Böyük Qayıdış: Zəngilana ilk köç nə vaxt başlayacaq?
27-01-2022, 12:43
1 937

Böyük Qayıdış: Zəngilana ilk köç nə vaxt başlayacaq?

Zəngilan rayonunun Ağalı kəndində ilk "Ağıllı kənd"in inşası yekunlaşıb.
Bunu kənd təsərrüfatı nazirinin müavini İlhamə Qədimova Bakıda keçirilən "Qarabağ və Şərqi Zəngəzurun iqtisadi inkişafında qadın sahibkarlığın rolu" mövzusundakı konfransda bildirib.
"Hazırda Füzuli rayonunun Dövlətyarlı kəndində 2-ci "Ağıllı kənd"in inşasına hazırlıq görülür", - o qeyd edib.
Maraqlıdır, Zəngilana ilk köç nə vaxt başlayacaq?
Milli Məclisin deputatı Elman Nəsirov açıqlamasında bildirib ki, Zəngilana Böyük Qayıdış yaxın zamanlarda başlayacaq:

“Parlamentdə işğaldan azad olunmuş ərazilərin bərpası və yenidən qurulması ilə bağlı çox mühüm bir sənədin müzakirəsi gözlənilir. Həmin sənədin qəbul edilməsi öz mahiyyəti etibarilə tarixi əhəmiyyət daşıyır.
Məlum olduğu kimi, Prezident İlham Əliyev dövlətimizin qarşısında strateji vəzifə kimi məhz işğaldan azad olunan torpaqların sürətlə bərpa edilməsi vəzifəsini qoyub. Qarabağın cənnətə çevrilməsi strateji hədəf kimi müəyyən edilib. Bu istiqamətdə çox mühüm infrastruktur layihələr həyata keçirilir. Bu layihələrin içərisində yaşayış məntəqələrin bərpası nöqteyi-nəzərindən Zəngilanın 1-ci, 2-ci, 3-cü Ağalı kəndlərində həyata keçirilən quruculuq işləri diqqətə layiqdir.
Artıq birinci “Ağıllı kənd”in inşası başa çatıb və prinsip etibarilə oraya köçün həyata keçirilməsi üçün bütün infrastruktur imkanlar yaradılıb. İndi ikinci kəndlə də bağlı işlər eyni templə həyata keçirilməkdədir. Bu o deməkdir ki, işğaldan azad edilmiş ərazilərə əhalinin köçürülməsi artıq röya və ya yuxu deyil. İndi bu, gerçəklikdir və yaxın zamanlarda bunun baş verməsi reallaşacaq”.
Deputat qeyd edib ki, 8 ay ərzində Füzuli Beynəlxalq Hava Limanının işə salınması simvolik bir məna da daşıyırdı:
“Yəni Qarabağa qayıdış artıq reallaşır. Artıq Zəngilan rayonunda kəndlərin tikilməsi onun göstəricisidir ki, bu proses sürətlə gedəcək.
Burada bizim qarşımızdakı yeganə maneə həmin ərazilərin minalardan təmizlənməsi ilə bağlı məsələlərdir. Bu isə müəyyən zaman alır. Bu, problem də həllini tapdıqdan sonra yenidənqurma işlərinin, infrastraktur obyektlərinin yaradılması, şəhərlərin, kənd və qəsəbələrin tikilib, başa çatdırılması çox böyük sürətlə gedəcək. Bunun üçün siyasi iradə, iqtisadi imkanları, maliyyə resursları və tərəfdaşlarımız var. Belə olan təqdirdə, qarşımıza qoyulan vəzifəni də şərəflə yerinə yetirəcəyik”.

Oxşar xəbərlər