Həkimlərin gecikən maaşı nə vaxt veriləcək? - Etirazlara dövlət qurumundan CAVAB
9-09-2020, 16:20
300

Həkimlərin gecikən maaşı nə vaxt veriləcək? - Etirazlara dövlət qurumundan CAVAB

Xəbər verdiyimiz kimi, Nazirlər Kabineti “Yeni növ koronavirus (COVID-19) infeksiyası ilə mübarizə tədbirlərində iştirak edən tibb işçilərinin əməkhaqlarına müddətli əlavənin müəyyən edilməsi barədə” qərar verib.

Lakin son 2 ayda həkimlərin bir qisminin maaşları gecikib və onlar mövcud vəziyyətdən narazıdırlar. Artıq uzun müddətdir həkimlərin maaşı gecikir, ödənilmir.

Maraqlıdır, bunun səbəbi nədir? Pandemiya dövründə həkimlərin maaşı necə tənzimlənib? Nə zaman onların maaşları vaxtlı-vaxtında ödəniləcək?

Mövzu ilə bağlı sualımız İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin ictimaiyyətlə əlaqələr departamenti tərəfindən cavablandırılıb.

Həmin açıqlamanı təqdim edirik:

“2020-ci il 18 avqust tarixində Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən iyul, avqust və sentyabr aylarında da yeni növ koronavirus (COVID-19) infeksiyası ilə mübarizə tədbirlərində iştirak edən tibb işçilərinin əməkhaqlarına müddətli əlavənin ödənilməsi barədə qərar verilmişdir. Müddətli əlavənin ödənilməsi ilə bağlı bundan əvvəl verilən müvafiq qərarlar isə mart, aprel, may və iyun aylarını əhatə edirdi.

Nazirlər Kabinetinin 2020-ci il 18 avqust tarixli Qərarına əsasən, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi (Agentlik) tərəfindən iyul ayı üzrə 15200 nəfər tibb və qeyri-tibb işçisinə iş vaxtına mütənasib olaraq ümumilikdə 19.1 milyon manat məbləğində müddətli əlavə ödənilib. Hazırda iyul ayı üzrə müddətli əlavələrin ödənilməsi prosesi davam edir. İyul ayı üzrə ödənişlər başa çatdıqdan sonra isə dövlət tibb müəssisələri tərəfindən göndərilən siyahılara uyğun olaraq avqust ayı üzrə də ödənişlərə başlanılacaq.

Qeyd edək ki, dövlət tibb müəssisələri Nazirlər Kabinetinin 25 mart 2020-ci il tarixli 112 nömrəli Qərarına uyğun olaraq, COVID-19 infeksiyası ilə əlaqəli əmək şəraitinə görə çalışan tibb işçilərinin siyahılarını Agentliyə təqdim etdikdən sonra Agentlik 3 iş günü ərzində müddətli əlavələrin ödənilməsini təmin edir.

Məlumat üçün bildirək ki, Azərbaycan Respublikası Prezidentinin 18 mart 2020-ci il tarixli 1947 nömrəli Sərəncamına və Nazirlər Kabinetinin müvafiq Qərarına uyğun olaraq Agentlik tərəfindən yeni növ koronavirus infeksiyası ilə mübarizə tədbirlərində iştirak edən tibb və qeyri-tibb işçilərinə mart, aprel, may və iyun ayları üzrə iş vaxtına mütənasib olaraq ümumilikdə 58.3 milyon manat məbləğində müddətli əlavə ödənilib. Belə ki, mart ayı üzrə infeksiya ilə mübarizə tədbirlərində iştirak edən 24 388 nəfər tibb və qeyri-tibb işçisinə iş vaxtına mütənasib olaraq 11.7 milyon manat, aprel ayı üzrə infeksiya ilə mübarizə tədbirlərində iştirak edən 13 245 nəfər tibb və qeyri-tibb işçisinə iş vaxtına mütənasib olaraq 14.1 milyon manat, may ayı üzrə infeksiya ilə mübarizə tədbirlərində iştirak edən 11 638 nəfər tibb və qeyri-tibb işçisinə iş vaxtına mütənasib olaraq 14.3 milyon manat, iyun ayı üzrə isə 14 784 nəfər tibb və qeyri-tibb işçisinə iş vaxtına mütənasib olaraq 18.2 milyon manat məbləğində müddətli əlavə ödənilib.

Oxşar xəbərlər