Ekspertlərdən İlham Əliyevin Ukrayna səfərinə dair şərhlər
17-01-2022, 10:35
161

Ekspertlərdən İlham Əliyevin Ukrayna səfərinə dair şərhlər

Yanvarın 14-də Azərbaycan Prezidenti İlham Əliyev ukraynalı həmkarı Vladimir Zelenskinin dəvəti ilə Ukraynaya işgüzar səfərə gedib. Hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı Kiyevin Borispol Beynəlxalq Hava Limanında Azərbaycan Prezidentinin şərəfinə fəxri qarovul dəstəsi düzülüb.
Dövlət başçısını Ukrayna xarici işlər nazirinin birinci müavini Əminə Caparova və digər rəsmi şəxslər qarşılayıblar. Daha sonra Zelenski öz azərbaycanlı həmkarını qarşılayıb. Prezidentlər birgə foto çəkdiriblər. Azərbaycan nümayəndə heyəti Zelenskiyə, Ukrayna nümayəndə heyəti isə Azərbaycan Prezidentinə təqdim edilib. Ardınca ölkə başçıları arasında təkbətək görüş keçirilib.
Ekspertlər bu səfərin hər iki ölkə adına çox müsbət nəticələr verəcəyini qeyd edirlər. Xüsusilə, dövlət başçısının Kiyevə gedişinin Ukrayna-Rusiya münasibətlərində gərginliyin pik həddə çatdığı bir dönəmə təsadüf etməsinin səfərin çəkisini daha da artırdığı qeyd olunur.
Onu da xatırlatmağı borc bilirik ki, Azərbaycan və Ukrayna GUAM çərçivəsində də əməkdaşlıq edirlər. Bu nüansın da İlham Əliyevin Ukrayna səfərinə təsirsiz ötüşməyəcəyi, əməkdaşlıq istiqamətində yeni qərarların qəbul olunacağı istisna edilmir.
“Azərbaycan Prezidenti İlham Əliyevin Ukraynaya işgüzar səfərinin böyük siyasi və diplomatik əhəmiyyəti var. Bu səfər dövlətlərimiz arasında strateji əlaqələri yeni səviyyəyə qaldıracaq”.
Bu fikri AZƏRTAC-a açıqlamasında Avropa Şurası Parlament Assambleyasının vitse-prezidenti, Ukrayna Ali Radasının Xarici siyasət və parlamentlərarası əməkdaşlıq komitəsinin sədri Oleksandr Merejko söyləyib. O bildirib ki, Prezident İlham Əliyevin Ukraynanın çətin dönəmində səfəri yüksək təqdirəlayiqdir.

