraz məktubu göndərmişdi. Amma Rusiyanın hakim partiyası deputatının bu addımlarına və bəyanatlarına ya reaksiya vermir, ya da qulaqardına vurur.
Eyni zamanda Vahid Rusiya Partiyasının rəhbərliyi Azərbaycandan edilən etiraz xarakterli müraciətlərə də hələ reaksiya verməyib. YAP bu münasibətə nə deyir? Hakim partiya niyə öz təxribatçı deputatını cəzalandırmır? Rusiyanın hakim partiyasının bu cür münasibəti nə ilə bağlıdır?

Elman Nəsirov
Yeni Azərbaycan Partiyasının deputatı Elman Nəsirov “Yeni Müsavat”a bildirdi ki, Azərbaycan ərazisi olan Qarabağ Ermənistanın işğalı altında olan zamanlarda həmin əraziyə rusiyalı deputatlar və digər ölkələrin vətəndaşları səfər edirdilər və Azərbaycan Xarici İşlər Nazirliyi də həmin səfər edən şəxsləri arzuolunmaz şəxslər siyahısına daxil edirdi: “Həmin şəxslərin Azərbaycana səfərləri qadağan olunurdu. Ancaq 2020-ci ildə Vətən müharibəsindəki tarixi qələbəmizdən sonra vəziyyət kökündən dəyişdi. Artıq biz torpaqlarımızı işğaldan azad etmişik və beynəlxalq aləm də bunu bu cür qəbul edir. Beynəlxalq birlik Qarabağı Azərbaycanın ərazisi olaraq tanıyır və eyni zamanda Prezident İlham Əliyevin dediyi kimi, qələbənin nəticələrini beynəlxalq birlik qəbul eləyib. İndi bizim əsas hədəflərimizdən biri odur ki, beynəlxalq birlik bu yeni reallıqları qəbul etsin. Bax, bu yeni reallıqlar fonunda Rusiya Dövlət Dumasında hakim Vahid Rusiya Partiyasının təmsilçisi Vitali Milonovun əvvəllər olduğu kimi yenə də, yəni reallıqlar ortada olduğu bir vaxtda da Qarabağa səfər etməsi ilk növbədə beynəlxalq hüquqa həqarətli davranışdır. Milonov o əraziyə səfər edir ki, ora Rusiya sülhməramlılarının nəzarəti altındadır və orada separatçı rejimin tör-töküntüləri hələ də mövcuddur. Deməli, Milonovun oraya səfəri eyni zamanda Rusiyanın sülhməramlı missiyasının üzərinə götürdüyü öhdəliklərə hörmətsizlikdir. Bu addımı o şəxs atır ki, Rusiyanın hakim partiyasının deputatıdır. Bu partiyanı sədri keçmiş Rusiya prezidenti Medvedyevdir. Medvedyev Rusiya prezidenti Vladimir Putinin ən yaxın silahdaşlarından biridir. Bütün bunlara görə də Yeni Azərbaycan Partiyası və onun rəhbərliyi məhz Dmitri Medvedyevə məktub göndərib və etirazını bildirib. Vahid Rusiya Partiyasının rəhbərinə xatırladılıb ki, deputatınız tərəfindən belə addımın atılması Azərbaycanın daxili işlərinə müdaxilədir, çox ciddi hüquq pozuntusudur və Rusiya-Azərbaycan münasibətlərinin bu gününə də, gələcəyinə kölgə salan hadisədir. Azərbaycan tərəfinin müraciətində Milonovla bağlı addımların atılması məsələsi öz əksini tapıb. Həmin deputat dərk etməlidir ki, o, ermənipərəstliyi ucbatından, şəxsi maraqlarına görə bu gün rəsmi Bakı ilə Moskvanın münasibətlərinə ciddi xələl gətirir.
Biz gözləyirik ki, Vahid Rusiya Partiyasının rəhbərliyi müraciətlərimizə reaksiya verəcək və Milonovla bağlı addım atılacaq. Biz buna inanırıq”. Deputat qeyd etdi ki, müraciətdən hələ az müddət keçib. Ona görə də indidən “müraciətə reaksiya verilmədi” rəyinə gəlmək tezdir: “İnanırıq ki, reaksiya olacaq. Əgər belə bir addım atılmasa, bu, mənfi presedent yaratmış olar. Belə olduğu halda sabah başqa bir ”milonovlar" da analoji addım ata bilərlər. O zaman isə münasibətlərimizə ciddi mənfi təsirləri qaçılmaz olacaq. Ona görə də Vitali Milonov kimilərinə təmsil olunduğu partiyanın rəhbərliyi reallığı başa salmalıdır və tədbir görməlidir. Partiyanın rəhbərliyi bunu etsə, əslində bu, Azərbaycan tərəfinin müraciətinə müsbət cavab kimi qəbul olunacaq. Azərbaycan dövlətinin Rusiyaya münasibətdə dost yanaşması var. Biz mehriban qonşularıq, bizi tarix birləşdirir. Milonov kimi ermənipərəst deputatların münasibətlərimizə zərər vurmasına Vahid Rusiya Partiyası imkan verməməlidir. Biz yaxın zamanlarda Vahid Rusiya Partiyası rəhbərliyi tərəfindən müraciətlərimizə adekvat reaksiyanın veriləcəyini gözləyirik".
Müstəqil siyasi analitiklər isə hesab edir ki, Dmitri Medvedyev partiya lideri kimi bircə dəfə partiyasının üzvünə desə ki, “daha Qarabağa getmə, bu, Rusiya-Azərbaycan münasibətlərinə mənfi təsir edir”, bu halda Viltali Milonov təxribatdan çəkinər, mandatını itirmək təhlükəsinə görə riskə getməz. Yox, əgər Milonov növbəti dəfə də Qarabağa qanunsuz gələrsə, bu o demək olacaq ki, Dmitri Medvedyev Azərbaycanın etiraz məktubuna etinasız yanaşıb və bununla da qanunsuz səfərlərə bilərəkdən şərait yaradılır.