Süni qiymət artımına qarşı hansı tədbirlər görülməlidir?
19-01-2022, 17:13
153

Süni qiymət artımına qarşı hansı tədbirlər görülməlidir?

Xəbər verdiyimiz kimi, ötən gün Baş nazir Əli Əsədovun sədrliyi ilə ölkədə ərzaq təhlükəsizliyi, qiymət artımı və qarşıda duran vəzifələrə həsr olunmuş müşavirə keçirilib. İclasda qeyd olunub ki, haqsız rəqabət, bazar sövdələşməsi, qiymətlərin süni artırılması hallarında dövlət qurumları inzibati rıçaqlardan istifadə etməklə möhtəkirlik hallarının qarşısını qətiyyətlə almalı, istehlak bazarına antiinhisar nəzarəti gücləndirilməlidir.
Bununla bağlı deputat Vahid Əhmədov açıqlamasında bildirib ki, hazırda obyektiv qiymət artımı ilə yanaşı, süni qiymət artımı da var. Onun sözlərinə görə, əsas odur ki, süni qiymət artımına imkan verilməsin, bunun qarşısı alınsın. 
"Unun qiymətinin bahalaşması ilə əlaqədar bəzi möhtəkirlər bundan istifadə edib qiymətləri artırırlar. Hansı ki, həmin məhsulun un və un məhsullarının qiymətinə aidiyyəti yoxdur. Bunların qarşısını almaq üçün İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti var. Onlar da hazırda nəzarət tədbirlərini artırıblar".
Qeyd edək ki,  Baş nazir Əli Əsədovun sədrliyi ilə keçirilən müşavirədə aidiyyəti dövlət qurumlarına qısa müddət ərzində “Antiinflyasiya tədbirlərinin gücləndirilməsi haqqında” Tədbirlər Planı barədə təkliflərini Hökumətə təqdim etmələri tapşırılıb.

Oxşar xəbərlər