Oleksandr Merejko
“Azərbaycan Prezidentinin səfəri Ukraynaya güclü dəstəyin təzahürüdür. Prezident İlham Əliyev Azərbaycanın beynəlxalq aləmdə inkişafı üçün düzgün strateji kurs seçib. Onun xarici siyasəti sayəsində Azərbaycan öz suverenliyini, müstəqilliyini qoruyub saxlayıb, ərazi bütövlüyünü bərpa edib. Fikrimcə, Azərbaycanın xarici siyasəti region dövlətləri üçün nümunə ola bilər və bütövlükdə regionun təhlükəsizliyinin möhkəmlənməsinə töhfə verə bilər”, - deyə AŞPA-nın vitse-prezidenti vurğulayıb.
“Azərbaycan-Ukrayna münasibətləri hər zaman yüksək səviyyədə olub”.
APA-nın məlumatına görə, bu sözləri Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin İdarə Heyətinin sədri Fərid Şəfiyev Azərbaycan Prezidenti İlham Əliyevin Ukraynaya səfəri ilə bağlı bildirib. “Azərbaycanın Prezidentinin Ukraynaya səfəri sübut edir ki, Azərbaycana heç kim heç nə diktə edə bilməz”, - o vurğulayıb.
Elman Nəsirov: “Erməni əsgəri daha əyilə-əyilə gəzmir, indi iməkləyir” »  Sfera.az Azərbaycanda özəl xəbərlər, araşdırmalar, təhlillər və  müsahibələrin tək ünvanı
 Elman Nəsirov
YAP funksioneri, Azərbaycan-Ukrayna parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvü Elman Nəsirov “Yeni Müsavat”a bildirdi ki, Azərbaycan Prezidenti İlham Əliyevin Ukraynaya səfəri ikitərəfli münasibətlərimizin inkişafı nöqteyi-nəzərindən olduqca əhəmiyyətlidir: “Bu səfər çərçivəsində heç şübhəsiz ki, Azərbaycan-Ukrayna münasibətlərinin geniş spektrinə aid məsələlər müzakirə ediləcək. Nəzərə alsaq ki, Azərbaycan və Ukrayna GUAM təşkilatı çərçivəsində də tərəfdaşdırlar. Deməli bu səfər təkcə ikitərəfli münasibətlər nöqteyi-nəzərindən deyil, həm də çoxtərəfli münasibətlər nöqteyi-nəzərindən olduqca böyük maraq doğurur və çox əhəmiyyətlidir. Onu da nəzərə alsaq ki, Azərbaycan Prezidentinin Ukraynaya səfəri Rusiya-Ukrayna arasında yaranmış gərginliyin pik dövrünə təsadüf edir. Bu nöqteyi-nəzərdən də səfərə qiymət vermək lazımdır. Məsələnin özəlliyi ondadır ki, Azərbaycan Rusiya ilə strateji tərəfdaşlıq münasibətindədir, yüksək səviyyəli dialoq mühiti var, iqtisadi əlaqələrimiz dinamik inkişaf tempinə malikdir. Fundamental məsələlərdə hər iki tərəfin mövqeyi tam şəkildə üst-üstə düşür. Eyni zamanda, Azərbaycan-Ukrayna münasibətləri də öz xarakteriskasına görə strateji məzmun kəsb edir. Hər iki ölkə arasında münasibətlər ənənəvi olaraq yaxşı səviyyəsi ilə xarakter olunub. Qarışıqlı səfər baxımından da bu yaddaqalandır”.
Deputat hər zaman Azərbaycan-Ukrayna münasibətlərinin yüksək səviyyədə olduğunu bildirdi: “Elə bir məsələ yoxdur ki, həmin məsələlərdə Azərbaycan-Ukrayna münasibətlərində ziddiyyətli məqamlar olsun. Anlaşılmazlıq mühitindən söhbət gedə bilməz. Hesab edirəm ki, Azərbaycan Prezidentinin yeritdiyi uğurlu, müstəqil, milli mənafeyə söykənən, tərəfdaşlarının maraqlarını nəzərə alan siyasəti nəticə etibarı ilə Rusiya-Ukrayna münasibətlərində də gərginliyin aradan qaldırılmasına xidmət edə bilər. Bu baxımdan Azərbaycanın unikal təcrübəsi var. Vaxtı ilə Rusiya və Türkiyə arasında yaranmış gərginliyin də aradan qaldırılmasında Azərbaycan prezidenti İlham Əliyevin rolu kifayət qədər böyük olub. Bunu həm Rusiyada, həm də qardaş ölkədə çox yaxşı bilirlər. Hesab edirəm ki, Azərbaycan dövlətinin həm Ukrayna, həm də Rusiya ilə yüksək səviyyədə olan münasibətləri nəticə etibarı ilə bu iki ölkə arasında formalaşmış olduqca gərgin proseslərin həllinə töhfə verə bilər.
Təbii ki, bu səfər çərçivəsində iqtisadi, ticarət əlaqələrinin daha da genişləndirilməsi, humanitar sahələrdə əlaqələrin davam etdirilməsi və eləcə də enerji məsələlərinin diqqətdə saxlanılması istisna deyil. Pandemiyaya qarşı mübarizə məsələsi də böyük ehtimalla xüsusi olaraq diqqət mərkəzində saxlanılacaq. Ukrayna üçün olduqca əhəmiyyətlidir ki, Azərbaycan pandemiyaya qarşı mübarizəyə milli, beynəlxalq səviyyədə töhfə verən bir ölkədir. Bu baxımdan ölkəmizin təcrübəsi Ukrayna üçün olduqca əhəmiyyətlidir. Düşünürəm ki, səfər çərçivəsində təhlükəsizlik məsələsi də ciddi müzakirə mövzusu olacaq. Əslində Silahlı Qüvvələrin Ali Baş Komandanı, cənab İlham Əliyevin rəhbərliyi altında yenilməz Azərbaycan Ordusunun Vətən müharibəsində qazandığı tarixi qələbə, onu şərtləndirən və sonunda qazanılan nəticə Ukraynada çox diqqətlə izlənilir, araşdırılır, tədqiq olunur. Hesab edirəm ki, bu parametrlər nöqteyi-nəzərindən Azərbaycan prezidentinin səfəri Ukraynada çox böyük ruh yüksəkliyi ilə qeyd olunmaqdadır. Bu səfər Azərbaycan-Ukrayna münasibətlərinin bundan sonrakı inkişafı üçün öz töhfələrini verəcək. Regional təhlükəsizlik baxımından da bu səfər böyük əhəmiyyətə malikdir".

Oxşar xəbərlər