Koronaviris əleyhinə ilk peyvənd -“Sputnik V”nin Moskva sakinlərinə vurulmasına başlanılıb
10-09-2020, 15:07
400

Koronaviris əleyhinə ilk peyvənd -“Sputnik V”nin Moskva sakinlərinə vurulmasına başlanılıb

Moskva sakinlərinin koronavirus əleyhinə peyvənd edilməsinə başlanılıb. Şimal qonşumuzda “COVİD-19” əleyhinə peyvənd olunma ilkin olaraq 40 min paytaxt sakini üçün nəzərdə tutulub.

APA-nın Rusiya üzrə xüsusi müxbiri Moskvanın koronavirus əleyhinə peyvənd olunma prosesinin aparıldığı klinikalarının birində səkkiz aydan çoxdur ki, dünyanı bürüyən koronavirus bəlasından xilas olmağa zəmanət verən Rusiyanın “Sputnik V” adlandırılan peyvəndi ilə tanış olub.

Rusiyada yeni növ koronavirus əleyhinə peyvəndin qeydiyyatdan keçirilməsindən sonra ilk dəfə Moskva əhalisinin peyvənd olunmasına başlanılıb. Artıq ilk könüllülər tibb müəssisələrində koronavirus infeksiyasına qarşı peyvənd olunublar.

“İlk könüllülər koronavirusla mübarizə aparan həkimlərdir”

Müşahidə apardığımız şəhər kilinik xəstəxanasında uzun müddətdir ki, koronaviruslu xəstələrlə mübarizə aparan həkimlərin”COVİD 19”a qarşı peyvənd olunduğunun şahidi olduq. Peyvənd olunma prosesini əvvəldən axıradək müşahidə etdik.

Altı aydır ki, COVİD mərkəzi kimi fəaliyyət göstərən Moskvanın 2 saylı infeksion klinik xəstəxanasının baş həkimi Svetlana Krasnova koronavirus əleyhinə peyvənd olunurdu. İlkin olaraq onun təzyiqi və temperaturu ölçülür. Daha sonra isə soyuducudan çıxarılan COVİD əleyhinə peyvəndin birinci komponenti 7-15 dəqiqə gözlədildikdən sonra pasiyentə vurulur. Peyvəndi vuran tibb bacısı onun təsirləri və əks-təsirləri barədə ətraflı məlumat verir.

Peyvəndi vuran tibb bacısı qeyd edir ki, peyvənd vurulandan sonra ilk üç gün hərarətin qalxması mümkündür: “37-38 dərəcə temperatur müşahidə olunur. Lakin sonra hərarət düşür”.

Peyvənd olunan Svetlana Krasnova özünü yaxşı hiss etdiyini bildirir: “Bu gün mənə “COVİD-19” əleyhinə peyvəndin birinci dozası vuruldu. Hazırda özümü çox yaxşı hiss edirəm. Mən 6 aydır ki, koronavirusla mübarizə aparan stasionar xəstəxanaya rəhbərlik edirəm. Bu bəlanın nəyə qadir olduğunu, insanların sağlamlığına, hətta həyatına son qoyduğunu bilirəm. Ona görə də özümə borc bildim ki, bu peyvəndin kilinik tədqiqatında iştirak edim. Burada qorxulu bir şey yoxdur. Peyvənd çox nüfuzlu bir institut tərəfindən hazırlanıb. “Sputnik V” ilk peyvənd deyil. Bu platformada əvvəllər də peyvəndlər hazırlanıb. Peyvəndin tərkibində koronavirus yoxdur. Peyvənd olunan insan heç vaxt koronavirusa yoluxa bilməz”.

Moskvanın koronaviruslu xəstələrin sayına görə Kommunarka qəsəbəsində yerləşən 40 saylı xəstəxanadan sonra ikinci yerdə yerdə qərarlaşan 67 saylı Şəhər Klinik Xəstəxanasının baş həkimi Andrey Şkodı da “COVİD-19” əleyhinə peyvənd olunduğunu bildirib: ”Mənim rəhbərlik etdiyim xəstəxanada indiyə kimi 5 min nəfər koronavirusdan sağalıb. Bu virusa qalib gəlmək üçün peyvəndin yaranması şərt idi. “COVİD-19” əleyhinə peyvənd olunan bir həkim kimi sizə deyə bilərəm ki, peyvəndin heç bir yan təsirini özümdə hiss etmədim. Adətən peyvənddən sonra hərarətin qalxması müşahidə olunur. Məndə bu da hiss olunmadı”.

“İlkin mərhələdə 40 min Moskva sakini koronavirusa qarşı peyvənd olunacaq”

Yeni növ koronavirus əleyhinə peyvənd olunma iki mərhələdə həyata keçirilir. İlk öncə könüllüyə peyvəndin birinci komponenti, 21 gündən sonra isə ikinci komponenti vurulur. Birinci və ikinci doza peyvəndlər bir-birindən tərkibindəki aktiv maddələrə görə fərqlənirlər. Bu cür sxem orqanizmin immun müdafiəsinin gücləndirilməsi üçün vacibdir.

Moskva hökuməti və Rusiya Səhiyyə Nazirliyinin Hamaley adına Milli Tədqiqatlar Mərkəzi paytaxt sakinlərini “COVİD-19” virusuna qarşı peyvəndin qeydiyyat sonrası klinik tədqiqatında iştirak etməyə dəvət edir. Birinci mərhələdə 40 min nəfərin peyvənd olunması nəzərdə tutulur. Klinik Tədqiqatda iştirak isə tamamilə pulsuzdur.

“Hamilə qadınlar, valideyn olmağı planlaşdıran qadın və kişilərin COVİD-19 əleyhinə peyvənd olunmasına icazə verilmir”

Koronavirus əleyhinə peyvəndin qeydiyyat sonrası klinik tədqiqatında yetkinlik yaşına çatan, tibbi sığortası olan, son iki həftədə qrip və kəskin respirator virus infeksiyasına yoluxmayan Rusiya vətəndaşları iştirak edə bilərlər. Peyvənd olunmaq istəyən qadınların isə mütləq mənfi hamiləlik testi olmalıdır. Qadın və kişilərə “COVİD-19” əleyhinə peyvənd olunmağa bir halda icazə verilir ki, peyvənd olunduqdan sonra ilk üç ay müddətində uşaq planlaşdırmasınlar. Yeni növ koronavirs əleyhinə peyvəndin klinik tədqiqatında iştirak etmək istəyən Moskva sakinləri mos.ru portalına müraciət etməlidirlər.

Oxşar xəbərlər